Dilbəra, cövrü cəfadan sən usandırma məni
Dilbəra, cövrü cəfadan sən usandırma məni Müəllif: Əbülhəsən Vaqif |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13. |
Dilbəra, cövrü cəfadan sən usandırma məni,
Bu qədər atəşi-hicranına yandırma məni.
Demədimmi sənə ey zülf kimi üzü qare,
Vədeyi-vəsl verib, başda dolandırma məni.
Badeyi-eşqin üçün yatmış idim məst, xərab,
Uyğudan söyləmədimmi, gəl oyandırma məni?
Dedim, ey qönçədəhan sorma mənim əhvalım,
Səndə yox rəsmi-vəfa, heç inandırma məni.
Eşq dərdinə təbibim, edə bilməzsən əlac,
Şərbəti-təlx ilə gəl, bunca bulandırma məni.
Nəzdi-hüsnündə məni mars qılıb etmə xəcil,
Arizində o qara xalə dadandırma məni.
Vaqifa, nüsni-hes getdi, daha gəlməz ələ,
Xəlq arasında umub busə, utandırma məni.