Dirilik/Milli Dirilik I
←Dirilik Nədir? | Dirilik. Milli Dirilik I (1914) Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Milli Dirilik II→ |
Həm mötərizə, həm də kursiv içində olan bütün qeydlər müəllifə aid olmayıb, özündən əvvəlki ifadənin izahıdır. Kursiv içərisində olmayıb, mötərizə daxilində olab ifadələr müəllifə məxsusdur. Mənbə: “Dirilik” N2, 2 oktyabr 1914 |
Qarelərimizə bu xüsusda bir “silsilə məqalat” vəd etmişdik. Bu vədimizə şamil olan məqaləmizin bir qismində demişdik ki, “mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə uyğun olan xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yаxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor”. Bu fikrimi indi burda açacağam: sevdiyim, namusu-millətpərvəranəsinə şübhə etmədiyim rüfəqadan (yoldaşlardan) birisi, qayət səmimi olaraq bir gün mənə belə bir sual vermişdi: - İslam millətləri üzərinə təsəllüt (basqı) icra edən mütəməddin millətlərin təsəllütləri nəticəsində, bəşəriyyət nöqteyi-nəzərindən hasil olan parlaq nəticəni gördüyümüz halda, milliyyətpərvərlik naminə inad edib də islam millətlərinin müstəqil qalmalarını arzu etməkdən nə kimi bir fayda gözlüyoruzuz? Mən bu suala cavab olaraq , bu faydanı biz deyil, bəşəriyyət və mədəniyyəti-bəşəriyyə dəxi bəkliyor — deyə cavab verincə, müsahibim yalqız dəlil və sübutla qane olacağını bəyаn etmiş idi. Mənim onlarca müsəmmən ədd olunan bəyanatım isə bir vəchiati idi. Hər millətin yaşadığı mövqe, keçirdiyi tarix, mənsub olduğu irq nəticəsi olaraq bəzi xasiyyətləri vardır ki, o xasiyyətlər onlara məxsusdur. Ondakı bu xüsusiyyətlər aləmi — mədəniyyətdə xüsusi bir taqım ibda (icad) və ixtiralar vücudə gətiriyor ki, onların əsillikləri (oriqinalnost) müdəqqiqlər (tədqiqatçılar) nəzərində fövqəladə qiymətlərə dəyər şeylərdir. Diqqət olunmuşsa hər millətin bir şeydə mahir olduğu görülmüşdür. Almanlar sənaətdə (sənayedə), fransızlar zərafətdə, ingilislər gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar musiqidə, başqaları da sair xüsuslarda şöhrət tapmışlardı. Hər millətin özünə məxsus bir saheyi-mədəniyyəti vardır ki, orada onun ibraz elədiyi (göstərdiyi) məharəti digər bir millət göstərə bilmiyor. Bunların bu xüsusiyyətlərindən isə mədəniyyəti-bəşəriyyə bir çox əsli şeylərə və guna-gün asari-sənət və dühaya malik oluyor. Alman milləti, german irqi özünün istiqlalını təmin eləməsə və öz mədəniyyət xassəsini mühafizə etməsə idi bəşəriyyət Şopenhaur, Fixte, Göte, Faust, Qutenberq və Lüter kimi dühaları da görməyəcək idi. Fransa digər bir irq və qövmiyyət içində münhəl olub (əriyib) da öz mənliyini itirsəydi, bəşəriyyət 19-cu əsrin fikirləri üzərinə hökumət edən o fikir qəhrəmanlarını Jan Jak Russo, Didro, Monteskyu, Viktor Hüqo və Volterləri də qayib edəcəkdi. İtaliya milliyyətini anlamasa, özündəki xudadadi (tanrı vergisi) qəvvətlərdən xəbərsiz qalsa, yəni başqa bir milliyyət tərəfindən yoğrulub həzmi-rabidən keçilsə idi, indi nə dünyanın birər ammeyi-zərafətini təşkil edən