Məzmuna keç

Dila, hər bir cəfa kim, yardəndir, eyni-rahətdir

Vikimənbə saytından
Dila, hər bir cəfa kim, yardəndir, eyni-rahətdir
Müəllif: Mirzə Mehdi Naci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Dila, hər bir cəfa kim, yardəndir, eyni-rahətdir,
Gədayə hər nə gəlsə şahdan, eyni-inayətdir.

Cigər qanı gözümdən gəldiyiçün dəmbədəm artar,
Əgər olsaydı dərya,qurtarardi, bu nə hikmətdir?!

Hədisi-Qeysü Fərhadü Züleyxa, Vamiqü Əzra
Mənim hali-pərişanım yanında bir hekayətdir.

Qoyanda - yaxşı saxla - dedilər - təndə dilü canı –
Ki, təndə nəqdi-canın bir pərinindir, əmanətdir.

Soruşdum: Ey büti-şirinləbü şəkkərdəhən, aya
Bu istiğnalı olmaq xubrulərdə nə adətdir?

Dedi: - Aşiq olan lazımdı tab etsin qəmi-yarə -
Ki, məşuq aşiqə hər nə rəva görsə, inayətdir.

Dedim: - Dilbər, müəmmayi-dəhanın aşikar eylə!
Dedi: - İma əgər əbrudən etsəm çox kifayətdir.

Dedim: - Məqsudin, ey, can isə minnətdir dilü canə,
Dedi: - Məhvəşlərin sevdası əvvəldən xəsarətdir.

Dedim: - Pərvanə tək, cana, sərasər cismimi narə
Əgər yaxsan, məni-dilxəstəyə lütfü səadətdir.

Züleyxa başinə gör kim, nə işlər gəldi Yusifdən,
Əgər peyğəmbəri-həqq isə, həqqa, bidəyanətdir.

Qərəz kim, məqsədi-məqsudə yetmək istəsən,
Naci, Fəna sərmənzilin istə ki, ol, möhkəm imarətdir.