Dad Xanpərinin əlindən
Dad Xanpərinin əlindən Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir kişi vardı. Bunun da bir arvadı vardı, adına Xanpəri deyərdilər.
Bu kişi yarımmolla bir adamdı. Buna da molla deyərdilər. Bir gün
Xəmpərinin getmişdi hamama. İrəmdərin arvadı bunu döyüp qavmışdı,
qoymamışdı yuyuna. Gəldi axşam dedi:
– Əşi, irəmdərriyi öygəndin öygəndin, örgənmədin, səndə oturmayacağam.
Kişi dedi:
– Ay arvad, Allaha bax, tarıya bax. Mən bunnan belə irəmdərrik örgənə billəmmi?
Arvad dedi:
– Xeyr, nə deyirəm, o olacax.
Kişi nə qədər yalvardı, olmadı. Arvad dedi:
– Qırxdı, biri əsgik deyil.
Kişinin əlacı kəsildi, durdu getdi bir irəmdərrik paltarı aldı, gətirdi. Geyindi, çıxdı bazara. Hər kəs soruşurdu, deyirdi ki, irəmdərəm. Bu dəmdə paçcahın xəznəsin yardılar. Bu xəznəni yaran da qırx lotuydu. Gəldilər bu kişini apardılar paçcahın yanına.
Paçcah dedi:
– Sən irəmdərsən?
Kişi dedi:
– Bəli!
Paçcah dedi:
– Bizim xəznəni yarıplar. İrəm at, görək kim yarıp?
Kişi gəldi dedi:
– Arvad, Allah sənin üzünü qara eləsin.
Çıxıb bazara qırx qarpız aldı, gətirdi yığdı yükün altına. Paçcahdan qırx gün möhlət almışdı. Paçcah demişdi ki, qırx günə tapdın-tapdın. Tapmadın, boynunu vırdıracağam.
Axşam olanda bu lotular da bilmişdi ki, buna paçcah tapşırıp ki, xəznəni yaranı tapsın. Dedilər:
– Biriniz gedin çıxın bacadan, baxın görün nə deyir? Heç bir şey bilir, yoxsa yox.
Bu lotuların biri gəldi bacaya çıxdı. Yavaş-yavaş qulaq asırdı. Bu kişi qarpızın birin gətirdi başdadı kəsməyə. Elə pıcağı qarpıza vıranda dedi:
– Arvad, qırxların biri gəldi ha!
Bu lotu o saat düşdü getdi. Bunnan soruşdular ki, nə oldu?
Dedi:
– Vallah, elə mən bacaya çıxan kimi, dedi ki, qırxların biri gəldi ha, arvad.
Səhər açıldı, lotular dedi:
– Bu gecə ikiniz gedin.
Dedilər:
– Yaxşı.
Genə axşam qarannıxladı. Lotunun ikisi durdu, yola düşdü. Gəldilər bacaya çıxanda kişi durdu qarpızın birin də gətirdi, kəsdi. Dedi:
– Arvad, qırxların ikisi gəldi ha...
Bu lotular qayıtdılar getdilər. Bulardan soruşdular, noldu?
Dedilər:
– Vallah, elə bacaya çıxan kimi, dedi ki, arvad, qırxların ikisi gəldi ha...
Bular dedilər indi də üçünüz gedin.
Sabah axşam buların üçü getdilər, çıxdılar bacaya. Kişi durdu qarpızın birin də gətirdi. Dedi:
– Arvad, qırxların üçü gəldi ha...
Bu lotular qayıdıp gəldilər. Lotubaşına dedilər:
– Sən öləsən, elə biz gedip bacıya çıxan kimi dedi ki, arvad, qırxların üçü gəldi ha...
Lotubaşı dedi:
– Dördünüz gedin.
Bu axşam lotuların gördü gəldi. O saat kişi gətirdi bir qarpızı da kəsdi, dedi:
– Arvad, qırxların dördü gəldi ha...
Lotular yavaş-yavaş gəldilər, lotubaşıya dedilər:
– Siz öləsiniz, elə biz çıxan kimi bacaya dedi ki, qırxların dördü gəldi. İndi də beşin göndərdi. Bular gəldilər. Kişi durdu bir qarpız da kəsdi, dedi:
– Arvad, budu, beşi gəldi.
Bular sivişip qaçdılar, gəldilər, dedilər ki, elə biz gedip çatan kimi dedi: budu beşi gəldi qırxların.
Belə-belə otuz doqquzu gəldi hər gecə bu lotuların biri gəlirdi, bu da bir qarpız kəsirdi, deyirdi:
– Arvad budu qırxların filanı gəldi.
Bu lotular gəldilər bunu lotubaşıya xəbər verdilər. Dedi:
– Yaxşı, bu gecə hamımız gedərik, görək bilir, yoxsa bilmir.
Qırxıncı günüydü. Axşam lotuların qırxı da cəmləşib getdilər. Elə bacaya çıxmışdılar ki, o saat kişi durdu qarpızın qırxıcısını gətirdi dedi:
– Arvad, ha qırxı da cəm oldu.
