Dağlar, hey
Görünüş
Dağlar, hey Müəllif: Məxtumqulu Fəraqi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Qismət olmaz gedəm uzaq yollara
Nəsib qoymaz, gedər yolum bağlar, hey!
Heyran, Məcnun olub çıxam çöllərə
Varım məskən tutam sizi, dağlar, hey!
Oyun ilə oğlanlığın deminən,
Ötüb gəldim kamilliyin çəmindən,
Könlüm lərzan oldu dünya qəmindən,
Tutdu sinəm çarpaz-çarpaz dağlar, hey!
Qayıda-qayıda oğlanlığın rayından,
Yetim gəldim kamilliyin payından,
Batdı başım, çıxa bilsəm layından,
Yada düşər önki keçən çağlar, hey!
Cahillikdə çar (çahar) tərəfə atışan,
Bilməzlikdə hər işlərə qatışan,
Aciz qalıb qocalığa yetişən,
Dərd edinib öz-özündən ağlar, hey!
Məni anla Məxtümqulun sözündən,
Fikrə düşər, qan yaş axar gözündən,
Hər bir zatlar təğyir tapar özündən,
Ya Rəbb, Yıxılmazmı böyük dağlar, hey!