Məzmuna keç

Dedilər (Şah İsmayıl Xətai)

Vikimənbə saytından
Dedilər
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Qırxlar meydanına vardım,
Gəl bəri, ey can, dedilər.
İzzət ilə salam verdim,
Gəl uş də meydan dedilər.

Qırxlar bir yerdə durdular,
Otur deyə yer verdilər,
Önümə surba sərdilər,
Əl loğmaya sun dedilər.

Qırxların qəlbi durudur,
Gələnin qəlbin arıdır,
Gəlişin hardan bəridir,
Söylə, sən kimsən? – dedilər.

Gir simayə, belə oyna,
Silinsin, açılsın ayna,
Qırx il qazanda dur, qayna,
Daha çiy bu tən dedilər.

Gördüyünü gözün ilə
Söyləmə sən sözün ilə,
Ondan sonra bizim ilə
Olasan mehman dedilər.

Düşmə dünya möhnətinə,
Talib ol haqq həzrətinə,
Abi-Zəmzəm şərbətinə
Barmağını bən dedilər.

Şeyx Xətayi, nədir halın?
Haqqa şükr et, qaldır əlin.
Qeybətdən kəsə gör dilin,
Hər qula yeysən dedilər.