Dua və təvəkkül
Dua və təvəkkül Müəllif: Abbasqulu ağa Bakıxanov |
Abbasilər dövləti hökmrandı,
Bu vaxt düşdü bərk quraqlıq Bağdada.
Hərarətdən ürək yandı, dil yandı,
Susuzluqdan Dəclə gəldi fəryada.
Qadın-kişi ağlayaraq bu zaman,
Biyabanda əl açdılar səmaya.
Yalvardılar. Etdikləri ah-aman,
Heç bir təsir göstərmədi xudaya.
Bu maraqlı əhvalatı görərək,
Məcnunnüma Bəhlul bir dəm açdı dil,
Söylədi ki, sərf etməyin boş əmək,
Ey avamlar, bu yalvarış düz deyil.
Nə çıxar bu yersiz ahü nalədən,
Bu nə dua axı, bu nə həyəcandır?
Dərdə əlac yolu deyil bu şivən,
Bizə gizli şey--allaha əyandır.
Biz bağlarkən qapımızı gecələr,
Açar niyaz qapısını yaradan,
Gecə xəlvət tapar hər sahibnəzər,
Çətin dərdə gecədir ən xoş dərman.
Gecə sakit, kəsiləndə səs, səda,
Təsir edər dualar bil, daha da.
Gecə hisslər açıqdır tamam, kamal,
Haqq demişdir: «Gecələri olma lal».
İnandılar, toplaşdılar sərasər,
Məcnunnüma Bəhlul ilə bərabər.
Üz qoydular səhraya gecə yarı,
Bağ yanından düşdü bu dəm yolları.
Bəhlul döydü o qapını nagahan,
Taki çölə çıxdı təlaşla bağban.
Dedi: «Nədir bu vaxt belə iztirab?»
Bəhlul isə verdi ona tez cavab:
«Nə yatmısan qəflətdə ey filani,
Durub bağa sən bir az su versənə».
Bağban dedi: «Ey aləmin nadani,
Sənə əbəs demədilər divanə.
Bu nə yersiz təklifdir, məni gecə,
Hay-küy salıb qaldırırsan ayağa?!
Bağban özü yaxşı bilir ki, necə,
Nə zamanda su verəcək o bağa».
Bəhlul baxıb camaata məstanə,
Dedi ki, ey ağıldan dəm vuranlar,
Kimdir deyin indi dəli, divanə,
Bu işlərdən etmək lazım sizə ar.
Bu bağbandan ibrət alın, de məgər,
Allah bilmir işini bağban qədər?!
Ey Qüdsi, bax biz əcəb biçarəyik,
Dünyadan və dindən də avarəyik.
Nə təvəkkül bacarırıq dünyada,
Nə də ağıl gəlir bizə imdada.