Dovşana ad verilir
Dovşana ad verilir Müəllif: Şifahi xalq ədəbiyyatı |
Keçmiş zamanlarda iki qonşu var idi: ikisi də ovçu idi. Bir
dəfə maral tutmaq üçün tor qurmağa getdilər.
Birinci ovçu toru adi qayda üzrə yerdə qurdu. İkinci ovçu isə
torunu ağacın başında qurdu.
Torlarını qurandan sonra qayıdıb evlərinə getdilər. Torunu ağacın başında quran ovçu tezdən, dan yeri sökülməmişdən torlara baxmağa getdi.
Torunu yerdə quran qonşunun tələsinə maral düşmüşdü. Ağacın başında qurduğu öz torunda isə maral yox idi. Onda o, qonşunun tələsindən maralı çıxarıb öz toruna, ağacın başında qurduğu toruna saldı. Sonra da qayıdıb evinə getdi. Yıxılıb yatdı.
Ovçu o vaxtacan yatdı ki, gün qalxıb bir boy oldu. Bu vaxt qonşusu gəlib onu oyatdı, onlar birlikdə meşəyə getdilər. Hər iki ovçu meşəyə çatıb gördü ki, yerdə qurulan tələ bağlıdır. Onun içində isə heç nə yoxdur. Ətrafında çoxlu iz var, elə bil ki, maral burada çırpınmışdır. Torda bir çəngə maral yunu ilişib qalmışdı.
Ancaq ağacın başındakı torda ölü bir maral asılıb küləkdən yellənirdi. Yerdə tor quran birinci ovçunun ürəyinə şəkk damdı. Özlüyündə belə düşündü:
“Hələ indiyəcən heç bir maral ağacın başına çıxmamışdır. Bəs necə olub ki, bu maral mənim qonşumun toruna atılıb düşüb? Yox, maral əlbəttə mənim toruma düşüb, bu adam isə onu oğurlayıb öz toruna aparıb qoyub!”
Birinci ovçu bu fikirlə evinə qayıdıb əhvalatı arvadına danışdı. Arvadı da onun fikrinə şərik çıxdı və ovçunu başa saldı ki, məhkəməyə şikayət etsin. Ovçu məhkəməyə getdi və qonşusundan şikayət elədi.
Hakim ikinci ovçunu çağırdı. Hər ikisini dindirdi. Hakim dedi:
– Qanuna görə, torun ağacın başında ya başqa yerdə qurulmağından asılı olmayaraq, tora düşən heyvan torun sahibinə ça- tır. Birinci ovçunun – yerdə torunu quranın şikayəti düzgün deyil, ona görə də o, ikinci ovçuya iki maral da verməlidir. Ovçu belə bir qərar ilə razılaşmadı, üç gün ona möhlət verilməsini xahiş etdi. O, üç gündən sonra özünün haqlı olduğunu sübut etməyə söz verdi. Hakim ona üç gün möhlət verdi və tapşırdı ki, hər iki ovçu üç gündən sonra səhər düz səkkiz tamamda onun yanında olmalıdırlar. Kim bircə dəqiqə də geciksə, o, işi uduzmuş hesab olunur.
Birinci ovçu bütün hər cür işləri aça bilən yaxşı bir vəkil tapmağa getdi. O vaxtlar hələ heç kəs dovşanın müdrikliyini bilmirdi, odur ki, bizim ovçu gəzib ağıllı adam axtarırdı. Elə oldu ki, qabağına bir dovşan çıxdı.
– Aha, meymunlar padşahı! – deyə dovşan səsləndi. – Siz hara belə tələsirsiniz?
Ovçu dayandı.
– Mən bir vəkil axtarıram, – deyə o cavab verdi. – Məhkəmədə mənim mübahisəli bir məsələm var.
– Bilmək olarmı nə işdir?
Ovçu əhvalatı ona danışdı, məhkəmənin hökmünü dedi və əlavə etdi ki, üç gün möhlət alıb, odur ki, indi vəkil axtarır.
– Cənab hakim bizə əmr etdi ki, səhər düz səkkiz tamamda onun yanında olaq, – deyə ovçu dovşanı başa saldı. – Mən üç gündür ki, işi aça bilən ağıllı vəkil axtarıram, indiyə kimi də tapmamışam. Ona görə də belə tələsirəm!
– Sizin işiniz elə budur? – deyə dovşan soruşdu. – Heç nədən qorxmayın, mənə bel bağlaya bilərsiniz! Yaxşı, əgər mən işi udsam, onda mənə nə verəcəksən?
– Mən sənə pul verərəm.
Dovşan gülməkdən uğundu.
