Məzmuna keç

Deyir (Aşıq Alı)

Vikimənbə saytından
Deyir
Müəllif: Aşıq Alı

Aman Allah necə dözüm bu dərdə,
Hər yetən gədalar mənəm xan, deyir.
Hərcayi danışar həddini aşar,
Alışdım, tutuşdum, Sultanam deyir.

Arif məclisində sayılmır insan,
Tülküdən törəyən olarmı aslan,
Misalı, forması, görnüşü insan,
Duruşu çaqqaldır, aslanam deyir.

Alı, sözün əzəl başdan yazılar,
Şeytandır, iblisdir, molla qazılar.
Bir gözəl görsələr yolun azarlar,
İmamın yolunda qurbanam deyir.