Dayanmaz (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dayanmaz (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Könlümün şüşəsi, saqın ki, sınar,
Toxunarsa ayna daşa, dayanmaz.
Əl dəyməmiş yaraların sızıldar,
Vursan sinəm üstə maşa, dayanmaz.

Xəstə könlü istər narı görəndə,
Çaşır ağlım-huşum yarı görəndə.
Bülbül gül üstündə xarı görəndə
Qan ağlar, ruxsarı yaşa dayanmaz.

Ələsgər də nazlı vara qul ola,
Yanıb cismi ataşına kül ola.
Canı çıxar dərd ürəkdə bol ola,
Qəm qalxıb başından aşa, dayanmaz.