– Mən sənin pullarınla nə eləyim? – deyə dovşan səsləndi.
– Mənim ancaq dəymiş banandan xoşum gəlir. Əgər işi udmaqda mən sənə kömək elədim, sən öz maralını aldın, onda mənim üçün bir salxım dəymiş banan gətirməyini xahiş edirəm. Belə banan tapa bilərsənmi?
– Tapa bilərəm, – deyə ovçu cavab verdi. – Sən istədiyin qədər banan alacaqsan.
– Onda sabah səhər mənim yanıma gəl.
Ovçu dovşandan ayrılıb getdi. Səhəri ovçu bir salxım dəymiş banan götürüb meşəyə, dovşanın yanına getdi. Dovşan çox sevindi. O, bir neçə banan yedi, qalanlarını da özü üçün nahara gizlətdi. Gün get-gedə yuxarı qalxırdı. Saat səkkizə az qalırdı, ovçu dovşanı tələsdirməyə başladı:
– Cənab dovşan, getmək vaxtı deyilmi? Qorxuram ki, gecikək!
– Heç dəxli var, gecikərik, gecikərik də! Canın sağ olsun! – deyə dovşan cavab verdi. – Qorxunu bir tərəfə qoy, mənə inan və heç nədən narahat olma!
Ancaq ovçu get-gedə daha çox narahat olurdu. Nahaq yerə də narahat olmurdu: ancaq saat doqquza az qalmış, ovçu ilə dovşan məhkəməyə gəlib çatdılar.
Hakim soruşdu:
– Bu dovşana burada nə lazımdır?
– Bu yoxsul öz işini mənə tapşırıb, – deyə dovşan cavab verdi.
– Mən onu müdafiə edəcəyəm.
Hakim ovçuya dedi:
– Ancaq sən yaddan çıxarmısan ki, mən, səhər saat səkkiz tamamda burda olmağınızı əmr etmişdim! Kim lap bircə dəqiqə də geciksə, hökm onun əleyhinə kəsiləcəkdir. Bəs siz indiyə kimi harada idiniz?
Dovşan o saat etiraz elədi:
– Cənab hakim, mən xahiş edirəm bizi bağışlayasız! Bizim gecikməyimizdə bu adamın heç bir günahı yoxdur. Bütün taqsırlar məndədir, inanın mənə! Mən səhər alaqaranlıqdan yola çıxmışam, ancaq yolda elə bir möcüzə gördüm ki, uzun zaman özümə gələ bilmədim. Mən ömrümdə o cür qəribə şey görməmişdim! Hətta cənab hakim, siz də... hətta siz də görsəydiniz heyrətinizdən donub qalardınız!
– Səni hansı möcüzə heyrətə salıb? – deyə hakim soruşdu.
Dovşan da öz əhvalatını danışdı:
– Hörmətli cənab hakim! Mən məhkəməyə tələsirdim, birdən çoxlu balıq gördüm. Onlar Təmər-hindi ağacının budaqlarına dırmaşıb çiçəklərini yeyirdilər! Onlar ağacdakı bütün çiçəkləri eyib qurtardılar! Mən heç gözlərimə inana bilmirdim. Bu balıqlar budaqlara elə məharətlə dırmaşırdılar. Mən onlara baxıb heyrətimdən bircə addım da ata bilmədim!
Hakim dedi:
– Dovşan yalan deyir! Buna heç bir şübhə ola bilməz! Kim ömründə heç olmasa bircə dəfə görüb ki, balıq ağaca dırmaşsın? Heç kəs!
Dovşan qəhqəhə çəkib güldü:
– Cənab hakim! – dedi. – Mən sizə Təmər-hindinin çiçəklərini yemək üçün ağaca dırmaşan balıqlardan danışdım, siz də deyirsiniz ki, mən yalan deyirəm. Ancaq bizim düşmənimiz sizə ağacın başında qurulan tora düşmüş maraldan danışır, siz də ona inanırsınız ki, o doğru söz deyir; cənab hakim, məgər siz heç ömrünüzdə görmüsüz ki, maral ağaca dırmaşsın?
Hakim dovşanın çıxışına qulaq asdı və onun ağıllı dəlillərilə razılaşmalı oldu. O, maralı yerdə torunu quran birinci ovçuya kəsdi. İkinci ovçunu – maralı oğurlayanı qonşusuna iki maral verməyə məcbur etdi.
İnsanlar o gündən dovşanın tədbirli və ağıllı olmasını bildilər. O vaxtdan bəri də onu Dovşan Sofea çağırırlar ki, bu da: Dovşan – Müdrik Vəkil deməkdir.