Bir adamsan, bir adama namə yaz,
Mahalı incidib, eldən danışma!
Ara qarışdırma, ay səmi diraz!
Kar çıxmaz qovğadan, qaldan danışma!
Göyçənin qonağa çoxdu hörməti;
Qaysava, qayğanaq verir ləzzəti,
Plov, dolma, kabab, əmliyin əti…
İnsaf elə, tək motaldan danışma!
Kalman çarıq bizə adəti-nasdı,
Müsəlmana "persoy" deyən xənnasdı.
Ulağın eşşəkdi, yükün girbasdı,
Əbrü ətlaz, tirmə, şaldan danışma!
Əgər şairsənsə, gəl, eyləyək bəhs,
Bir sözünə min söz deyim dəsbədəs.
Himarın dümbündə lağəri-məgəs,
"Zənbur mənəm", – deyib, baldan danışma!
Neçə aşıq qaçırmışam meydandan,
İstəsən, birbəbir keçirim sandan.
Gəmirib kəngərdən, içib ayrandan,
Coşub, kərgədandan, fildən danışma!
Adım Ələsgərdi, mərdü-mərdana
On iki şəyirdim işlər hər yana.
Tülküsən, aslanla girmə meydana,
Danasan, sürtünüb, kaldan danışma!