Eşitmişdik, qulluğuna yetişdik

Vikimənbə saytından
Eşitmişdik, qulluğuna yetişdik
Müəllif: Aşıq Pəri
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Eşitmişdik, qulluğuna yetişdik,
Gördük ki, düşmüsən dildən-dilə sən.
Unutmayıb müsəlmanlıq şərtini,
Matəm tutub bir insafa gələsən.

Bu işdə Qədirin varıdır rayı,
Yetən kəslər ona deyir sevdayı
Aralığa düşüb məhərrəm ayı,
Layiq deyil onda deyib-güləsən.

Yaxşı yetər imamı fəryadına,
Belə işin ləzzəti nə, dadı nə?
Adam bildik biz də gəldik adına,
Adamlığı qanmayıbsan hələ sən.

Ey Pəri, təcil et sualında sən,
Nöqsan yetiribsən kəmalında sən,
İmdi zurna çalmaq xəyalındasan,
Onu gərək axirətdə çalasan.