Lotubaşı dedi:
– Gəlin hamımız birdən dolaq içəri, bunun əl-ayağına döşənək. Deyək ki, amanın bir günüdü, bizim adımızı paçcaha vermə ki, paçcah bizim boynumuzu vırdırar.
Bular doluşdular içəri, düşdülər bunın əl-əyağına ki, paçcaha bizim adımızı vermə. Odı xəznədə filan yerdə heç bir qəpiyin də xərcdəməmişik. Paçcaha deyərsən, gedip çıxardar.
Kişi dedi:
– Mən elə o günü bilirdim sizdədi. Özüm demədim, yazığım gəldi sizə.
Səhər paçcah, qırx tamamında, bu kişini çağırtdı. Kişi dedi:
– Paçcah sağ olsun, odu xəznə filan yerdə, filan əvin uçuğunda. Gedin çıxardın, gətirin.
Paçcah adam göndərdi, xəzinəni gətirdilər. Hesab elədilər, gördülər düzdü. Dedilər:
– Ədə, belə bilici irəmdər olmaz!
Paçcahın qızının bir qiymətdi üzüyü vardı, qaşı dedikcən qiymətdi qaşıdı. Laxlayırdı, gətirdilər bunu verdilər zərgara ki, bərkidip versin. Elə bu üzüyü çəkicinən vırdı ki, qaşı çıxartsın. Qaş sıçradı düşdü yerə. Əlin olsun, üzün olsun, daş tapılmadı. Nə qədər əvi axtardılar tapmadılar. Zərgər durdu gəldi bu kişinin yanına ki:
– Saa bir bu qədər pul verrəm, o qaşa bax, görək, hardadı?
Kişi dedi:
– Gedərsən bir qazan şorba bişirtdirərsən. Arxan qatda yatarsan qaşığınan götürüp, arxası qatda tökərsən ağzına yeyərsən.
Zərgər gəldi, dedi:
– Arvad, bir qazan süddü aş bişir, çək bir qaba soyusun.
Arvad bişirdi, soyutdu, gətirdi. Mitəkgəni qoydu başının altına. Arxası qatda uzandı; süddü aşı qaşığınan aparıp töydü boğazına. Gözü elə dirəklərdeydi. Bir də gördü daş budu dirəkdədi, yapışıb dirəyə qalıp orda. Tez durdu dirəkdən daşı aldı. Sevinə-sevinə dedi:
– Ta belə irəmdar olmaz!
Paçcaha xəbər getdi. Paçcah bu kişini aparıp buna xələt, baxşeş verdi. Bunu yanında saxladı. Bir gün genə paçcahın xəzinə qatırınnan bir necəsi qırıldı. Yayındılar. Ta tapılmadılar. Gəldilər bu kişinin yanına dedilər:
– Bir bax, görək, bu qatırlar haradadı?
Kişi nə bilirdi ki, nə deyə, yalannan dedi:
– Bu dağın dalınnan belə gedin tapacaqsınız.
Getdilər dağın dalına hərrəndilər, gördülər dağın dalında qatırlar otduyur. Götürdülər gəldilər. Paçcah dedi:
– Belə də bilikli irəmdər olarmı?
Əmr elədi ki:
– Sabah tezdən atdar hazır elərsiniz. Vəzir də, vəkil də, irəmdər də, mən də çıxacayıx seyr eləməyə.
Gecə yedilər, içdilər söhbət elədilər. Vaxt oldu yatsınnar. Bunnar yatdılar. Səhər açıldı durdular. Nökərlər atdarı yəhərrədilər, tumarradılar. Tamam hazır elədilər. Bular dördü də atdandılar, düşdülər yola. Yavaş-yavaş gəldilər. Gördülər bir torçu dəryada tor atır. Paçcah dedi:
– İrəmdər irəm at görək, tora nə düşür?
İrəmdər dedi:
– Bir cüt sağsağan balası düşür.
Paçcah dedi:
– Ədə, dəryada da sağsağan balası olarmı? Dəli olmamısan ha!
İrəmdər dedi:
– Paçcah sağ olsun, irəm indi heylə gösdərir.
Axı bu heç bir şey bilmirdi, yalannan deyirdi, elə ağına gəldi, dedi. Paçcah gəldi torçuya əmr elədi ki:
– Toru çək, çölə.
Torçu toru çəkdi. Baxdılar, gördülər, doğrudan da tora bir cüt sağsağan düşüp. Paçcah dedi:
– Ta heç belə irəmdar olmaz.
Getdilər buna xələtdən, baratdan verdilər. Bır az seyr elədilər, qayıtdılar əvə. Bu da gəldi öz əvinə. Gəldi elə atdan düşürdü. qara çuxa gəldi bunun qabağına. Dedi:
– Ədə köpəyoğlu, mənim qarnımın dərisi ağaşdarda qaldı. Sağsağan balası axdarmaxdan. Ta bir tısbağadan, qurbağadan tapmırdın deyəsən. Bir də belə qələtləri eləmə.
