Elmi mübahisələr/Diletantın qəzəbi, yoxsa elmdə reketlik (T.Hacıyevə cavab)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ön söz Elmi mübahisələr. Diletantın qəzəbi, yoxsa elmdə reketlik (T.Hacıyevə cavab)
Müəllif: Kamil Allahyarov
Elmdə populizm – saxtakarlıq və cinayətdir (T.Hacıyevin həmyerlilərinə cavab)


Məlum olduğu kimi, diletant elə adamlara deyilir ki, onlar xüsusi təhsil, ixtisas hazırlığı tələb edən hər hansı bir fəaliyyət sahəsində yer tutmağa çalışırlar (və yaxud artıq tutmuşlar), ancaq belə təhsil almayıblar və lazımı hazırlığa malik deyillər. Düzdür, dünya təcrübəsində elə insanlar da məlumdur ki, formal cəhətdən diletant olsalar da (yəni peşəkar statusu almasalar da), elm və texnikanın inkişafında onlar çox böyük rol oynamış, bəziləri isə, hətta bu sahələrdə korifey olmuşlar. Ancaq təəssüf ki, belə istisnalar Azərbaycan mühitinə xas deyildir; burada hətta bəzi hallarda biz bunun əksini görürük: müəyyən sahələrdə təhsil və deməli, az-çox bilik əldə etmiş adamlar sonradan, məlum səbəblər üzündən son onilliklərdə Azərbaycanda populyar olan qədim tarix və etnogenez sahələrinə keçir (halbuki onların 99 faizi heç etnologiya elminin adını da eşitməyiblər) və əvvəlki ixtisas peşələri sahələrində əldə etdikləri az-çox biliklərini də unudurlar (bu, daha çox dilçilərə aiddir).

Belə savadsız, ancaq olduqca iddialı alimlər (əgər onlara «alim» demək mümkündürsə) öz ixtisası sahəsindəki savadsızlıqlarını pərdələmək üçün daha tez-tez qədim dövr tarixi və mədəniyyəti məsələlərinə baş vurmağı xoşlayırlar. Çünki birinci, bu sahədə yazılan yalanları xalq o qədər də aydın şəkildə anlaya bilmir. Digər tərəfdən isə, həssas etnik məsələlərlə bağlı olan belə yalanları görüb, buna etiraz edənləri «antitürk», «xalq düşməni» elan etməklə, bu cür qeyri-elmi, qeyri-insani və mürtəce üsullarla onların əleyhinə təbliğat apararaq, onları susdurmaq asandır. Eyni zamanda bu üsulla savadsız kütlə arasında özünə, yalandan olsa da, ucuz imic qazanmaq və özünü elmin «Koroğlusu» kimi qələmə vermək mümkündür. Bu cür alimlərin «Koroğlu» yox, ən yaxşı halda «kor kişinin oğulluğu» olmasını başa düşənlər isə olduqca azdır. Nəticədə, elm «Onda ki, övladi-vətən xam idi // Ax necə kef çəkməli əyyam idi» formulundan yaranmağa çalışan bir qrup fırıldaqçı adamın əlində qazanc mənbəyinə çevrilir. Təbiidir ki, belə halda xalqın inkişafı, gələcəyi üçün son dərəcə gərəkli olan həqiqi, akademik elm yerində saymağa başlayır. Sabir demişkən, «Əcnəbilər seyrə balonlarla çıxır // Biz hələ avtomobil minməyirik». Çox vaxt vəziyyət o yerə gəlib çatır ki, ən adi elmi tədqiqat metodlarından və prinsiplərindən xəbərsiz psevdoalimlər elmimizdə yaranmış boşluqlardan istifadə edərək, yalançı vətənpərvərlik pərdəsi altında tarixşünaslıq və etnologiya elminin ən adi aksiomlarına zidd fikirlər söyləməyə başlayırlar. Qədim dövr tarixinə aid etnik və ərazi məsələlərinin müasir dövrdə tarixi və elmi əhəmiyyətindən başqa, heç bir digər, o cümlədən də siyasi-hüquqi əhəmiyyətinin olmadığını da nəzərə aldıqda, belə «elmi əsərlər»in tam mənasızlığı aydın olur. Əgər biz buraya onu da əlavə etsək ki, dünya elminə nəinki əzəldən, hətta son beş-altı min il ərzində eyni bir ərazidə yaşayan heç bir xalq məlum deyildir, onda gülünc «sübutlar» əsasında söylənilən belə fikirlərin nə qədər cəfəng olduğu da aydın olacaqdır. Bunu belə gülünc fikirlər söyləyən alimlərin özləri də bildiklərinə görə onlar belə əsərlərini heç bir xarici dilə, hətta rus dilinə belə tərcümə etdirmirlər. Onlar belə fikirləri ilə ancaq öz xalqımızı aldadırlar. Ermənilərin xarici ölkələrdəki yalançı təbliğatına bizim yalanla cavab verməyimizə də (o da Bakıda Azərbaycan dilində) ehtiyac yoxdur; çünki Qafqazın qədim xalqları və azərbaycanlıların qədim əcdadları barədə ciddi alimlər tərəfindən yazılmış və bir çox dünya ensiklopediyalarında özünə yer almış məlumatlar onsuz da bizim xeyrimizədir. Xaricdə yalançı erməni təbliğatının ifşası üçün bizə sadəcə bunlardan istifadə etməyi bacarmaq kifayətdir.

