Məzmuna keç

Daş qız əfsanəsi

Vikimənbə saytından
Rəvayətlər. Daş qız əfsanəsi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Zalım bir atanın ağıllı-kamallı bir qızı var imiş. Kişi qızını döyüb incidirmiş. Qız bilmirmiş ki, atasının əlindən hara qaçsın. Bir gün kişi qızını bulaqdan su gətirməyə göndərir. Qız səhəngi götürüb bulağa yollanır, geri qayıdanda yıxılır. Səhəng əlindən çıxıb dığırlanır, su yerə tökülür. Qız səhəngi çiyninə alıb yenə bulağa qaçır. Tələsik doldurub geri dönəndə görür ki, atası səbir etməyib başılovlu bulağa gəlir. Qız qorxusundan yerində quruyur, ayaqları yerimir, üzünü göylərə tutub aman istəyir: “İlahi, belə yaşamaqdansa məni döndərib daş elə”. Sözü tamam olan kimi qız səhəng çiynində dönüb daş olur. Hamı o vaxtdan bu yerə Daş qız deyir.

Mənbə

[redaktə]