Dilbər (Aşıq Abdulla)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dilbər
Müəllif: Aşıq Abdulla


Sallanıban gedən dilbər,
Dedi: get sən, gəlirəm mən.
Dedim: gözəl, dərdim çoxdur,
Dedi: dərman bilirəm mən.

Göldən uçurdum sonanı,
Bu yerdə qoyduq binanı,
Gündə gördüyüm cananı,
Görməyəndə ölürəm mən.

Vəfası olmaz yalanın,
Ağlı olmaz çox gülənin,
Abdullayam, dərd bilənin,
Yüz il keçsə quluyam mən.