Yaranmış vəziyyəti nəzərə alaraq, biz «Qədim Turan: mifdən tarixə doğru» adlı kitabımızın birinci fəslində dünya tarixşünaslığının bəzi aksiomları, həmçinin Azərbaycanda geniş yayılmış yalançı elmdəki «zahiri səs bənzərliyi» metodunun tamamilə yanlış, qeyri-elmi və gülünc olmasını göstərmək qərarına gəldik. Biz bütün bunları çox aydın və inandırıcı şəkildə şərh etməyə çalışdıq ki, hər bir oxucu bunu başa düşsün və nəticədə, yalançı alimlər elmi cəfəngiyata çevirən həmin gülünc metodlardan imtina etməyə məcbur olsunlar. Çünki həqiqi elmi prinsiplər üzrə tədqiqat aparmaq qabiliyyətində olmayan «alimlər» yalançı elmin metodlarından öz şəxsi mənafeyi naminə, bu xaltura üsulu ilə «əsərlərinin» sayını artırmaqla yeni-yeni elmi rütbələr almaq naminə istifadə edirlər. Gənc tədqiqatçılar isə bunu bilməyərək, elmi metodların elə məhz bu cür yalançı üsullardan ibarət olduğunu düşünərək, onlar da yalançı elmlə məşğul olmağa başlayır və nəticədə, başabəla alimlərə çevrilirlər. Bu isə Azərbaycan elminin gələcəyini uçuruma aparır. Ancaq bizim bu açıqlama prof. T. Hacıyevin kəskin qəzəbinə səbəb oldu və o, «Elm» qəzetinin 20 mart, 2007-ci il tarixli nömrəsində dərc etdirdiyi böhtan dolu məqaləsində bizim guya savadsız olduğumuzu «sübut» etməyə və oxucuları bizə qarşı qoymağa çalışdı.

Hacıyevin çox səciyyəvi cəhətlərindən biri də budur ki, o, səhvlərini başa düşdükdə belə heç vaxt öz səhvlərini etiraf etmək istəmir. Bunun da səbəbi aydındır: əgər o, öz səhvlərini etiraf etsə, onda gərək özünün bütün «elmi yeniliklərindən» imtina etsin. Biz yalnız bir dəfə onun öz səhvini etiraf etməsinin şahidi olmuşuq: müasir aşıqlardan biri «Qaraoğlu» adlı bir dastan düzəltmişdi, bir toplayıcı isə onun mətnini yazıya alıb, çap etdirmişdi. Bütün tədqiqatçılar bu dastanın müasir dövrdə düzəldildiyini dediyi halda, hər işdə birinci olmağa çalışan T.Hacıyev dərhal həmin dastanın tədqiqinə başlayıb, özünün «tədqiqat metodlarına» əsasən müəyyənləşdirdi ki, bu dastan «Dədə Qorqud»un “xələfi yox, sələfidir», yəni «Dədə Qorqud»dan da qədimdir. Sonralar Hacıyev həmin dastanın müasir dövrdə düzəldildiyini etiraf etdi. Ancaq səhvini başa düşdüyünə görə yox, həmin toplayıcı ilə münasibətlərinin pisləşdiyinə görə.

T. Hacıyevin kitab və məqalələri sayca çox olsa da, bu adam hətta bilavasitə məşğul olduğu dil tarixi və qorqudşünaslıq sahələrində belə az-çox elmi əhəmiyyətə malik olan heç bir əsər yazıb ortaya qoya bilməmişdir. Onun kitablarının səciyyəvi xüsusiyyətləri ümumi sözçülükdən, dəfələrlə başqaları tərəfindən deyilmiş köhnə fikirlərin təkrarından, primitiv və bir qayda olaraq, səhv mühakimələrdən, ən yaxşı halda isə adi adamların da edə biləcəyi təsvirçilikdən ibarətdir. Hacıyev özündən yeni bir «elmi fikir» demək istədikdə isə dərhal çox kobud və gülünc səhvlərə yol verir. Ümumiyyətlə isə, onun hər bir kitabı səhv və yanlış fikirlərlə doludur. Nümunə üçün onun yaradıcılığının zirvə dövründə - 1994-cü ildə nəşr etdirdiyi «Füzuli: dil sənətkarlığı» adlı kitabçasına nəzər salaq. Həmin kitabçanın elə ilk cümləsi belədir: «İlk təmiz Azərbaycan türkcəsi Füzulidən başlanır» (s. 3). Halbuki hər bir şagird də bilir ki, «təmiz türkcə» baxımından Füzulidən əvvəl yaşamış, demək olar ki, hər bir Azərbaycan şairinin (məsələn, Həsənoğlunun, Qazi Bürhanəddinin, Nəsiminin) dili daha sadə və daha təmizdir. Ərəb və fars sözləri ilə son dərəcə çox yüklənmiş Füzuli şeirlərinin üstünlüyü isə onlarda ifadə edilmiş dərin mənalı zərif poetik fikirlərin çoxluğunda və onların estetik gözəlliyindədir. Hacıyev isə belə primitiv və səhv fikirlər əsasında Azərbaycan dilinin tarixinə dair dərsliklər yazır.

İndi görək Hacıyev «təmiz türkcəli» Füzuli şeirlərinin mənasını necə başa düşür və izah edir. Nümunə üçün nisbətən sadə və asan anlaşılan bir beyt götürək:

Bir-birinə bəs ki, sancıldı tənimdə oxların,
Mürği-ruhum qeydinə oldu mürəttəb bir qəfəs.

Bu beyti Hacıyev belə şərh edir: «Oxlar necə gəldi sancılmır, şair onları sistemlə yerləşdirir – dikinə, eninə, uzununa. Və biçimli həndəsi fiqur alınır. Bu həndəsi fiqur kök qəfəsinin modelini canlandırır. Beləliklə, oxlar Aşiqi öldürmək yox, əksinə, yaşatmaq işi görür» (s. 23). Beytin həqiqi mənası isə belədir:

Atdığın (qəmzə) oxları bədənimdə bir-birinin (üstünə)
     o qədər çox sancıldı ki,
Ruhum quşunu dustaq etmək üçün bir qəfəs düzəldi.

