Məzmuna keç

Dilarə

Vikimənbə saytından
Dilarə
Müəllif: Cəfər Cabbarlı

Günəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı.
Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir? Gün batar-batmaz idi.
Palçıqlı Bəşir donluğunu almış, borcları ilə tutuşduraraq evə qayıdırdı. Xəstələnmiş, borca düşmüşdü. Bu gün bütün borcları bitir, hətta bir qədər artıq pulu da qalırdı. Kiçik qızı Dilara üçün yemişdən-zaddan almaq istəyirdi; paltarı da yox idi, amma hələ pulu çatmırdı.
Küçədən, müəllimləri başda olmaq üzrə, təmiz geyimli, gülərüzlü kiçik-kiçik qızlar, uşaqlar böyük bir intizam və əzəmətlə haraya isə gedirlərdi.
Bəşir durdu, baxdı: nə qədər də dinc, gözəl, təmiz, sevimlidirlər!.. Qızını xatırladı: "Zavallı ayaqyalın, köhnə, çirkli bir köynəklə gəzir. Bu cür geyinərsə, belə görünərmi? Dilara bunlardan da yaraşıqlıdır. Belə geyinərsə, lap gözəl görünər... O da bu uşaqların arasında olsaydı, nə olardı?
Bu fikirlər sıra ilə Bəşirin başından bulanıq bir kölgə kimi keçirdi. Birdən nə isə anlaşılmaz bir duyğu onu çulğadı, məchul bir qüvvətin təsiri altında nə etdiyini özü də bilməyərək, qaçıb ömründə xatırlamadığı bir cəsarətlə müəlliməyə yanaşdı.
- Ay xanım...
Dili dolaşdı, nə deyəcəyini bilmirdi. Müəllimə iri gözləri ilə Bəşirə baxdı.
- Bağışla, xanım, səndən bir təvəqqem var... Mən özüm palçıqçıyam. Bir balaca qızım var. Onu soruşuram ki, onu neyləyim?
Ona belə gəlirdi ki, müəllimə indi bu cəsarətlə ona yanaşdığı üçün acıqlanacaq, söyəcək, ya da bir acı söz deyəcəkdir. Müəllimə mülayim bir baxışla Bəşirin üzünə baxdı; bu qarışıq üzdə, cəsarəti üçün üzr istəyən bir günahkar gülüşü çiırpınır, gözlərində mərhəmət uman bir taqsirkar izi inləyirdi. Bu zavallı görünüş mərhəmət hissi duydururdu.
- Əmi, qızın neçə yaşındadır?
"Əmi" sözü Bəşiri şaşırdı. Bu gözəl geyimli, böyük, nəcabətli qadından bu sözü eşitməyə sanki özünü layiq bilmirdi.
- Səkkiz yaşında.
- Əmi indi vaxti keçmiş, lakin hər halda gətir, bir cür düzəldərik.
- Haraya? Nə vaxt?
Beləliklə sözləşdilər. Sabah Bəşir qızını müəllimin yanına aparacaqdı. Sonsuz bir məmnuniyyətlə: - Allah sənə ömür versin! Allah kölgənizi başınızdan əskiltməsin, - deyə baş əyib, sevinə-sevinə ayrıldı.
Əvvəl bir qədər yeyinlədi. Sonra yavaşladı. Düşünürdü: "Nə mülayim adamdır!” Qızı da gözəl geyinəcək, oxumuş olacaq, qonşuları onu tərifləyəcəklər. Bəlkə bir zaman o da bu müəllimə kimi olacaqdır. Lakin qızı ayaqyalın necə aparsın? Arvada nə deyəcəkdir? Birdən dayandı. Özünü itirmişdi... Kömür meydanına doğru yönəldi, bir cut köhnə çəkmə, bir köhnə libas da alıb evə qayıtdı. Dilara qışın soyuğuna baxmayaraq, bir cırıq köynəyi ilə onu qarşılayıb, ətəyindən yapışdı.
- Ay ata, o nədir? O çəkmələr kimindir? - deyə tez-tez təəccüblə soruşurdu.
Bəşir son vaxtlar evə heç bir paltar və bu kimi şeylər almırdı, xüsusilə çəkmə, çox təəccüblü idi. Evdə çəkmə geyən yox idi. Heç başmaq tapılmırkən, birdən-birə çəkmə... kimsənin ağlına yerləşmirdi. Dilaranın səsinə çıxan anası da şaşırmışdı.
- Balam, bunlar nədir? Qudurmuşsan...
- Arvad, heç danışma, işi dəyişdirmişəm.
- Bunlar kimindir?
- Almışam.
- Doğrudan kimindir?
- Vallah, almışam. Hələ bu harasıdır? Ay qız, yüyür bir əl-ayağını yu, gəl, bir gör bunlar necə olur?
- Ay kişi nə əcəb?
- Hələ sabah Dilaranı uçqola aparacağam.
- Necə yəni uçqola aparacağam?
