Deməkdi
Görünüş
Deməkdi Müəllif: Usta Abdulla |
Mənbə: Usta Abdulla. Şerlər. Bakı, Gənclik, 1976. səh. 11 |
El nəzəri üstündəsə,
Sənə dövlət, var deməkdi
Baxma düşüb dən saqqala,
Dağ başında qar deməkdi,
Kəc baxarsa sənə zaman,
Dözməlisən ovsanmadan,
Qəfəsdəsə tülək tərlan,
Oylağında sar deməkdi.
Fikir vermə hədyan sözə,
Şəfa verər elm gözə,
Babalardan qalan bizə,
Namus, qeyrət, ar deməkdi.
Şər işlərdən gəl ol qıraq,
Həqiqət axtaran qoçaq,
Qulağınla eşit ancaq,
Ya gözünlə gör deməkdi.
Sənətkarın var hörməti,
Çəkməz kimsədən minnəti,
Kimin olsa səxavəti,
Mövlam ona yar deməkdi.