Danışma (Aşıq Hüseyn Şəmkirli)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Danışma Müəllif: Aşıq Hüseyn Şəmkirli |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Qafil könul, bir məclisə varanda,
Ver qadağa acı dilə, danışma.
Hərcayı söyləmə, Hərcayı demə,
Laf eyləyib gülə-gülə danışma.
Aşıq gərək hər məclisdə sayılsın,
Sözünü eşidən qansın ayılsın,
Kəlmə çıxar, şirin cana yayılsın,
Qaldırıb səsini zilə, danışma.
Sözün uca tutma azğın, axmağın,
Xoşlanılmaz aralıqdan çıxmağın.
Layıq deyil başa qaxınc qaxmağın,
Öz eybini bilə-bilə, danışma.
Yazıq Hüseyn, əhdin yetər yerinə,
Könül bağla aşiqlərin pirinə.
Çək sözünü həqiqətə, dərinə,
Hər qədir bilməzlə belə danışma.