Məzmuna keç

Dolanır (Xəyyat Mirzə)

Vikimənbə saytından
Dolanır
Müəllif: Xəyyat Mirzə
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

  
Könül quşu yenə havalanıbdı,
Qalxıb ərş üzünə tağı dolanır.
Bilməm hansı vəfadara uyubdu,
Əyər olsa həyat, bağı dolanır.

Qüdrətdən çəkilib ağ nazik əllər,
Rizvan şanəsində daranır tellər,
Yarın oylağında gəzən gözəllər,
Cümləsi canıma yağı dolanır.

Mən oldum dünyada sənətə pərgar,
Hayıf sözlərimə yoxdu xiridar,
Mənə möhkəm ilqar verən nazlı yar,
Əğyar məclisində saqi dolanır.

Bilməm dostum hansı, düşmənim hansı,
Üzümə kəm baxdı xubların xası,
Dostun məzəmməti, düşmən tənəsi,
Xəyyat Mirzə, qəm otağı dolanır.