Hacıyevin fikrincə isə bu beyti yazmaqda Füzulinin məqsədi heç də deyilən poetik fikrin ifadəsi yox, həndəsi fiqur yaratmaqla aşiqi yaşatmaq imiş. Bu necə «təmiz türkcə»dir ki, respublikanın 1 №-li dil tarixçisinin özü onu anlamır. Cənab akademik, əgər siz XVI əsrdə Azərbaycan dilində yazılmış asan bir mətni düzgün başa düşə bilmirsinizsə, belə adi məsələlərdə düzgün fikir söyləmək iqtidarında deyilsinizsə, sizin heç bir anlayışınız olmadığı şumer dili ilə, qədim dünya məsələləri ilə nə işiniz var? Bilavasitə ixtisasınız olan sahədə sizin savadınız, qabiliyyətiniz bundan ibarət olduğu halda, digər sahələrin mütəxəssislərinə niyə böhtan atırsınız? Klassik dövr ədəbi dilimizi düzgün başa düşə bilməyən Hacıyev bu məqaləsində də 5 min il öncə mövcud olmuş Şumer dövrünə baş vuraraq, özünə məxsus hoqqabazlıqla yazır: «Aratta türk sözüdür, arattalılar türklərdir… Allahyarovun ya tarixin bu dərinliklərindən xəbəri yoxdur, ya da öz ideoloji məxrəcinin yabançılığının tərkibi ilə bunlara göz yumur».

Hacıyev bilmir ki, «Aratta» sözü «Urartu» adının (Bibliyada - Ararat) şumer dilindəki tələffüz formasıdır. Deməli, şumerlər «Aratta» deyərkən tanımadıqları uzaq Altayı yox, qonşuluqlarındakı Urartu dövlətini nəzərdə tutublar. Bu da artıq çoxdan məlumdur ki, Hacıyev və onun kimilər tərəfindən «türklərin düşməni» elan edilmiş Avropa alimləri Orxon-Yenisey mətnlərinin türk dilində yazılmasını müəyyənləşdirib, bütün dünyaya tanıtdıqları kimi, onlar Urartu kitabələrinin də müasir çeçen və inquş xalqlarının ulu əcdadlarının dilində yazılmasını çoxdan sübut etmişlər (Təbiidir ki, Hacıyevin bundan da xəbəri yoxdur). «Rusiya tarixi» adlı dərslikdə (M., 2001, s.17) oxuyuruq: «Sübut olunub ki, Urartu və ona qohum olan hürri dilləri müasir veynax (çeçen və inquş) dillərinin uzaq qohumlarıdır». Ona görə də, cənab professor, müasir zamanda Orxon və Yenisey mətnlərinin rus və yaxud Çin dilində yazılmasını iddia etmək nə qədər gülünc görünürsə, Urartu (Aratta) dilinin türk və ya erməni (ermənilər də Urartunu öz dövlətləri hesab edirdilər) dili olmasını söyləmək də o qədər gülüncdür.

Bu cür gülünc və elmdən kənar fikirlərə Hacıyevin istənilən kitabında istənilən qədər rast gəlmək mümkündür və biz bunu sübut etməyə həmişə hazırıq. Buradan da aydın olur ki, Hacıyev öz əsərlərində yalançı türkçülük pərdəsindən nə məqsədlə istifadə edir: əgər kimsə desə ki, T. Hacıyevin yazdığı dərsliklər tədris üçün yararsızdır, türkçülük pərdəsi olmadan buna etiraz etmək Hacıyevə çətin olacaqdır. Ancaq bütün “elmi əsərlərini” türkçülük pərdəsi ilə örtdükdə isə, Hacıyev öz opponentlərinə «antitürk» damğası vurmaqla onları asanlıqla susdura biləcəkdir. Digər tərəfdən isə aydındır ki, həqiqi elmlə məşğul olmaq çox çətin məsələdir və hər adamın da işi deyil. Cəfəngiyyatla dolu «elmi əsərlər» yazıb, bu yolla kitablarının sayını artırmaq və bu cür xaltura üsulu ilə yeni-yeni elmi rütbələr almaq isə çox asan yoldur.

Bu cür savadsız alimlər yaxşı başa düşürlər ki, onlar yalnız Azərbaycan elmində cəhalət mühiti yaratmaqla üzdə qala bilərlər. Ona görə də bunlar həqiqi elmi metod və prinsipləri Azərbaycan elmində tətbiq etmək istəyən hər bir namuslu və vətənpərvər tədqiqatçını özlərinin düşməni hesab edərək, onlara qara yaxmaq üçün hər cür üsula əl atırlar. Öz savadsızlıqlarını gizlətmək üçün isə onlar əsasən, yalançı vətənpərvərlik pərdəsindən, böhtan və demoqogiyadan istifadə edirlər. Onların yalançı elmlə (beynəlxalq terminologiya ilə - psevdoelm, kvazielm) məşğul olduqlarını sübut etmək üçün təkcə onların iddialarının dünya elminin ən adi aksiomlarına və prinsiplərinə nə qədər zidd olmasını göstərmək kifayətdir. Ancaq bu barədə bir qədər sonra danışacağıq.

İndi isə Hacıyevin bizim kitaba yazdığı iki qəzet səhifəsindən ibarət yazısındakı ağlasığmaz böhtanlar və saxtakarlıqlar barədə qısa məlumat verək.

