Dama-dama
Görünüş
Dama-dama (XIX əsr) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.16 |
Cığalı təcnis
Ruzinə kəm baxma, naşükür bəndə,
Göl olar deyiblər, a dama-dama.
Aşıq, adam-adama,
Gərəkdir dam adama.
Yar ərişdi qəlbimə,
Gəzdim qan dama-dama.
Namərdə tövlə də qıyılan deyil,
Yaraşar cəvahir, ləl, dam adama.
Vaxt var idi, ay da məndim, gün də mən,
Hər anından cah-calalı gül daman.
Aşığam, bu gündə mən,
Can eşidən gündə, mən.
Dost yolunda bölündüm,
Oldum kündə-kündə mən.
Bir kəsə qıymadım yandım gündə mən,
Həsrət qaldım axır bir dama, dama.
Məmmədhüseynin işi düşdü çapara,
Tez yetir naməni yara, çapar a…
Mən aşiqəm, çapara,
Düzəldildi çəp ara.
Yaltağı yaxın qoyma,
Arxanca hey çapar, a…
Yaxşı dostu dağı-daşı çap, ara,
Yorulmaz, ara, tap hey dəm a…, dəm... a.