Dağlar (Aşıq Ələsgər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dağlar
Müəllif: Aşıq Ələsgər
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.

Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən aralı dağlar
      
Xəstə üçün təpəsində qar olur
Hər cür çiçək açır laləzar olur
Çeşməsindən abi-həyat car olur
Dağıdır möhnəti məlalı dağlar

Yazın bir ayıdı çox yaxşı çağın
Kəsilməz çeşməndən gözəl yığnağın
Axtarma motalın yağın qaymağın
Zənbur çiçəyindən bal alı dağlar!

Yayın əvvəlində dönürsən xana
Son ayda bənzərsən yetkin bostana
Payızın zəhməri qoyar virana
Dağıdar üstündən cəlalı dağlar.

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar.