Dostluğun sınağı
Dostluğun sınağı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Deyirlər ki, çoxdan lap çoxdan bir şahlıqda bir qarı yaşayırdı. Onun Ələsgər adında yeganə oğlu vardı. Ələsgər böyüdü, boylu-buxunlu, güclü bir gənc oldu. Bir gün anası ona dedi:
-Sən indi yekə kişisən. Öz çörəyini özün qazanan vaxtındır. Qazanc dalınca get!
Səhər qarı evdə olan axırıncı undan oğlu üçün iki lavaş bişirib, ona verdi.
-Bax ha, oğul, - deyə qarı yolqabağı oğluna öyüd verdi, - yolda özündən böyüyə rast gəlsən, onu “ağa” adlandır. Öz yaşına uyğun adamla rastlaşsan, onu özünə qardaş bil. Yol getdiyin adama deyərsən:
“Mən çox istəyirəm ki, səninlə birgə yol gedim. Ancaq mən bir saatlıq yaxınlıqdakı kəndə dəyməliyəm. Məni gözləyə bilərsənmi? Birgə yol gedəndə adamın ürəyi açılır”. Əgər o, səni gözləsə deməli, yaxşı yoldaşdır. Sonra, bir xeyli yol getdikdən sonra belə deyərsən:
“Mən çox yorulmuşam. Artıq yemək vaxtıdır. Gəl istirahət edək!” Və sən öz yol yoldaşına lavaşı uzat. Əgər o, lavaşı iki yerə bölsə, deməli, sənin sadiq dostun olacaq. Əgər sizin qarşınıza çay çıxsa, sən dərhal ayağını soyun. O, sənsiz suya girməyib, desə ki: “Niyə biz ikimiz də, ayaqlarımızı suya salaq? Gəl mən səni belimdə o tərəfə keçirim”, bil, bu yoldaş həyatın boyu sənin dostun və qardaşın olacaq.
Qarı oğluna öz öyüdlərini verdi və gənc yola düzəldi. Ələsgər az getdi, çox getdi, nəhayət, yaşlı bir adama rast gəldi. Həmin adamla bir az yol getdikdən sonra, o, anası öyrətdiyi kimi dedi:
-Ağa, məni bir az gözləyə bilərsənmi? Mən qonşu kəndə dəyib, qayıdıram.
O, bir az aralanıb yoldakı kolun dalında gizləndi. Gördü ki, qoca bir az gözləyib, çıxıb getdi. Ələsgər yoluna davam etdi. Ertəsi gün səhər o, bir gəncə rast gəldi, həmin adam ondan bir az böyük idi. O, bildirdi ki, adı Əlağadır. Onlar tanış olub, birlikdə yol getdilər. Bir az gedəndən sonra Ələsgər dedi:
-Qardaş, məni bir az gözləyə bilərsənmi? Burada otur, mən yaxınlıqdakı kəndə dəyib gəlirəm.
O, yolun kənarındakı daşın dalında gizləndi.Ələsgər gördü ki, yol yoldaşı sakitcə oturub, onu gözləyir.Ələsgər sevindi və öz-özünə dedi: “Bax, məhz bu, mənim yoldaşım olacaq!”
Yoldaşlar yollarına davam elədilər və nahar vaxtı çatanda, Ələsgər Əlağaya lavaş uzatdı. O, lavaşı iki yerə böldü, hər kəsə eyni bərabərdə pay düşdü. “Əlağa mənim əsl dostum olacaq!” – deyə Ələsgər fikirləşdi.
Onlar az getdilər, çox getdilər, qarşılarına iti axan gur çay çıxdı. Ələsgər başladı ayağını soyunmağa. Əlağa dedi: “Niyə biz ikimiz də ayaqlarımızı soyunaq və suya girək? Sən mənim belimə min və mən səni çaydan keçirim”.
Ələsgər sevindi. O, yəqin etdi ki. Əlağa əsl dost və yoldaşdır.
Onlar yenə xeyli yol getdilər və dərin bir mağaraya rast gəldilər. Dostlar bura daxil oldular və gördülər ki, mağara ləl-cavahiratla doludur. Dostlar buradakı var-dövlətə əməlli – başlı baxmamış, birdən səslər eşitdilər. Bunlar bir dəstə quldur idi. Quldurlar şahın xəzinəsini qarət etmişdilər, indi də qəniməti bölməyə hazırlaşırdılar. Onlar hər şeyi böldülər, növbə qızıl tutacağı olan qılınca çatanda möhkəm mübahisə başladı və yumruqlar işə düşdü.
Mübahisənin qızğın çağında Ələsgər bir daş götürüb onlara tərəf atdı. Qorxmuş quldurlar fikirləşdilər ki,mağarada kabus var və buradan qaçdılar. Ələsgər isə onları qovanda dərin bir dərəyə düşdü. “Əgər Əlağa məni burdan çıxarsa, o, mənim əsl dostum və qardaşım olacaq, - deyə Ələsgər fikirləşdi.
- Əgər, məni çıxarmasa, mənim axırım çatıb.”
Bu vaxt o, eşitdi:
-Ey, Ələsgər, mən sənə kəndir atıram!
Əlağa Ələsgəri dərədən çıxardı.
-Sağ ol, qardaş, - deyə Ələsgər onu qucaqladı: - Ömür boyu sənin yaxşılığını unutmaram.
-Sən niyə mənə öz minnətdarlığını bildirərsən? – deyə Əlağa təccübləndi.
-Düzdür, burada qızıl, qiymətli daşlar və başqa var- dövlət istənilən qədərdir. Əgər mən bunlara sahib olsaydım, şah kimi əzəmətli,varlı olardım. Lakim mənə var- dövlət lazım deyil, mənə təmiz vicdanım vacibdir. Çörəyini və yolunu mənimlə bölüşəni köməksiz qoyub gedə bilərdimmi?
Gənclər var- dövlətlə Ələsgərin anasının yanına qayıtdılar. Qarı çox sevindi ki, onun öyüdləri oğlu Ələsgərə kömək edib və o, özünə əsl dost tapıb.
Mənbə
[redaktə]- Dağıstan xalqlarının nağılları, Bakı, 2013.