heykəllər vardı nə də Mikelancelo kimi heykəltəraşlar. Nə uzaqlara gediyoruz. Bir kərə təsəvvür ediniz ki, Rusiyanın istiqlalı olmasa, rusca da məhkum, məğlub bir lisan olsa, başqa bir millət tərəfindən, məsələn: Rusiyanı maddi, mənəvi bu qədər təsir və nüfuz altına almış alman milləti tərəfindən kamilən təmsil (assimlə) edilsəydi, əcəba, biz Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçnikov və sairəyə malik olacaqmı idik? Məlum ki, yоx! Millətlərin ümumi şəxsiyyətlərindən keçəndən sonra bu məsələ ilə əlaqədar olan ayrı-ayrı fərdləri alsaq, yеnə təmsil (assimilyasiya) ilə istiqlalın mədəni və ibdai fərqini görəcəyiz. Zənn ediyorum ki, əgər bir statistik tutulsa, görüləcək ki, daima müqtədir sənətkarlar mənsub olduğu milliyyətlə, maddi və mənəvi rabitə və əlaqələrini daha ziyadə saxlamış olanlar arasından çıxıyor. Məsələn, yaxşı bir rus mühərriri (jurnalisti) olub da öz həyatını kəmalınca təsvir etmək bir rus qəlbinin, rus vicdani-ümmuyyəsinin tərcümanı ola bilmək üçün ruslar kimi düşünmək, onlar kimi hiss edə bilmək lazımdır. Bunun üçün də rus olmaq, rus yaşamaq və rusları olduqca bilmək gərəkdir. Halbuki, ruslaşmış bir müsəlman balası, yаxud təmsil olunmuş bir erməni dığası, yаxud döndərilmiş bir yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış olsa da yеnə böylə bir rus ola bilməz: əvvəla bilməyincə də ondan yaxşı və müfid (faydalı) bir rus mühərriri çıxmaz. Binaən əleyh (bundan başqa), ondakı ibdai-qüvvətləri əqim (səmərəsiz) qalar, bundan isə yaşadığı mühit zərər çəkər. O mühitdə bu kimilər çox isə əqamət bir nəfərə deyil, bir milliyyət və bir qövmiyyətə sirayət edər. Demək bəşəriyyət ailəsinə daxil olan bir fərdin zatı, əhəmiyyət və qiyməti əksilər. Binaən əleyh, bəşəriyyət bir çox zəkalardan məhrum qalar. Özlüyündən çıxarılıb da başqa bir milliyyətə təmsil etdirilən şəxs təmsil edən mühitə böyük bir fayda verə bilmədiyi kimi, əslindən mənsub olan mühitə də böyük bir fayda yеtirə bilməz. Çünki aldığı hal və tərbiyəsilə özünkülərdən uzaqlaşmış olar. Onlar bunu, bu da onları anlamaz. Demək ki, “əz anca rande əz inca mande” məyyb (nöqsanlı) və səqti (yanlış) bir şey vücuda gələr. Bizim mühitimizdəki rusca oxumuşlarımızı tədqiq etsək, görəcəyiz ki, ali diplom almış, böyük təhsil görmüşlərimiz arasında ancaq o qismi az-çox iqtidarlı və mənsub olduğu mühitin işlərilə əlaqədardır ki, az-çox türkcə savadı var və öz milliyyətinin nə olduğunu biliyor. Sırf rusca ilə böyüyüb də özlərindən xəbəri olmayanlar isə əksərən mənsub olduqları mühitin ehtiyaclarına qarşı laqeyddirlər. Bu laqeyd və bu səmərəsizlik əlbəttə ki, böyük bir əqamətdir. Böylə əqim fərdlərə malik olan heyətlər hər nə qədər fəal olsalar da fayda verməzlər, mədəni əqamətə məhkumdurlar. Qatır da fəaldır, eşşək qədər davamlı, at qədər qüvvətlidir. Fəqət əqimdir və tənasüldən (çoxalmadan) məhrumdur. Həyatını həmişə başqalarına mədyundur (borcludur). Həyatın hambalı olmaq kafi deyildir. Onun müvəllidi (yaradıcısı) olmaq