Dağlar (qoşma, Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dağlar (qoşma, Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Başının dolağı buz qatlarıdı,
Ətəyin behiştdən gözəldi, dağlar.
Atıbsan üstündən qarı, çovğunu,
El deyir əhdinə düzəldi dağlar.
Neçə Süleymanlar yola salıbsan,
Neçə zəmanəyə külüng çalıbsan.
Özün gör necə də cavan qalıbsan,
Kim deyər, hər şeydən əzəldi dağlar.
Səf-səf olub düzülübsən yanbayan,
Gör necə nizamlı hörüb Yaradan.
Məmmədhüseyn olub qurğuna heyran,
Açdığın büsata mətəldi, dağlar.