Məzmuna keç

Dağlar qoynunda, qoynunda

Vikimənbə saytından
Dağlar qoynunda, qoynunda
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Məni binadan bəslədi,
Dağlar qoynunda, qoynunda.
TüIək tərlanlar səslədi
Dağlar qoynunda, qoynunda.

Dolanda igid yaşıma,
Yağı çıxdı savaşıma,
Dəlilər gəldi başıma
Dağlar qoynunda, qoynunda.

Səfər elədim hər yana,
Şahları gətirdim cana,
Qıratım gəldi cövlana
Dağlar qoynunda, qoynunda.

Kəsdim yollar, vurdum Karvan,
Çəkib soydum çox bəzirgan,
Düşmanlara uddurdum qan
Dağlar qoynunda, qoynunda.

Əsir çəkdim Çənlibelə,
Qoç Koroğlu düşdü dilə,
Xan Eyvaz mənimlə belə
Dağlar qoynunda, qoynunda.