Dilbər (Aşıq Abbas Tufarqanlı)
Görünüş
Dilbər Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Uca dağların başına,
Qorxuram qar yağa, dilbər!
Aldın ağlımı başımdan,
Saldın dağdan-dağa, dilbər!
Güllərin içində güləm,
Oxuyan şeyda bülbüləm,
Mən bir qolu bağlı qulam,
Sən olmusan ağa, dilbər!
Gullərin içində xaram,
Gül üzünə intizaram,
Mən əvvəlki köhnə yaram,
Dolan soldan-sağa, dilbər!
Sən arısan, mən də şana,
Dərdindən oldum divana,
Saldırmısan bəndərxana,
Dolan gəl otağa, dilbər!
Qul Abbasın gözü səndə,
Olmuşam divanə mən də,
Bir cüt şamama sinəndə,
Endir tağdan-tağa, dilbər!