Dost və müəllim N.O.Lomourinin xatirəsi
Dost və müəllim N.O.Lomourinin xatirəsi (1915) Müəllif: Firudin bəy Köçərli |
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s. |
Hansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər.
İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır.
Hələ bir az bundan əvvəl yerli gürcü şairi Akaki Seretelinin cənazəsini Qoriyə yola salarkən Nikolay Osifoviç gözləri yaşarmış halda aşağıdakı sözləri dedi: "Şvidobit[1], şvidobit, əziz və unudulmaz dost! Tezliklə başqa, gözəl bir dünyada görüşərik…".
[1] Şvidobit — əlvida.
Onun peyğəmbəranə dediyi sözlər düz çıxdı. O öz dost və müəlliminin ayrılığına uzun müddət dözə bilmədi və ardınca ora, gedər-gəlməzlər dünyasına getdi.
Nikolay Osifoviç Xarkovda Ruhanilər akademiyasını qurtardıqdan sonra Tiflis dvoryan gimnaziyasında işləməyə başladı, lakin orada o uzun müddət xidmət etmədi. 1884-cü ildə o, Zaqafqaziya müəllimlər seminariyasında gürcü dili müəllimi vəzifəsinə təyin olundu və ömrünün sonuna kimi bu vəzifədə işlədi.
N. O. Lomouri gürcü dilinin gözəl bilicisi və belletrist sayılırdı. O öz povest və romanları ilə gürcü ədəbiyyatını bəzəyib zənginləşdirmişdir. Heç kəs gürcü qadınlarının kədərli taleyini, kəndli təbəqələrinin qəm və əzablarını N. O. Lomouri kimi sənətkarlıqla təsvir etmir.
Nikolay Osifoviç bir tərbiyəçi və ustad kimi uşaq qəlbini gözəl bilən təcrübəli bir müəllim idi, şagirdlərə ata məhəbbəti bəsləyirdi. Onun gənclərin tərbiyəsinə olan münasibətinin əsasını, şüurlu tələbkarlıq və ciddiliklə dolu insanpərvərlik təşkil edirdi. Razikaşvili qardaşları: Vaca Pşaveli, Baçana və başqaları kimi gözəl xalq maarifpərvərləri və istedadlı yazıçı və şairlər N. O. Lomourinin tələbələridir. O, seminariya şagirdlərinin hamısına eyni münasibət bəsləyir və gürcülərlə gürcü olmayanlar arasında fərq qoymurdu. Belə bir münasibətə görə, seminariyanın Azərbaycan şöbəsinin şagirdləri onu xristian pansionunun şagirdlərindən az sevmirdilər. Bir yoldaş kimi Nikolay Osifoviç səmimi insan idi: diqqətli, qayğıkeş və xeyirxah bir insan kimi o, yoldaşın və dostun səadəti üçün öz mənafeyini qurban verməyə hazır idi. Seminariya müəllimləri arasında ümumi hörmət və məhəbbət qazanmışdı. Heç kəs gənc nəslə Nikolay Osifoviç kimi təsəlli verməyi, yaxşı məsləhətlər etməyi bacarmırdı.
Əziz dost və unudulmaz yoldaş, sənə rəhmət olsun. Rəhmdil allah böyük kədər içərisində olan ailənə və saysız-hesabsız tələbələrinə səbr versin.