Məzmuna keç

Daşkənd kəndi ilə bağlı araşdırma

Vikimənbə saytından
Daşkənd kəndi ilə bağlı araşdırma (2012)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012. səh.19-22

Göyçə gölünü hər tərəfdən əhatə edən Göyçə mahalı 1948-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı tarixi mahal idi. 1930-cu ildən Göyçənin ərazisi beş inzibati rayona bölünmüşdü. Bu rayonlardan ən böyüyü Basarkeçər rayonu idi. Bu yazımızda rayonun ən qədim tarixə malik kəndlərindən olan Daşkənd kəndinin tarixinə qısa bir nəzər yetirəcəyik.
Qədim oğuz-türk oymağı olan Daşkənd kəndi Yuxarı Şorca, Aşağı Şorca, Sarıyaqub, Qayabaşı, Qoşabulaq, Basarkeçər, Qırxbulaq kəndlərinin əhatəsində yerləşmişdi. Ərazisinə görə Basarkeçər rayonunun azərbaycanlılar yaşayan kəndlərindən ən böyüyü olmuşdur.
Dəniz səviyyəsindən 2600 m yüksəklikdə yerləşən Daşkənd kəndinin dünyanın siyasi xəritəsində coğrafi mövqeyi (koordinatı) belədir: uzunluq dairəsi – 40007'35"N, en dairəsi – 45047'28"E.
Araşdırmalarımız zamanı Daşkənd kəndinin tarixi haqqında bir neçə kitabda aşağıdakı məlumatlara rast gəldik.
Əziz Ələkbərli “Qədim Türk-Oğuz yurdu “Ermənistan”” adlı kitabında Basarkeçər rayonunun kənd sovetlikləri haqqında olan bölmədə yazır: “Daşkənd – rayon mərkəzindən 8 km məsafədə yerləşən Daşkənd kəndini və ondan 5 km məsafədəki Aşağı Şorca (Nerkin Şorca), 7 km məsafədəki Yuxarı Şorca (Verin Şorca) kəndlərini birləşdirir.” [1, s.54].
Həbib Rəhimoğlu “Silinməz adlar, sağalmaz yaralar” adlı kitabında göstərir ki: “Daşkənd (1991-ci ildən Hayrik) – Ermənistan SSR Vardenis rayonunda, rayon mərkəzindən 8 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhali heyvandarlıq və əkinçilik sahələrində çalışırdı. Orta məktəbi, klubu, kitabxanası, xəstəxanası var idi. Əhalisi 1831-ci ildə 357, 1897-ci ildə 816, 1905-ci ildə 816, 1914-cü ildə 1389, 1931-ci ildə 1230 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı buradan qovulmuşdur.” [2, s.149].
“Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” kitabında Daşkənd kəndi haqqında yazılır: “Daşkənd – Basarkeçər rayonunda kənd adı. 1590-cı ildən (yazılı mənbələrdə – A.Y.) məlumdur. 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı idi. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Taşkənd kimi qeyd olunmuşdur. Mənbədə kəndin maldarlarının Keyti dağında Tərsa (Tərsə – A.Y.) adlı yurd yerində yayladıqları göstərilir. 1919-cu ildə əhalisi qovulmuşdur. 1922-ci ildə bir hissəsi qayıdıb yenidən məskunlaşmışdır. “Daşlıq (qayalıq) yerdə kənd” mənasındadır.” [3, s.228].
Qərbi Azərbaycanın türk mənşəli toponimlərini tutarlı mənbələrə istinadən araşdıran İbrahim Bayramov Daşkənd kəndi haqqında yazır: “Daşkənd – İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 8 km cənub-şərqdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 357 nəfər, 1873-cü ildə 560 nəfər, 1886-cı ildə 816 nəfər, 1897-ci ildə 1004 nəfər, 1908-ci ildə 816 nəfər, 1914-cü ildə 1389 nəfər, 1916-cı ildə 1054 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin yanvarın 20-23-də azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir. 1919-cu ilin yanvarında burada 80 nəfər erməni yaşamışdır.
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıtmış və kənddə yerləşdirilmiş 80 nəfər erməninin çıxarılmasına nail olmuşlar. 1922-ci ildə burada 882 nəfər, 1926-cı ildə 984 nəfər, 1931-ci ildə 1230 nəfər, 1987-ci ildə 2100 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar yenidən tarixi-etnik torpaqlarından qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Kənddə VI-VII əsrlərə aid oğuz qəbiristanlığı, IX-XII əsrlərə aid alban kilsəsinin xarabalığı vardır. Bu da onu göstərir ki, burada elə tarixən türklər yaşamışdır.
Toponim qədim türk dilində “xarici, kənar”, “uzaq” mənasında işlənən daş və kənd sözlərinin birləşməsindən əmələ gəlib “uzaqda, kənarda yerləşən kənd” deməkdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Hayrk (ata) qoyulmuşdur.” [4, s.260-261].
