Dilbəra, mən səndən ayru ömrü canı neylərəm
Görünüş
Dilbəra, mən səndən ayru ömrü canı neylərəm Müəllif: İmadəddin Nəsimi |
Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?
Təxti-tacı, mülkü-malı xanimanı neylərəm?
İstərəm vəsli-camalın ta qılam dərdə dəva
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
Ey müsəlmanlar, bilin, yar ilə xoşdur bu cahan,
Mən ki, yardan ayrı düşdüm, bu cahanı neylərəm?
Çox dualar qılmışam mən xaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?
Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?