Məzmuna keç

Dolanır (qoşma, Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dolanır
Müəllif: Aşıq Ələsgər
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.

Axşam-sabah, çeşmə, sənin başına
Bilirsənmi, necə canlar dolanır!?
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır.

Afərin xudanın haqqı-sayına!..
Camalları bənzər bayram ayına,
Belə gözəllərin xaki-payına
Mənim kimi çox qurbanlar dolanır.

Gördüm gözəlliyin bizə bildirir,
Qaş oynadır, xəstə könlüm güldürür,
İşvəyü nazıyla adam öldürür,
Qəmzəsində nahaq qanlar dolanır.

Məni qoca gördü, ürbəndin açdı,
Ala gözlərinə gözüm sataşdı,
Huş başımdan getdi, xəyalım çaşdı,
Mürği-ruhum asimanlar dolanır.

Adım Ələsgərdir, Göyçə - mahalım,
Dolanım başına, mən dərdin alım,
Hüsnün şöləsinə xəstə xəyalım
Pərvanədi, şəmistanlar dolanır.