Edərəm eşqi ilə canımı dildarə fəda

Vikimənbə saytından
Edərəm eşqi ilə canımı dildarə fəda
Müəllif: Hüseyn Nadim Naxçıvani
Mənbə: Hüseyn Nadim Naxçıvani. Divan. Bakı,2011

Edərəm eşqi ilə canımı dildarə fəda,
Necə Sən`an elədi canını küffarə fəda.

Sən qəbul et məni qurbanlığa, qurbanın olum,
Qoy edim canımı ol səfheyi‐rüxsarə fəda.

Aşiqin canı həmişə rəhi‐cananda çıxar,
Yoxsamı aşiqi mə`şuqinə yalvarə, fəda.

Neçə müddətdi könül vəslinə amadə olub,
Yetmədim vəslinə, ta canım edəm yarə fəda.

Nə edim, istəyirəm ayrı cür illac eləyim,
Düşürəm dərdü qəmə, tapmayıram çarə, fəda.

Nadiməm, ya yetişəm vəslinə dünyadə gərək,
Ya ki, payində olam dilbəri‐xunxarə fəda.