Məzmuna keç

Divan (Kişvəri)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Divan
Müəllif: Kişvəri

Ey xərməni-gül, gülşəni-rüxsarına qurban,
Sərvi-çəməni, qamətü rəftarına qurban.

Həm cani-girami ləbü-canbəxşinə sədqə,
Həm xaki-tənim nərgisi-bimarına qurban.

Didarını görsəm, keçərəm iki cahandan,
Ey iki cahan, dövləti-didarına qurban.

Bir söz degil, ey çeşmeyi-həyvan ki, bulurlar
Xizr ilə Məsih, ləbü güftarına qurban.

Ey zahidi-xudbin, nə bitər zühdü vərə'dən,
Gər bulmayasan Kişvəri tək yarına qurban.


***

Munca qan tökməkdin, ey xunxarə, usanmazmısan?
Munca xəlqi göydürüb, ey yar, usanmazmısan?

Ğəmzeyi-xupriz ilən, ey namüsəlman, hər tərəf
Xəstə canların qılıb əfkar, usanmazmısan?

Bülbüli-qəmdidənün bağrınə sancıb dəmbədəm,
Xari-həsrət, ey güli-bixar, usanmazmısan?

Ya dögərsən, ya sögərsən, ya sorarsan, ey pəri,
Munca məni-divanə, azar, usanmazmısan?

Xəstəxatir Kişvərilən acı-acı sözləşüb,
Ey ləbi-şirin, şəkkərgüftar, usanmazmısan?


***

Könlüm nəsibi çünki bəla qıldı yarədən,
Tabi-bəla götürmədi can, çıxdı arədən.

Çeşmimdin, ey qəzalə, fəraqində ağlasam,
Pürkalələr düşər cigərparə parədən.

Könlüm qəra qılur yüzini sənsiz ah ilən,
Qurtar, xuday içün məni bu yüzi-qarədən.

Baş ağrıdur səhər bu müəzzin dedükləri,
Ya Rəb, ki, anı Tanrı uçursun minarədən.

Könlündə heç rəhmi yox ol dilbərün, bəli
Mehri-giyah bitməz olur səngi-xarədən.

Bimarlıq nəhayətə yetti, gör, ey rəqib,
Goru kəfən yarağı ki, iş ötti çarədən.

Kirpikləri xiyal edə, ey Kişvəri, yenə
Bağrım bulub kəbabü asıldı qənarədən.


***

Vay kim, mən öldümü yar özgələr yari hənuz,
Məndən ol fariq, vəlikən mən giriftari hənuz.

Həsrətindən canə yettim də, nə bədbəxt adəməm
Kim, nəsib olmaz mana bir ləhzə didari hənuz.

Payimal ettin cəfa yolində xaki-cismümi,
Qopğusu bir zərrə tofrağım sənin sari hənuz.

Gərçi var özgə həvasi yarun, əmma vardurur,
Can anun müştaqüvü könlüm həvadari hənuz.

Ta pozulmur rişteyi-can, yüzməzəm səndən ümid,
Bir kəlafə iplikü Yusifi-xiridari hənuz.

Gecə kim uyxumə girsən, istərəm ol uyxunı,
Kim qiyamətdə dəxi olmayə bidari hənuz.

Kişvəri, könlünə azər etmə, degil ğəmzənə,
Düşmədin aramıza azari-bizari hənuz.