Eşqin əzablarından sənə şikayətim var
Görünüş
Eşqin əzablarından sənə şikayətim var Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Eşqin əzablarından sənə şikayətim var,
Məni dinlə, bağrımı hicran odu yandırar.
Nur qalmadı gözümdə, tökdükco göz yaşları,
Gəncliyim eşq odunda yandı mənim, a dostlar!
Kaş gözüm kor olmadan yar üzünü görəydim,
Kaş verəydi eşqimin cavabını o dildar.
Səni sevdim, süründüm, dostlar məni danladı,
Danlaq məgər aşiqi eşq əlindən qurtarar?
Qədəh götür, mey gətir, dumanlandır başımı,
O şərabdan içirt ki, Günəş kimi nur saçar.
Bu rəsmdir, deyirlər, duman çöksə Günəşdə,
Sərab olan vadilər dəniz kimi parlayar.