Bir neçə il bundan əvvəl biz «Dədə Qorqud tarixi şəxsiyyət kimi» adlı məqalə yazmışdıq. O zaman biz onu çap üçün Hacıyevin redaktoru olduğu «Dədə Qorqud» jurnalına təqdim etmişdik. Hacıyev onu jurnalda çap etməkdən imtina etdi və bunu onunla əlaqələndirdi ki, Qorqud mifoloji şəxsiyyətdir, o, tarixi şəxsiyyət ola bilməz. Biz ona izah etdik ki, hər bir mifoloji şəxsiyyətin arxasında, əksər hallarda, əfsanələşdirilmiş tarixi şəxsiyyət dayanır. Ancaq o, bizim fikirlə razılaşmadı. Biz yuxarıda adı çəkilən kitabımızda da həmin məqalənin qısa məzmununu vermişik. Burada biz Qorqudun VII əsrin ikinci - VIII əsrin birinci yarısında Altayda Bayat tayfasına başçılıq etməsindən danışmışıq. Bizim Qorqud haqqında yazdıqlarımız həm dastanın özündəki məlumatlar, həm də müsəlman, Çin və Göytürk mənbələri tərəfindən təsdiqlənir. Biz Qorqudu Bayat tayfasının VII-VIII əsrlərdə yaşamış başçısından başqa heç kəslə eyniləşdirməmişik. İndi görək bu məqalə barədə Hacıyev nə yazır: «O, (yəni biz – K. H.) Qorqudu Qaraqoyunlu sarayındakı Qorqud adlı vəzirlə eyniləşdirmək istəyir. «Dədə Qorqud kimdir?» sualının içində birinci bu sual var: Qorqud olubmu, ya ozan yaradıcılığının məhsuludur, dastan yaradıcılığının yaradıcılığıdır? O olub, ancaq Allahyarovun təsəvvür etdiyi kimi yox».

Cənab professor, Dədə Qorqudun «olması» barədə, axır ki, bizim fikirlə razılaşdığınıza görə sağ olun, ancaq «Qorqudu eyniləşdirmək» barədə bizə mənsub etdiyiniz böhtana görə sizə eyib olsun. Bu dərəcədə də böhtan olarmı? Axı XV əsrdə Qaraqoyunlu sarayında Qorqud adlı vəzirin olmasını biz birinci dəfədir ki, sizdən eşidirik. Bizim məqalədə Qorqud haqqında həqiqətən yazdıqlarımız barədə isə heç bir söz də deməmisiniz. Bizim bu uğurlu məqaləmizə o qədər həsəd aparırsınız ki, onu qaralamaq məqsədilə öz yazınızın başqa bir yerində yenidən onun üzərinə qayıdaraq, əvvəlki iftiranızı daha iyrənc formada təkrar edirsiniz.

Hacıyev yenə bizə böhtan ataraq yazır: «Ukraynanı Qıpçaq dövləti saydığı üçün Murad Acıya da qəzəblənir». Biz harada belə şey yazmışıq, cənab «milli təfəkkürlü ziyalı»? (Hacıyev məqaləsində özünü belə adlandırır). Murad Acıyev barədə bizim kitabda yazılmış iradlar yalnız aşağıdakılardan ibarətdir: «Belə ki, onun daima təkrar etdiyi əsas tezislərdən biri budur ki, xristianlığın ilkin vətəni heç də Fələstin və Roma imperiyası yox, Altay və “b.e. IV-V əsrlərində mövcud olmuş Dəşti-Qıpçaq dövləti (tarix bu adda dövlət tanımır – K.H.) olmuşdur»... Başqa bir kitabında isə müəllif yazır: «Avropanı Atilla və onun həmtayfaları xristianlaşdırmışlar» (s. 28). Bundan sonra isə sizin dostunuzun aşağıdakı sözlərini sitat gətirmişik: «XV əsrədək Avropa xalqlarının hamısı türkcə danışırdı və hətta Roma Papası da öz moizələrini türkcə oxuyurdu» (s. 28). Cənab professor, niyə M. Acıyevin bu gülünc iddialarını demirsiniz, bunların əvəzinə özünüzdən böhtan uydurursunuz. Həmçinin yazırsiniz ki, «Allahyarov deyir ki, tarix Dəşti-Qıpçaq adlı dövlət tanımır. Doğrudanmı o, bilmir ki, çöl adı dövlət adı olmaz ? (Elə biz də bunu demək istəmişik də, cənab çaşmış professor – K.H.) Sadəcə Atilla dövləti bu coğrafiyada yerləşdiyi üçün metonimiya kimi, obraz olaraq bəzən onu həmin adla yad ediblər. Heç olmasa L. Qumilyovun ... əsərini, ya tatar tarixçilərini oxuyardı» . Nə L. Qumilyov, nə də hər hansı bir az-çox savadlı alim belə şeyi yaza bilməz, cənab akademik. Bunu yalnız siz və sizinlə eyni dərrakəyə və eyni savad dərəcəsinə, eyni əqidəyə və vicdana malik M. Acıyev yaza bilər. Çünki Atilla dövləti V əsrdə süquta uğradı. «Dəşti-Qıpçaq» çölü isə yalnız IX-X əsrlərdə qıpçaqların şərqdən buraya gəlib, burada məskunlaşmasından sonra belə adlanmışdır və bu ada ilk dəfə Nasir Xosrovun (1004-1072) «Səfərnamə» əsərində təsadüf olunur. Ona görə bu baxımdan da Atilla dövləti «Dəşti-Qəpçaq dövləti» adlana bilməzdi və heç bir mənbədə də belə adlanmayıb.

