Məzmuna keç

Dilbər (Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dilbər
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan ədəbiyyatı inciləri. Bakı, 1988. səh.68.


Durum dolanım başına,
Aşiqindən küsən dilbər!
Gözlərini dik gözümə,
Nə mən dinim, nə sən dilbər!

Mina qəddin zəbərcəddi,
Nə desən cana minnətdi,
El köçüb, otaq xəlvətdi,
Gəlsin alam busən, dilbər!

İtirmişəm maralımı,
Bir sinəsi yaralımı,
Gündüz səbri qəralımı,
Gecə yuxum kəsən dilbər!

Qurbani özünə bəydi,
Yar həsrəti qəddim əydi,
Nə dedim xətrinə dəydi,
Bu mən dilbər, bu sən dilbər!