Dağlar (qoşma, Ağdabanlı Qurban)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dağlar (qoşma, Ağdabanlı Qurban) Müəllif: Ağdabanlı Qurban |
Əzəl xilqətimiz torpaqdan, sudan,
Sən bizə atasan, anasan, dağlar.
Pərvəriş verirsən mədhi-zəmində,
Gah da məhv edirsən, fənasan, dağlar.
Çətindi sağalam - çoxdu azarım,
Mətahım dürr mətah - yoxdu bazarım.
Düşə, ya düşməyə bir də güzarım,
Səfərdi, salamat qalasan, dağlar.
İnsaf, mürvət qalıb ixtiyarına,
İman, ilqar bağla etibarına.
Həsrət gözüm baxar bürcü-barına,
Qüdrətdən yapılmış qalasan, dağlar.
Mən gedirəm, səndə qaldı nişanam,
Qarışıb əhvalım, çox pərişanam.
Bir kəsə söyləyib, nə danışanam,
Sən bilib əhvalım qanasan, dağlar.
Baxıb seyrəngaha, qan ağlar gözüm,
Bu qədər fərağa mən necə dözüm?
Budur iltimasım, müxtəsər sözüm:
Qurbanı gah yada salasan, dağlar.