«Əqidə və vicdan” sözlərini isə yuxarıda biz nahaq yerə işlətmədik. Siz öz məqalənizdə zərrə qədər əsas olmadan bizim barəmizdə «ermənilərin tərəfini saxlayan», «bir az erməni, bir az rus» və s. özünüzə məxsus iyrənc ifadələr işlədirsiniz. Ancaq axı biz öz kitabımızın elə həmin yerində bunu da yazmışıq ki, «1989-cu ildə azərbaycanlıların informasiya blokadasında saxlandığı, erməni təbliğat maşınının isə bütün gücü ilə Azərbaycana qarşı böhtanlar yağdırdığı bir dövrdə M. Acıyev də erməni kompaniyasına qoşularaq, «Vokruq sveta» jurnalında (M., 1989, № 7) «Adını de, talış» adlı məqalə çap etdirmişdir. Bu məqalədə o, Azərbaycanda etnik azlıqların hüquqlarının tapdalanmasına və azərbaycanlılarla birgə yaşayışın mümkün olmamasına dair çoxlu böhtanlar yazmışdır» (s. 27). Bizim haqqımızda sizin dediyiniz əsassız böhtanlardan fərqli olaraq, bu konkret faktın özü göstərir ki, kim öz ermənipərəst dostu vasitəsilə (Hacıyev öz dostunun kitablarını Azərbaycanda çap etdirir) ermənilərlə əlaqəli ola bilər. M. Acıyev ildə bir neçə dəfə Azərbaycana, sizin yanınıza gəlir. Bəlkə elə indi də o, sizin kimi, yalançı türkçülük pərdəsi altında gizlənərək, buraya ermənilərin xeyrinə informasiya toplamaq üçün gəlir. Bunları siz daha yaxşı bilərsiniz. Bir atalar sözündə deyildiyi kimi, «dostunun kim olduğunu mənə denən, deyim ki, sən kimsən». Siz də öz dostunuz kimi dövr dəyişdikcə cilddən-cildə girirsiniz. Məqalənizdə yazırsınız ki, guya «sovet ideologiyasının Domokl qılıncı kimi» başınızın üstündə durduğu zaman da siz bu rejim əleyhinə öz sözünüzü demisiniz. Ancaq hamı bilir ki, siz sovet dövründə sədaqətli xidmətinizə görə bu rejimin mümkün olan bütün rütbələrini almısınız, Xalq Cəbhəsinin zamanında nazir olmusunuz, indi isə, aşağıda görəcəyimiz kimi, mərhum prezident Heydər Əliyev dünyasını dəyişdikdən sonra da onun ətəyindən buraxmaq istəmirsiniz. Tehranda keçirilən konfransa gedəndə şəxsən bizim yanımızda İranın şəninə təriflər yağdırırsınız və deyirsiniz ki, «mən nəvəmi bura oxumağa göndərərəm». İran tərəfi sizin bu təmənnanızı cavabsız qoyduqdan sonra isə geri qayıdıb, yazırsınız ki, «İran» adı türk sözüdür («Dədə Qorqud» jurnalı, 2005, № 4, s. 37). Biz isə heç vaxt heç bir cəbhəyə qulluq göstərməmiş, yalnız Azərbaycan elminə xidmət etmişik.

Hacıyev öz məqaləsində bizim kitabın yalnız birinci fəsli üzərində dayanmışdır. Həmin fəsildə Azərbaycanda son iyirmi ildə geniş yayılmış yalançı elmin «tədqiqat metodları» tənqid olunur və etnologiya elmi barədə müəyyən maarifləndirici məlumatlar verilir. Biz həmin fəslin əvvəlində göstərdiyimiz kimi, dünya tarixşünaslığının və etnologiya elminin istisnasız olaraq dünyanın bütün xalqlarına aid olan və dünyada hamı tərəfindən qəbul edilən aksiomları vardır. Ancaq Azərbaycandakı yalançı alimlər tamamilə bunlara zidd, qeyri-elmi fikirlər söyləyirlər və belə fikirlərini yalnız müəyyən sözlər arasındakı zahiri səs bənzərliyi metodu ilə əsaslandırmağa çalışırlar. Ona görə də biz burada Azərbaycan oxucularını həmin aksiomlarla tanış etmək və yalançı «zahiri səs bənzərliyi» metodunun əsassız olduğunu göstərmək istəmişik. Həmçinin bu metodun əsassız və gülünc olmasını göstərmək üçün Azərbaycan alimlərinin bu metod əsasında söylədikləri bəzi fikirlər təhlil edilmişdir. Hacıyevi qəzəbləndirən də əslində elə bizim bu aksiom və prinsiplərlə Azərbaycan oxucularını tanış etməyimizdir, çünki bu açıqlamalar yalançı elmin indiyədək dediklərinin cəfəng və mənasız, ən başlıcası isə, nəinki elm və xalq üçün faydasız, hətta çox zərərli olmasını göstərir. Ancaq o, bunları açıq deyə bilmir və həmişəki kimi, demoqogiya üsuluna keçərək, bizi guya antitürk mövqe tutmaqda günahlandırmağa çalışır. İndi biz Hacıyevin və onun kimilərin tədqiqat metodunun əsasını təşkil edən həmin zahiri səs bənzərliyi metodunu bir daha izah edəcəyik. Əvvəlcə ona bir nümunə göstərək.

XX əsrin 30-40-cı illərində İranda da yalançı elmin bu metodu geniş yayılmışdı. Bütün bunların xalqın və elmin gələcəyi üçün çox zərərli olduğunu yaxşı anlayan fars yazıçısı Sadiq Hidayət hekayələrindən birində Seyid Nəsrullah adlı belə bir yalançı alimin təsvirini verərək, onun dilindən yazırdı: «Siz elə təsəvvür edirsiniz ki, «samovar» (rusca «özüqaynadan» deməkdir – K.H.) kəlməsi rus sözüdür. Ancaq mən tapmışam ki, bu kəlmə üç sözün birləşməsindən düzəlmişdir: «se» farsca – üç, «ma» ərəbcə - su, «var» türkcə - var. Deməli, samovar sözü «üç su var» deməkdir».