Salman Vilayətoğlunun “Oğuz Elinin müqəddəs ocağı Göyçə” kitabında yuxarıdakı həmin qırğınlar haqqında bəhs olunur: “1918-ci ildə ermənilər öz mənfur niyyətlərini reallaşdırmaq üçün Göyçədə qətliamlara rəvac verəndə Daşkənd ən çox zərərçəkən yurd yerlərindən biri oldu... Bu tarixi fakt Daşkənd sakinləri Məşədi Qasım Hacı Kərim oğlu və Böyükəli Hacı Mirzə Ələkbər oğlunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 23 yanvar 1919-cu il tarixli ərizələrində tam təfsilatı ilə əks olunub... o zaman Göyçənin şərq və şimal-şərq sahilləri rəsmən Azərbaycan Demokratik Cümhuriyyətinin inzibati ərazisi hesab olunurdu. 1919-cu il aprelin 13-20-də daşnakların Göyçəyə növbəti basqını zamanı 22 kənd dağıdıldı, 15 min əhali Cavanşir qəzasının dağlıq ərazilərinə qaçmaq məcburiyyətində qaldı... Ermənilərin Daşkəndə qarşı budəfəki aqressivliyi isə səbəbsiz deyildi. Aprel qırğınlarından əvvəl daşnaklar ciddi məğlubiyyətlə üzləşmişdilər və Andronikin “sağ əli” sayılan Sulikovun başının kəsilmə mərasimində iştirak edənlərdən birinin daşkəndli Aşıq Nəcəf olduğu barədə şayiələr erməniləri təbdən çıxarmışdı. Əslində isə Aşıq Nəcəf həmin mərasimdə bir el ağsaqqalı kimi iştirak etmişdi... onlar Aşıq Nəcəfi hədəf seçmişdilər və mahalın ən keçərli söz sahibi olan bu nurlu şəxsiyyəti məhv etməkdə israrlı idilər. Məhv etdilər də. Hiylə ilə danışığa dəvət edərək onu da, Səməd ağanı da qətlə yetirdilər. Aprel qırğınlarında artıq Aşıq Nəcəf sağ deyildi, amma bu da daşnakların ürəyini soyutmamışdı. Onlar bu haqq aşığının nəslinin qanına susamışdılar... Kənd əhalisinin yarısı qəfil hücum zamanı qırıldı, təxminən 300 nəfər diri-diri yandırıldı və quyulara doldurularaq üstləri torpaqlandı. 1922-ci ildə kəndə qayıdanların sayı cəmi 882 nəfər, yəni 1916-cı ildəki əhalinin 40 faizi həddində idi ki, bu da Daşkəndin 1919-cu ildə yaşadığı faciənin miqyasını tam mənada təsəvvür etməyə imkan verir...” [5, s.214-215].
1988-ci ilin məlum hadisələri zamanı Daşkənd kəndindən didərgin düşən əhali həmişə o yerlərin həsrəti ilə yaşamışdır. Göyçənin, Daşkəndin adı yaddaşlardan silinmir, unudulmur. Kənd boşaldılandan sonra evini dəyişmək üçün doğma kəndə qayıdan bir neçə nəfərdən biri – Sultan Həsənоvun (1926-cı il təvəllüdlü) kənddə ürəyi dayanmışdır. Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşan Zеynalabdin Əliyеv (1930-cu il təvəllüdlü) isə vətən həsrtətinə dözməyərək özünə qəsd etmişdir. Hər ikisinin məzarı Yeni Daşkənd kəndindədir.
Araşdırmalarımız zamanı açıq ensiklopediya olan vikipediyada ingiliscə aşağıdakı məlumatların qeyd olunduğunu da müəyyən etdik. Mənbədə yazılır: “Ayrk (həmçinin Ayrq, son zamanlara qədər Daşkənd) Ermənistanın Geqarkunik əyalətində bir kənddir. Kənddə 1181-ci ildə tikilmiş S.Astvatsatsin kilsəsi, eləcə də təxminən XIII əsrdə tikilmiş S.Gevorq kilsəsi mövcuddur. Hər iki kilsənin geniş məzarlığı var və onlar arasında Dəmir dövrü istehkamının daş divar qalıqları, aşağı hissədə isə dayaz mağaralar var. 2001-ci ilin məlumatına görə, Daşkənddə cəmi 441 nəfər əhali yaşayır.” [6]. Burada söhbət, təbii ki, Alban kilsələrindən gedir. Bunun erməni tarixinə heç bir aidiyyatı olmasa da, materialdan göründüyü kimi, kəndin tarixi erməniləşdirilmişdir. Onu qeyd edək ki, əhalinin mənbədə göstərilən sayı zənnimizcə, ən azı 5-10 dəfə şişirdilmişdir. Kəndin son illərdəki videoçəkilişindən də bunu aydın görmək mümkündür ki, orada az sayda erməni yaşayır.

Ədəbiyyat:

1. Əziz Ələkbərli. Qədim Türk-Oğuz yurdu “Ermənistan”. Bakı, Sabah, 1994.
2. Həbib Rəhimoğlu. “Silinməz adlar, sağalmaz yaralar”. Bakı, “Azərnəşr”, 1997.
3. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. “Ermənistanda Azərbaycanmənşəli toponimlərin izahlı lüğəti”. Bakı, “Oğuz eli”, 1998.
4. İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, “Elm”, 2002.
5. Salman Vilayətoğlu. “Oğuz Elinin müqəddəs ocağı Göyçə”. Bakı, “TS”, 2006,
6. http.//en.wikipedia.org/wiki/Ayrk (mənbədəki ingiliscə olan qeydləri biz tərcümə etmişik.)