Dinləgil bu sözü ki, candır söz

Vikimənbə saytından
Jump to navigation Jump to search
Dinləgil bu sözü ki, candır söz
Müəllif: İmadəddin Nəsimi


Dinləgil bu sözü ki, candır söz,
Aliyü asimanməkandır söz.

Şeş cəhətdən münəzzəh anlavü bax,
Şöylə kim, xaliqi-cahandır söz.

Nazilü münzil anla kim, birdir,
Kəndi kənduyə tərcümandır söz.

Tulü ərz ilə ümqü bulunmaz
Yə’ni bihəddü binişandır söz.

Bu hədisə nəzər qıl, ey aqil,
Anlayasan ki, bigümandır söz.
Ərşi-rəhman dedi nəbi könülə,
Çünki gördü, könüldə kandır söz.

Dedi ya kafüha, əyzə-bikə,
Çün Əli bildi, müstəandır söz.

Qeyri-məxluqdur, nə demək olur,
Anla kim, imdi rayigandır söz.

Əqli-küll ərşü kürsü, lövhü qələm,
Çar ünsür, nöh asimandır söz.

Zahirü batin, əvvəlü axir,
Aşikaravü həm nihandır söz.

Ey üqulu nəsəb edən isbat,
Qamuya söz de kim, hamandır söz.

Kafü nundan vücuda gəldi cahan,
Əgər anlar isən, əyandır söz.

İsiyi-pak, Adəmü Əhməd,
Mehdiyi-sahibəz-zəmandır söz.

Bu bəyanı dilərsən anlayasan
Kim, necəsi filan-filandır söz.

“Cavidannamə”yi gətirgil ələ,
Ta biləsən ki, nəsnə candır söz.

Sözə bu izzü cah yetməzmi,
K’aydalar Fəzli-qeybdandır söz.

Aqil isən sözünü müxtəsər et,
Ey Nəsimi, çü bigirandır söz.