Biz öz kitabımızda zahiri səs bənzərliyinə əsaslanan bu yalançı alimlərin, o cümlədən də Hacıyevin əsas tədqiqat prinsipinə çevrilmiş bu «samovar» metodunu tənqid edərək yazmışıq ki, «müxtəlif dillərdəki sözlər arasındakı belə səs bənzərliklərinin yaranmasının əsas səbəbi onunla bağlıdır ki, hər bir dildə mövcud olan on minlərlə sözlərin hamısı orta hesabla 35-40 eyni səsin müxtəlif kombinasiyalarda bir-biri ilə birləşməsindən yaranır. Deməli, müxtəlif dillərdə olan sözlər arasında təsadüfi zahiri səs bənzərliklərinin yaranması obyektiv zərurətdir. Belə səs uyğunluqlarının təsadüfi səciyyə daşımayıb, hər hansı bir etnosun adı və ya tarixi ilə həqiqi bağlılığını sübut etmək üçün isə bu bağlılığı təsdiq edən tarixi, arxeoloji, coğrafi və s. faktlar göstərmək lazımdır. Ancaq zahiri səs bənzərliyi «metodunun» tərəfdarları nəinki müvafiq sübutlar gətirmirlər, əksinə, yuxarıda qeyd edilən səbəblər üzündən müxtəlif dillərdə yaranan təsadüfi səs bənzərliklərini həmin dillərin daşıyıcılarının tarixi əlaqələrinin sübutu hesab edirlər. Həm də onlar 4-5 min il öncə müxtəlif ölü dillərdə (şumer, aşşur və s.) yazıya alınmış sözləri müasir türk sözləri ilə müqayisə edərkən qətiyyən nəzərə almırlar ki, istənilən dildə hər min il ərzində sözlər o qədər dəyişirlər ki, onlar tamamilə başqa formalar alırlar və dil də öz kökündən uzaqlaşaraq, başqa dilə çevrilir. 4-5 min il ərzində isə belə dəyişikliklər o qədər çoxalır ki, vaxtilə eyni kökdən olan dillər daha qohum dillərə yox, ayrı-ayrı dil qruplarına və hətta müxtəlif dil ailələrinə mənsub dillərə çevrilirlər. Dilçilik elmində müasir sözlərin qədim formalarını bərpa etmək üsulları vardır. Əgər biz həmin üsullardan istifadə edərək, üç min, beş min il bundan əvvəl yazıya alınmış hər hansı bir ada bənzəyən müasir sözün üç-beş min il əvvəlki formasını bərpa etsək, onda görərik ki, müqayisə edilən sözlər arasındakı əvvəlki oxşarlıqdan heç bir əsər-əlamət qalmayacaqdır. Ona görə də metodoloji baxımdan düzgün olmayan belə «tədqiqatlar» nəzəri cəhətdən də elə əvvəldən uğursuzluğa məhkumdur» (s. 16).

Cənab professor, siz və sizin kimilər «samovar» metodundan istifadə edərkən yuxarıda göstərilən bərpa üsullarından istifadə edərək sözlərin qədim şəklini tapırsınızmı və ümumiyyətlə bu bərpa prinsiplərindən xəbəriniz varmı? Sözsüz ki, yox. Ona görə də sizin «samovar» metodunuz elə əvvəlcədən uğursuzluğa məhkumdur. İndi təsəvvür edək ki, Hacıyev və onun həmfikirləri bu metod əsasında yazdıqları elmi əsərlərlə gedib xarici ölkələrdə keçirilən konfranslarda çıxış edirlər. Bu, bizə xeyir gətirəcək, yoxsa bizim elmimizi və xalqımızı rüsvay edəcək? Yaxşı ki, onların özləri də bunu bilirlər və heç vaxt beynəlxalq konfranslara getmirlər. Onlar yalnız Azərbaycan oxucularını belə üsullarla aldadırlar. Bunu açıb göstərənlərə, həqiqi elmi, həqiqi türkçülüyü təbliğ edənlərə isə onlar «antitürk», «ermənilərin tərəfdarı» və s. kimi damğalar vuraraq, demoqogiya və şantaj üsulları ilə onları susdurmağa çalışırlar. Burada istər-istəməz Mirzə Cəlilin əsərlərindən bir hadisə yada düşür: başqa millətlərin nümayəndələri öz məclislərində xalqın taleyini, gələcəyini müzakirə etdikləri halda, müsəlmanlar da öz məclislərində dəstəmaz zamanı suyu dirsəkdən yuxarıdan, yoxsa dirsəkdən aşağıdan tökmək barədə qızğın mübahisə aparırlar. Hacıyev də bilərəkdən xalqın başını belə məsələlərlə qarışdırır. Həqiqi türkçü isə o şəxslər ola bilərlər ki, özü də elm öyrənsin, xalqını da öyrətsin, gedib xaricdə Azərbaycan elmini də ləyaqətlə təmsil etsin və məhz orada ermənilərin cavabını həqiqi elmi üsullarla verə bilsin. Oturub Azərbaycanda öz şəxsi mənafeyi naminə xalqı aldatmağın, həqiqi alimlərə böhtan atmağın isə türkçülüklə heç bir əlaqəsi ola bilməz. Mərhum akademik Z. Bünyadov demişkən, Hacıyev kimilərin «yazdıqları Biləcəridən o yana getmir». Elə yaxşı da ki, getmir, yoxsa Azərbaycan elmi, Azərbaycan xalqı rüsvay olar.