gərək. Qatırdakı qüvvət və davam müvəqqətidir. Artırılıb və tərbiyə edilməsi qeyri-mümkündür. Halbuki atdakı qüvvət, eşşəkdəki davam qanuni- təkamül və təvarüsün (irsi mirasının) bütün hökmlərinə tabe zihəyat birər qüvvət mənbələridir. Kənardan bir millətin gəlib təsəllüt təriqilə digər millətə qalib gəlməsi, onun bilcümlə şəxsiyyətlərini məhv edərək özünə təmsil etməsi də eynilə qatır hasil etmək kimi bir şeydir. Təmsil təriqilə təməddün etmək (mədəniləşmək) hər nə qədər ibtidai — əmrdə nəzərə bəzi parlaq nəticələr göstərsə də, həqiqətdə heyəti-bəşəriyyədə ki, əsli qüvvələri korlamaqdan və onları doğmaq və artırmaq xassəsindən məhrum etməkdən başqa bir şey deyildir. Bu gün İranı keçirməkdə olduğu bu ən fəalakətli günlərdən “xilas” etmək üçün əlindəki istiqlal kölgəsindən də məhrum edib, başqa mütərəqqi bir millətin idarə və təmsili altına versəniz ehtimal ki, ənzəli bir neçə ilin zərfində Bakıya meydan oxuyacaq qədər tərəqqi edər. Və bəndər (bərabər) bu şəhər də Bombeydən heç də geri qalmaz. Fəqət bu səri tərəqqinin müqabilində əmin olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə Hafiz. Milli istiqlal, ələlxüsus, millətlərə xüsusiyyətlərinin mühafizəsini təmin edən istiqlal daima bəşəriyyətə saheyi-mədəniyyətdə yeni və əsli bir taqım ibdalar, ixtiralar nəvidindədir ki, mədəniyyəti-bəşəriyyə dediyimiz şey də bu bədaət və ixtiraların məcmuindən ibarət bir yekundur. Biz qafqasiyalılar bir nöqteyi-nəzərdən tərəqqiyati-madiyyəmizcə (maddi tərəqqidə) iranlılardan da, osmanlılardan da irəlidəyiz. Misirlilər də kəza, Hindistan da böylə. Bununla belə dəftəri ixtiraati-aləmdə (aləminin ixtira dəftərində) cüzicə də olsa da nə bir ismimiz var, nə də bir rəsmimiz. Halbuki, İranın heç olmasa “Mahmudiyyə” namilə bir sitarə (ulduz) kəşf edən Mahmud xanı, Türkiyənin də ismi Avropa qamuslarında (ensiklopediyalarında) bir lisani-təqdirə səbt və zəbt olunan Münir Paşa kimi müxtəre (ixtiraçı) bir doktoru vardır. Tofiq Fikrət, Əbdülhəqq Hamid kimi böyük şairlərə malikiyyəti üçün də Türkiyə öz istiqlali-millisinə borcludur. Heç şübhə yoxdur ki, dünyanın millətlərə bölünərək qərar tutması mədəniyyəti-bəşəriyyə nöqteyi-nəzərindən bir zaiddir (artıdır). Millətlərdəki mənliyin ədəmi-istiqlalı və onlardakı zatı xasiyyətlərin başqalarının xasiyyətləri içində münhəll olması (əriməsi) bu zaidləri heç şübhə yоx ki, mübəddəl bir naqis (əvəz edilmiş mənfi) ediyor. Naqislərin ədədi çoxaldıqca, müadilənin (tənliyin) qiyməti azalmaq elmi-cəbr qaydalarındandır. Dustana bir söhbətin xatiməsini təşkil edən bu bayağını yuxarıda zikr olunan rəfiqimə qarşı aşağıdakı vəchlə (sürətlə) təlxis (xülasə) etmiş idim: Əcələ bir surətdə maddətən tərəqqi edib mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı təcrih edirəm. Çünki millətin də, bəşəriyyətin də faydası bundadır. Binaən əleyh, başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstlik mədəniyyəti-bəşəriyyə naminə təqdir və təsdiq olunmalı zəruri və faydalı böyük bir fikirdir.