Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə
| Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə Müəllif: Hacı Rza Sərraf |
| Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Dilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,
Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!
Xədəngi-nazilən vurdun, məni yıxdın, qoyub keçmə,
Müsəlmanəm, mənə islam rəsmilən namaz eylə!
Kərəm qıl başımı torpaqıdan al, qoy dizin üstə,
Məni gəl, axır ömrümdə, əzizim, sərfəraz eylə!
Xərab etməkliyə dünyanı bir iyma kifayətdir,
Nə fıkri-qətlü qarət qıl, nə qəsdi-tərki-taz eylə!
Sənə kəc baxsa hər göz, qoyma gözdən, ey kəman əbru,
Onu tut əlbə-əl qurbani-müjgani-deraz eylə!
Bəlagərdanınam, rəhm et mənə, al canımı, qurtar,
Alım dərdin, məni gəl dərdi-sərdən biniyaz eylə!
Təmam eylə mühəddis, şərh vermə hali-Mahmudə,
Danışmaq halətin var söhbəti-hüsnı-Ayaz eylə!
Xədəngi-cansitani-qəmzeyi-canan gəlir, ey can,
Oturma cismdə, öz ruhunu çıx pişvaz eylə!
Tükəndi nəqdi-ömrün getdi, ey Sərrafi-bimayə,
Qocaldın, çarəsiz, öz dərdinə bir çarəsaz eylə!