Dil bazarçısı yalandır, varmazam bazarinə
Dil bazarçısı yalandır, varmazam bazarinə Müəllif: İmadəddin Nəsimi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Dil bazarçısı yalandır, varmazam bazarinə
Gerçək olmaz əyri dil, inanmazam iqrarinə.
Sadiq oldur dilini könlü ilə bir eyləyə
Əyri dildən nəsnə gəlməz, durmuşam inkarinə.
Van möhnətdir cahanın, nə umarsan, ey könül
Lənət olsun bu cahana, həm cahanın varinə.
Dilbəri oldu kimin kim, fani dünya aqibət
Keçdi ömrü doymadı, irişmədi dildarinə.
Təxtə çıxmaq istəməz Mənsur olan, ya minbəra
Hər ki, Mənsur oldu, çıxdı şahi-eşqin darinə.
Dünyanın nazfi naimi cifədir, yəni nəcis,
Ey könül tahirsən axır sunma el murdarinə.
Həq bilir işini, səbr et, fariq ol, qüssə yemə,
Vəqti yetsin bu cahanın qoy və qatlan karinə.
Hiç gül olmaz tikənsiz, hiç şadi qüssəsiz,
Dərmə ğülündən anın, çün güli dəyməz xarinə.
Çün Nəsiminin qəmindən Fəzli-həq vaqifdürür,
Qəm deyil gər kimsə olmaz müttəla esrarinə.