Məzmuna keç

Dağlar (Xəstə Bayraməli)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dağlar
Müəllif: Xəstə Bayraməli
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018

Bahar fəsli əskilməyir
Güneylərdən lala, dağlar.
Kaş ki, elə bu gözəllik
Səndə hər vaxt qala, dağlar.
 
Dərələrdən keçəm bir-bir,
Gəzəm, söhbət açam bir-bir,
Çeşmələrdən içəm bir-bir,
Əlimdə piyalə, dağlar.
 
Yenə nə müddətdən bəri
Dolandıqca bu yerləri,
Ürək istər, Ələsgəri
Səndən xəbər ala, dağlar.
 
Kəsmə könlümdən gümanı,
Qurbanın, Nəcəfin hanı!?
Vətəndən Novrəs İmanı
Təkmi saldın yola, dağlar!?

Bayraməli deyər gerçək,
Bir dərmandı hər cür çiçək.
Vəfan varsa, gəl əncam çək
Bu pərişan hala, dağlar.