Belə asan və ucuz üsullarla qalaq-qalaq mənasız və cəfəng kitab və məqalələr yazan yalançı alimlərin məqsədi də tamamilə aydındır: çap etdirdikləri çoxsaylı «əsərlərin» kəmiyyət göstəricisindən və digər «vacib əməllərdən» istifadə etməklə daha yüksək elmi dərəcələr əldə etmək, daha yüksək vəzifələr tutmaq. Ancaq onların belə «vacib əməlləri» xalqın və ölkənin tərəqqisi üçün olduqca vacib və zəruri olan həqiqi elmin inkişafının qarşısını alır, Azərbaycanda elmi fikri yalan və cəfəngiyyat istiqamətinə yönəldir, beynəlxalq elmi ictimaiyyət arasında bizi gülünc vəziyyətə salır, süni surətdə millətçilik və şovinizm görüntüsü yaratmaqla, xalqımızın beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən dini və etnik tolerantlıq kimi keyfiyyətlərinə kölgə salır, eyni dinə və adət-ənənlərə, eyni mentalitetə malik qardaş Azərbaycan xalqları arasında nifaq toxumu səpir və s. Bu da məlumdur ki, hal-hazırda dünyada ölkələrin ərazi bütövlüyünün pozulması və ölkənin parçalanması məhz etnik ziddiyyətlər üzündən baş verir. Öz şəxsi mənafelərini hər şeydən yüksək tutan psevdoalimləri isə belə məsələlər əsla düşündürmür.

Yalançı elmin xalqa vurduğu zərərlərin siyahısını daha da uzatmaq olar. Ancaq elə qeyd edilənlər də kifayət qədər aydın göstərir ki, yalançı elm elmsizlikdən də qat-qat zərərlidir. Azərbaycan elminin qarşısında nə qədər öz həllini gözləyən problemlər dayanır. Hacıyevlərin yaydığı və təbliğ etdikləri yalançı elmə sərf olunan enerjini, vaxtı və dövlət vəsaitini bu problemlərin həllinə yönəltmək daha düzgün və daha faydalı olmazmı?

Hacıyev öz məqaləsində bizim kitaba dəxli olmayan bir çox mətləblərdən də söz açmışdır. Belə ki, o, «Manna» adını «Maqan» kimi qəbul edərək yazır: «Cənab böyük etimoloq, görmürsən ki, burdakı maq (-an isə qədim türk cəm şəkilçisidir, deməli: maqan=maqlar) Midiyanın aparıcı tayfası «mak»dır... Bu etimologiyanı mən vermişəm və görkəmli mütəxəssis Q. Qeybullayev bunu kəşf adlandırmışdır. Hər halda sənin ... kaspidəki kasın ruscadakı «quş»dan (qaz) törəmiş olduğunu deyən etimologiyandan pis deyil».

