Dal-dala (qoşma, Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dal-dala
Müəllif: Aşıq Alı

İsmin üç hərifdi elədim bəyan,
Cimdi, mimdi, yazılıbdı dal-dala,
Seyraquba, müxənnətə qoşulma,
Əlif qəddin bəd nəzərdən daldala.

Səyyadısan, dağlar sənin, gəz dolan,
Alışarsan öz oduna, az qalan,
Maral gəldi, keç bərədə daldalan,
At oxların, peykanım daldala.

Deyər aşıq Alı meydan içində,
Oxudum dərsimi meydan içində,
Doxsan min kəlməni meydan içində,
İsbat eylə, sübut eylə dal-dala.