Məzmuna keç

Deyərlər (Xəstə Qasım)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Deyərlər
Müəllif: Xəstə Qasım
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Ay ağalar, gəlin sizə söyləyim,
Yalqız daşdan olmaz, divar deyərlər.
Bəzirgansan, aç mətahın, xırd eylə,
Ararlar: yükündə nə var? — deyərlər.

Ovçu olan bəslər alıcı quşu,
Sərraflar tanıyar qiymətli daşı,
Bir oğul atadan artırsa işi,
El içində ona tavar deyərlər.

Qızıl gülü dəstə-dəstə dərginən,
Dəribən də yaylıq üstə sərginən.
Hər nə versən öz əlinlə verginən,
Yüz qadanı başdan sovar deyərlər.

Neynirəm bir bağı, barı olmasa,
Alması, heyvası, narı olmasa.
Bir igidin dövlət-varı olmasa,
Yeləksiz ox kimi çovar deyərlər.

İsgəndər atlandı, çıxdı zülmətdən,
Qasım, Xızr içdi abı-həyatdan.
Bəhsə duşsə igiddən, qılıncdan, atdan;
Süfrəni hamsınnan kübar deyərlər.