Darıxdım
Görünüş
Darıxdım Müəllif: Xəstə Bayraməli |
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018 |
Sən mənim pöhrəmsən ilk baharımda,
Zövqünü yaşatdın arzularımda.
Şimşəklər sayrışdı ümmanlarımda,
Çıxışın yadıma düşdü, darıxdım.
Ötən günlərimiz keçildi bir-bir,
Vüsal çağlarımız seçildi bir-bir.
Məhəbbət vərəqim açıldı bir-bir,
Naxışın yadıma düşdü, darıxdım.
Qayğılar gölündə yordum özümü,
Sənin xəyalından sordum özümü,
Yenə gözlərində gördüm özümü,
Baxışın yadıma düşdü, darıxdım.
Gecələr dayanıb yorğun, ahəstə,
Doğma balamızın beşiyi üstə,
Öz ana laylanı ilkin həvəsdə
Oxuşun yadıma düşdü, darıxdım.
Bayraməli gəzər Məcnunsayağı,
Mətanətdir yaman günün dayağı.
Sinəmdə qaynadı eşqin bulağı,
Axışın yadıma düşdü, darıxdım.