Dolana-dolana (Ağdabanlı şair Qurban)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dolana-dolana
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Bülbül idim, gülə həsrət,
Qaldım dolana-dolana.
Bu canımı eşq oduna
Saldım, dolana-dolana.

Nəzər sal didəm yaşına,
Yandım hicran ataşına,
Sədəqə yarın başına
Oldum, dolana-dolana,

Çəkdim firqət cəfasını,
Haçan sürdüm səfasını?
Can deyib, can qadasını
Aldım, dolana-dolana.

Artıb dərdim günü-gündən,
Əlli isə ötüb mindən.
Qurban deyər həsrətindən
Öldüm, dolana-dolana.