Məzmuna keç

Dedi (Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dedi
Müəllif: Aşıq Alı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Bir nişan istədim gül üzlü yardan,
Dirsəyin göstərdi: Alısan, dedi.
Dedim: Ay qız, küsdüm səndən, əl çəkdim,
Həlbət bir yadına salarsan, dedi.

Dedim: Ay bəxtəvər, bu nə büsatdı?
Dedi: Nəzər eylə, gör nə sifətdi?
Dedim: Çeşmim yaşı yeri islatdı,
Verrəm dəsmalımı, silərsən, dedi.

Dedim: Ay qız, qəmdən dəftər bağlaram,
Dedi: Baxma, nişanını saxlaram.
Dedim: Həsrətindən inan, ağlaram,
Qorxma, yaxın vaxtda gülərsən, dedi.

Dedim: Ay qız, nə gözəldi şamama,
Dedi: Dəymə, ömrün yetər tamama.
Dedim: Ay qız, əl uzadım məmənə,
Özünü nüfuzdan salarsan, dedi.

Dedim: Xəstələrin can dərmanısan,
Dedi: Aşıqların kərəm kanısan.
Dedim: Ay qız, mənim adım tanısan?
İrəldən tanıram, Alısan, dedi.