Məzmuna keç

Deyər sana

Vikimənbə saytından
Deyər sana
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 32

Ay qəddi alişan, qoynu gülüşan,
Görənlər açılmış yaz deyər sana.
Cəmdi gözəlliyin nişanbanişan,
Şairlər tərifi az deyər sana.

Gəl görüm, gəl görüm kimə talıbsan?
Gözəlliyi aydan, gündən alıbsan,
Cəmi aşiqləri eşqə salıbsan,
Götürüb əlinə saz, deyər sana.

Söylə görüm, söylə hansı ellisən?
Mina gərdənlisən, incə bellisən.
Tovuz bəzəklisən, durna tellisən,
Məhəmməd də quba qaz deyər sənə.