Deyil mümkün ki, ey dil, göz görə ol şahi-xubanı

Vikimənbə saytından
Deyil mümkün ki, ey dil, göz görə ol şahi-xubanı
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 106

Deyil mümkün ki, ey dil, göz görə ol şahi-xubanı,
Ki naqis gözlülər görməz o kamil mahi-tabanı.

Üzari-yarə zinətdir o mişkin xali-zibası,
Və lakin bu kiçik bir nöqtənin izahı tulani.

Məni əvvarə etmiş gahi zülfün, gahi rüxsarın,
Tutar sərgəştə könlüm, gahi küfrü, gahi imanı.

Vüqarın canı dinc olmaz çəkəndən hicri-cananı,
Sızıldar, könlünün bir ləhzə susmaz ahı-əfğanı.