Məzmuna keç

Dost yolunda cəfa çəkdim, can üzdüm

Vikimənbə saytından
Dost yolunda cəfa çəkdim, can üzdüm
Müəllif: Qasım bəy Zakir
Mənbə: Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, "Yazıçı", 1984, 170 səh.


Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd!
Sərasər əndamım mum tək əridi,
Eşq atəşi düşüb canə, ay mədəd!

Muradımız şükufəsi bitmədi,
Bəlalı sərimdən sövda getmədi,
Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd!

Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana dartar,
Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!

Ayrı düşmək vətənindən yamandı,
Diyari-ğürbətda öldüm, amandı!
İtirmişəm yarı xeyli zamandı,
Axtarıram yanə-yanə, ay mədəd!

Bir kimsənin yoxdu məndən xəbəri
O qaşları yayı sevəndən bəri,
Şikəstə Zakirəm, ahım əsəri
Od salıbdı asimanə, ay mədəd!