Məzmuna keç

Deyirlər ki, guya Yaradan ərəb filandır

Vikimənbə saytından
Deyirlər ki, guya Yaradan ərəb filandır! (1994)
Müəllif: RAUF CAVAD

Deyirlər ki, guya Yaradan ərəb filandır!
İlahi, bilməm bu nə ədalət, din-imandır!

Söhbət edir danışır Yaradanla Ərəbcə!
Lakin qanmır ərəbi, danışan dili Türkcə!
Qanmır bəşəriyyət əsil həqiqəti məncə!
Nə zaman oyanar qafillər yuxudan Səncə?!
Qanırmı kim görəsən, dili kim Yaradandır?!
Deyirlər ki, guya Yaradan ərəb filandır!
İlahi, bilməm bu nə ədalət, din-imandır!

Sadədir bütün hər şey doğrunu düşündükdə!
Həqiqətin düzgün tək yolunu düşündükdə!
Açılar qapılar üzünə, kim düşününcə!
Olar düşüncəsinə kim hakim düşününcə!
Bütün dilləri bilən, O, uca Yaradandır!
Deyirlər ki, guya Yaradan ərəb filandır!
İlahi, bilməm bu nə ədalət, din-imandır!

Gəl ol söhbətinə hakim qıl doğru namazı!
Peşman ol günahından, ayır qara- bəyazı!
Sayma bu dünyada var günahın çoxu- azı!
Tutar bir gün səni məzlumun ah-etirazı!
Zənn etmə ki, qul haqqını O, Bağışlayandır!
Deyirlər ki, guya Yaradan ərəb filandır!
İlahi, bilməm bu nə ədalət, din-imandır!

Ayıl artıq! Yetər bu qədər qafil yatdığın!
Bəsdir yalan danışıb mənliyini satdığın!
Azmı günah işləyib özünü aldatdığın?!
Yetməzmi, saysız günaha, çamura batdığın?!
Sanma ki, hər zalıma qarşı O, Mehribandır!
Deyirlər ki, guya Yaradan ərəb filandır!
İlahi, bilməm bu nə ədalət, din-imandır!

Alacaq O, kimsəsiz yoxsul-fəqirin haqqın!
Unutma! Cavab verəcək kim olubsa satqın!
Nəbadə talib qonasan sərvətinə xalqın!
Rauf söylər ki, gəl olma var-dövlətə dalqın!
Bütün yer-göyün sahibi O, Əli Sultandır!
Deyirlər ki, guya Yaradan ərəb filandır!
İlahi, bilməm bu nə ədalət, din-imandır!
         ...Müəllif:Rauf Cavad