Kişi axşam dedi:
– Mən ta bu Xəmpərini öldürməsəm olmaz. Gərək öldürəm.
Axşam dedi:
– Xanpəri, filan yerdə bir quyu var. Doludu xəzneynən, gərək gedək, onu təmiz daşıyax gətirək.
Arvad dedi:
– Nolar, gedərik.
Durdular bir kəndir də götürdülər, düşdülər ikisi də yola. Bu kişi bir xarabalıq yerdə quyu görmüşdü. Getdilər bu quyunun başına dedi:
– Gətir, bu kəndiri bağlıyım sənin belinə sallıyım. Yığ. Mən də çölə çəkim.
Kişi Xəmpərinin belinə kəndir bağladı, salladı. Quyunun dibinə yaxınnaşanda kəndiri qırdı. Xanpəri guppultu ilə düşdü quyunun dibinə. Bu da gəldi əvə. Bir, iki, üç, dörd gün qaldı.
Bir gün də dedi, gedim, görüm, Xanpəri nətər oldu? Gəldi quyunun başına başın sallayıb quyuya dedi:
– Xanpəri, Xanpəri!
Quyudan səs gəldi:
– Can, başına dönüm! Çək məni!
Sicimi salladı çəkdi. Baxdı gördü bu bir yekə ilandı. İlan dedi:
– Ay başına dolanım, buraxma məni, aman-dad Xəmpərinin əlinnən.
Bu ilanı tulladı. İlan dil oldu dedi:
– Mən gedib Çin paçcahının qızının boğazına dolaşaçıyam. Nə qədər eləsələr asılmayacağam. Amma sən gələndə açılacağam.
İlan bir dua da örgətdi, dedi:
– Ha vaxtı sən gəldin, onda bu duanı oxu, üfür, onda mən asılaçıyam. Çin paçcahı deyəcək ki, “hər kim bu ilanı bu qızın boğazınnan irəd eləsə, onda qızı verəcəyəm ona”. Sən də məni açanda qızı verəcəy saa. Bu ilan çıxdı getdi, həmən qızın boğazına dolaşdı. Hər yerə paçcah adam saldı, həkim, baş bilən adamlar harda var gətirdilər. Bunu açan olmadı. Dedilər:
– Filan yerdə paçcahın bir münəccimi var. Gedin onu gətirin, bəlkə o buna əlac eliyə.
Gəldilər bu kişini apardılar. Paçcah da bir gözəl ata mindirdi bunu yola saldı. Bunu gətirdilər paçcahın hizuruna. Paçcah dedi:
– Hər kəs o ilanı onun boğazınnan açdı, qızı ona verəciyəm.
Gəldi gördü ilan qızın boğazına sarılıp. Qız da qorxusunnan zarzarı saralıp, heyva kimidi. İlana baxdı. Dedi:
– Mən bını bu saat açım.
Başdadı ilan örgədən duanı oxuyub üfürməyə. İlan o saat açılıp düşdü yerə.
Dedi:
– Gedirəm filan yerdə bir sövdəgər var. Onun qızının boğazına sarılaçağam. Bax gəlmə, gəlsən səni çalasıyam.
Bırdən getdi həmən sövdərin qızının boğazına dolaşdı. Şəhər əhli yığışdı nə ilanın qorxusunnan ilana səmt gedə bildilər, nə də ilanı aşa bildilər. Hər tərəfə səs saldılar, əlac eliyə bilmədilər. Bir adam gəldi bir gün dedi:
– Bu ilan Çin şəhərinin paçcahının qızının da boynuna dolaşmışdı, bir irəmdər gəldi açdı.
Sövdəgər at da, pul da göndərdi ki, o irəmdəri gətirin. Paçcaha dedilər ki, sənin qızıyın boğazına dolanan ilanı kim açıp onu verin aparax. Filan sövdərin qızının da boğazına ilan dolaşıp. Paçcah bu irəmdərə nə qədər elədi, irəmdər ded ki, xeyr, mən getmirəm. Bir təhərinən paçcah bunu yola saldı. Gəldi çatıb Yəmən vilayətinə, bu sövdəgər də Yəmən şəhərində olurdu. Gördü ilan qızın boğazına dolaşıb.
İlan bunu görəndə dedi:
– Əşi, genə gəldin? Mən saa deməmişdim ki, gəlmə!
Kişi dedi:
– Öz xoşuma gəlməmişəm ha... Xanpəri göndərip.
İlan dedi:
– Ay aman, dad Xəmpərinin əlinnən. Qoyma. Mən düşüm, qacım.
İlan düşdü qaçdı. Sövdəgər qızın ağırı bu irəmdərə qızıl, gümüş, xələt, hər bir şey verdi. İrəmdər şeyləri də götürdü gəldi. Çin paçcahının qızının yanına. Orda yedilər, içdilər, kef çəkdilər. O yedi yerə keçdi. Siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl deyənin.