Eşşək əhvalatı
Eşşək əhvalatı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017. |
İki elti olur. Bunlar bir-biri ilə çox mehriban dolanırlar. Evin bütün işlərini həvəslə görür, boş vaxtlarında şirin-şirin söhbət eləyirdilər. Bir gün fikirləşirlər ki, qaynanaya ehtiyacları yoxdur. Ondan qurtulmaq lazımdı. Arvadın əlini-ayağını bağlayıb təndirə salırlar. Sacı da təndirin ağzına qoyurlar. Qaynana nə qədər yalvarır, onu təndirdən çıxartmırlar. Gəlinlərin başı söhbətə qarışır. Bir də baxırlar ki, axşam olub. Tez çöl işlərini görməyə başlayırlar. Qaynana təndirdə oturub qulaq asır. Toyuq-cücə səsi gəlir. Arvad fikirləşir ki, aha, toyu-cücəni içəri saldılar. Bir azdan qoyun-quzu səsi gəlir. Sevinir ki, qoyun-quzunu da tövləyə saldılar. Sonra inək-dana səsi gəlir. Arvad onun da yerbəyer olduğunu bilir. Ha gözləyir eşşəyin səsi gəlmir. Bağırır:
– A bala, eşşək meşədə qaldı. Canavar yeyəcək.
Nə qədər bağırır, hay verən olmur. Eşşəyin də səsi gəlmir. Gəlinlər də fikirləşir ki, arvad təndirdən çıxmaq üçün bağırır. Əlacı kəsilən qaynana eşşək kimi anqırmağa başlayır. Bunu eşidən gəlinlər:
– Vay, eşşək meşədə qaldı, – deyib, çölə qaçırlar.
Eşşəyi gətirəndən sonra arvadı təndirdən çıxarıb üst-başının külünü çırpıb təmizləyirlər. Əl-ayağının ipini açırlar:
– Sən elə burdaca otur. İşlərimizə nəzarət eləməyin bəsdi. Sən eşşəyi yadımıza salmasaydın, qurd yeyəcəkdi, onda vay bizim halımıza, – deyirlər.