Eşqin ey dilbǝr, könül tǝxtindǝ şah olmuş durur

Vikimənbə saytından
Jump to navigation Jump to search
Eşqin ey dilbər, könül təxtində şah olmuş durur
Müəllif: Şah İsmayıl Xətai



Eşqin ey dilbǝr, könül tǝxtindǝ şah olmuş durur,
Surǝtin can mülkinǝ xurşidü mah olmuş durur.

Eşqini könlümdǝ mǝn dǝxi neçün pünhan edim,
Ruyi-zǝrdim, ǝşgi-sürxim çün güvah olmuş durur.

Müddǝilǝrdǝn dǝxi cana nǝ fikrim var mǝnim,
Bǝndǝyǝ çün sǝn kimi sultan pǝnah olmuş durur.

Bağçada hüsnün gülünü bülbüli-şeyda görüb,
Axdı yaşı danǝ-danǝ bǝnzi kah olmuş durub.

Hüsnini hǝr kim ki, gördü valehü heyran olub,
İşi onun dünyada fǝryadü ah olmuş durur.

Çün cǝmalın gördü düşmǝn, qılmadın anǝ nigah,
Müddǝilǝrnin mǝqami bǝndü çah olmuş durur.

Bu Xǝtai yüzüni ta gördü ey, xubi-Xötǝn,
Ol Xǝtavü Hind elindǝ padşah olmuş durur.