- Vallah... deyirəm sənə işləri dəyişmişəm. Müəllimə ilə də danışmışam. Özü də bir yaxşı adamdır. Elə qaydalı... Dedi, götür gəl. Ay qız, yubanma, tez yuyun, gəl! - deyə içəri girdi. Dilara ömründə görmədiyi bu əcaib ayaqqabıları və paltarı geymiş, sevincindən sanki qanadlanmış, uçurdu. O çoxdan bəri həsrətlə uşaqların ayaqlarına baxır və bir gün onun da çəkməsi ola biləcəyini heç təsəvvür belə etmirdi.
- Ay qız, belə firlan görək necə dayanır... Ay zalım, qiyamətsən ki... Dur, bağlarını keçirim. Bəşir pullarının artıq borclara çatışmayacağını da unudub, ömründə duymadığı böyük bir həvəs və sevinclə, ciddi surətdə çalışıb, qızını bəzəndirdi. Çəkmələr köhnə də olsa, Dilaranın ayaqlarında yaraşıqlı görünürdü.
- Ay zalım, lap xozeyin qızlarına oxşayırsan... Cəhənnəmə olsun dünya. Arvad, o tabağı bəri ver. Qız, bir dur oyna...
Tabaq taqqıldayır, Dilara atasının üzünü öpüb, böyük bir sevinclə oynayırdı. Səhər hava tutqun idi. Gecə yağış bütün küçələri dizədək palçıq etmişdi. Bu, Bəşirin heç də döşünə düşmürdü. Çünki yaşadığı Böyük Salyan küçəsində küçələr döşənməmişdi, bir az yağış yağan kimi palçıq dizə qalxır, keçmək də mümkün olmurdu. Xüsusilə bu gün Dilaranın çəkmələri batacaqdı... Bu heç arzu edilən bir şey deyildi. Nə isə, Bəşir müəlliməyə söz vermişdi. Dünya dağılsa da, Dilaranı aparacaqdı.
Böyük bir zəhmətlə Dilaranı öz əli ilə geyindirdi. Çıxdılar, Evdən beş-altı addım ayrılmışlardı. Dar küçə elə palçıq idi ki, keçmək müm¬kün deyildi. Bəşir tez-tez Dilaranın çəkmələrinə baxır, kiçik bir palçıq ləkəsi qanını qaraldırdı. Bir qədər keçincə, 4-cü Təzəpir dalanında yol büsbütün kəsilməz oldu.
Bəşir çarəsiz qalıb, Dilaranı qucağına aldı, 2-3 addım getməmişlərdi ki, zavallı Bəşirin ayaqqabısı palçığa batdı. Ayağını çixarmaq istərkən, birdən büdrəyib üzü üstə yerə çırpıldı. Artıq uşaq da palçığa bulaşmış, özü də dizindəki ağrının şiddətindən tərpənməz bir hala gəlmişdi. Böyük bir şüşə ayağına batmiş, qan axmağa başlamışdı. Ölə-ölə evə qayıtdılar. Bəşirin dizindən axan qan dayanmırdı. Qonşular toplaşdılar, yaranın üstünə təndir külü tökdülər, hörümçək toru qoydular, elə bir sancı qalxdı ki, dayanmaq mümkün deyildi. Bəşirin iniltisinə qonşudakı işçilər toplandılar. Hərə bir yol göstərdi. Lakin çarə olmadı. Nəhayət, mütləq, doktor çağırılması lazim olduğunu dedilər. Bu da mümkün deyildi.
- Canım, bu qaranlıq küçələrdən həkim nə cür gələcək? Gərəkməz ki, bir faytona minsin. Fayton da indi bir ətək pul istəyir, - deyə qazantəmizləyən Əhməd donquldandı.
Beləliklə, çox danışdılar. Amma nə Bəşirin ayaq ağrısı durdu, nə də həkim gətirmək mümkün oldu. Xəstəni bir inilti, bir qızdırma içində buraxıb dağılışdılar.
Zavallı Bəşir beş-altı gün belə gecələri göz yummadan çırpındı. Həkim gətirmək mümkün deyildi. Nəhayət, qazantəmizləyən Əhməd onu arxasına alıb, həkimə apardı. Doktorlar baxdılar.
- Gec gəlmişdir. Sümüyü qırılmış, həm də ayağında qan kirlənmişdir. Əvvəldən gəlsəydi, sağala bilərdi. Amma indi xəstəxanada yatmalıdır, - dedilər.
İyirmi gündən sonra zavallı Bəşiri evə gətirib, kirli yorğan-döşəyə saldılar. Ayağı artıq bir o qədər ağrımırdı, çünki dizdən yuxarı qılçasını kəsmişdilər.
Günəşin vərəmli tellərinə qarşı zavallı Bəşir ac uşağının, göz yaşlarına boğulmuş qadınının üzünə dinməz-söyləməz baxırdı. "Ox... bundan sonra bu zavallıların günü nə olacaqdır?” Bəşir utancaq gözlərini bir tərəfə qaçırtdı. Bu aralıq baxışları taxçada qoşa qoyulmuş çəkmələrə ilişdi. Birdən-birə nə isə xatırlayaraq, özünü saxlamayıb, hönkürtü ilə ağlamağa başladı...
Ox, səadət nə qədər yaxın idi!..
Lakin...