Diqqət elə söz-kəlmələrə ey qəlbi şikəstə

Vikimənbə saytından
Diqqət elə söz-kəlmələrə ey qəlbi şikəstə (1997)
Müəllif: RAUF CAVAD

Əgər istərsən görəsən qərib dünyanı gözəl,
Gərək olasan Aşiq, xeyirxah dövranı gözəl.

Fərhad görər həyatı Şirin çün gözləri aşiq,
Qəlbi yaralı Aşiqin, dərdi- Zamanı gözəl.

Gəl bu söhbətə qulaq ver sən də ol Aşiq-Məcnun,
Gözlər Aşiq yolunu Məşuq, Leyla anı gözəl.

Mənəm gözəlliyin sirri, ölməz sevənlər, diri,
Qəlb evinin dirəyidir sevgim, bal şanı gözəl.

Yesən dərdin acı qəmindən anlarsan qədəri,
Sevgi itaətdir, sevənin qəlb məkanı gözəl.

Ayə, nəzər eylə cümlə aləmə, Məni görərsən,
Məhəbbət ibadət edər, gəl-gör Heyranı gözəl.

Diqqət elə söz-kəlmələrə ey qəlbi şikəstə!
Gör nə deyir şair, Yarın zülfü, peymanı gözəl.

Sancdı odlu oxunu vurdu Zöhrə qəlbimə dağ,
Rauf Yarının, gözləri, qaşı kamanı gözəl.