Cənab professor, siz yenə bizim yazdıqlarımızı təhrif edirsiniz və saxtalaşdırırsınız. Bizim rusca çap etdirdiyimiz «Bir etnonimin üç variantı» adlı məqaləmizdə («Literaturnıy Azerbaydjan», 2005, № 9) «kaspi» və «kas» sözləri ümumiyyətlə yoxdur, «qaz» (qədim türk dilində - kaz) sözü isə «ruscadakı quş» deyil, türkcə quş adıdır. Həmin məqalədə biz göstərmişik ki, qədim turanlılarda tayfalar çox vaxt onların totem-əcdadlarının adını daşıyırdı. Məsələn, peçeneqlər Pəşəng adlı əfsanəvi hökmdarın adı ilə, kazərlər (Xəzərlər) isə Əfrasiyabın qızı Kazın (Qazın) adı ilə belə adlanmışlar və «kaz-ər» sözünü biz «kaz igidləri» kimi izah etmişik. Orxon-Yenisey əlifbasında müasir «x» və «q» səsləri yoxdur və onların əvəzinə «k» səsi işlənir. Məhz bu səbəbdən də «kan», «kağan», «katun» kimi qədim türk sözlərinə ərəblər «xan», «xaqan», «xatun» dedikləri kimi, kazərlərə də onlar «xəzər» demişlər (qədim rus salnamələrində də xəzərlərə «kazar» deyilir) və indi biz həmin sözlərin ərəb variantını işlədirik. Göründüyü kimi, bizim məqalə tarixi-mifoloji məlumatlar, dil qanunları əsasındakı dəyişikliklər və s. amillər nəzərə alınaraq yazılmışdır. Sizin etimologiyada isə nəinki belə amillər nəzərə alınmır, hətta, əksinə, sizin dedikləriniz məlum dil faktlarına və tarixi məlumatlara ziddir: nə «Qədim türk sözlüyü»ndə (L., 1969), nə Orxon-Yenisey mətnlərində, nə də bu mətnlərin qrammatikasına dair yazılmış kitablarda nə «maq» və «mak» sözlərinə, nə də «an» cəm şəkilçisinə rast gəlmək mümkün deyildir. Ona görə də sizin bu böyük kəşfiniz yalan üzərində qurulduğuna görə Seyid Nəsrullahın «samovar» etimologiyasından da pisdir. Budur sizin elminiz. Siz ancaq gözə kül üfürməklə, yalan və böhtan yazmaqla məşğulsunuz. Ona görə də öz «kəşfinizi» bizim etimologiyaya bərabər tutmaqla bizi təhqir etməyin. Onsuz da sizin məqalə təhqir, söyüş və iftiralarla doludur. Biz öz kitabımızda tanınmış rus və ingilis mütəxəssislərindən, o cümlədən Hacıyevin də öz məqaləsində təriflədiyi L. Qumilyovdan gətirdiyimiz çoxlu sitatlara istinadən dünya elminin belə bir aksiomunu da Azərbaycan elminə gətirmək istəmişik ki, dünyanın hər hansı bir ərazisində əzəldən məskunlaşmış xalq yoxdur və olmamışdır. Dünyada elə bir ərazi yoxdur ki, hətta son beş-altı min il ərzində onun əhalisi bir neçə dəfə dəyişməsin. Məhz bu səbəbdən də böyük elmin, dünya elminin gəldiyi qənaətə görə «tarixi hüquqlar» barədə mübahisələr mənasızdır» («Şərq tarixi», I c., M., 1999, s. 614). Bununla da biz ermənilərin iddialarının istər siyasi-hüquqi, istərsə də elmi cəhətdən tam əsassız olduğunu elmdən xəbərsiz adamlara başa salmağa çalışmışıq. Bu aksiomdan, həmçinin «samovar» metodunun əsassızlığından danışarkən və bu üsulla Azərbaycan tədqiqatçılarının yazdıqlarının düzgün olmadığını göstərərkən, yazmışıq ki, hətta tarixi hüquqlar baxımından ermənilərə cavab vermək lazım gəldikdə belə haqlı tərəfin ermənilərin yalanlarına yalanla cavab verməsinə heç bir ehtiyac yoxdur: haqlı tərəf sadəcə haqlı olmasını dəqiq sübutlarla göstərməyi bacarmalıdır. Bununla bağlı yazmışıq ki, erməni təbliğatına cavab kimi birinci, biz «tarixi hüquqlar» baxımından elmin gəldiyi qənaətləri göstərə bilərik. İkinci də, bir çox xarici ensiklopediyalarda azərbaycanlılar haqqındakı məlumatları Avropa xalqlarına və lazımi qrumlara göstərməklə (bizim yalançı alimlərin Azərbaycan dilində yazdıqları gülünc uydurmaların onsuz da “Biləcəridən o yana getməməsi” məlumdur) haqlı olduğumuzu çox asanlıqla sübut edə bilərik. Bununla bağlı bir xarici ensiklopediyadan nümunə də vermişik. Orada göstərilir ki, müasir Azərbaycan xalqının əcdadları bu ərazilərdə elmə məlum ən qədim etnoslar olmuş mannalılar, albanlar, midiyalılar, atropatenalılar və müxtəlif türk xalqlarıdır. Yazmışıq ki, hətta tarixilik baxımından yanaşdıqda belə, «bu qədim əcdadların bütün maddi və mənəvi sərvətləri XIX əsrdən əvvəl heç vaxt burada yaşamamış ermənilərə yox, məhz onların qanuni varislərinə çatır» (s. 50). Bütün bunları yazmaqla biz demək istəmişik ki, xarici alimləri bizim düşmənimiz, özlərini isə guya bizim xalqın qoruyucusu kimi qələmə verməyə çalışan yalançı alimlərin belə yalanlar yazmaqla bizim elmimizi cəfəngiyyata çevirmələrinə heç bir ehtiyac yoxdur. Çünki birinci, xarici ensiklopediyalarda, bizim verdiyimiz nümunədən də göründüyü kimi, azərbaycanlılar haqqında əksər hallarda düzgün məlumatlar verilir (ensiklopediyalar ciddi alimlər, həqiqi mütəxəssislər tərəfindən hazırlanır) və lazım olduqda xarici ölkələrdə bundan təbliğat vasitəsi kimi istifadə etmək olar. İkincisi isə, siyasətdə və beynəlxalq hüquqda qədim dövr tarixinə dair məlumatların hal-hazırda heç bir hüquqi-siyasi əhəmiyyəti yoxdur. Bunun əksini iddia edən yalançı alimlər deyə bilərlərmi ki, onların bu barədə yazdıqları yalanların indiyə qədər istər Qarabağ məsələsinin həllində, istərsə də hər hansı başqa bir siyasi məsələnin həllində hansısa rolu olmuşdur? Sözsüz ki, yox. Bu yalnız elmi məsələdir, elm isə həqiqəti üzə çıxarmaq üçündür. Bəs onda nəyə görə bu yalançılar bu məsələləri çox böyük siyasi-hüquqi əhəmiyyəti olan məsələlər kimi qələmə verərək, bu barədə düzgün yazan alimləri «xalq düşməni» elan edirlər? Tamamilə aydındır: bu barədə ağızlarına gələnləri yazmaqla özlərinin «Biləcəridən uzağa getməyən» kitablarının sayını artırıb, yeni elmi rütbələr almaq naminə. Qədim dövr tarixinə aid məsələlərin heç bir siyasi-hüquqi əhəmiyyəti olmamasını Hacıyev heç özü də bilmədən, axır ki, etiraf etməyə məcbur olmuşdur. O, bizim yuxarıdakı fikrimizə münasibət bildirərək belə yazır: «Doğrudan da sən bu fikirdəsən ki, biz dediyin ensiklopediyalarla razılaşsaq, dünyanın siyasi qrumları, BMT, ATƏT bizim torpaqları özümüzə qaytaracaq? Sən bu ağılla bizə «akademik elmdən» dərs deyirsən? Sən ki, iki dəfə ikinin neçə elədiyini bilmirsən».

Cənab professor, biz elə məhz belə şeylərin heç bir siyasi-hüquqi əhəmiyyətinin olmamasını, bunun yalnız elmi məsələ olduğunu bildiyimizə görə qədim dövr tarixi barədə həqiqətlərin düzgün yazılmasının tərəfdarıyıq. Siz isə bunu bilə-bilə, xalqa tamamilə bunun əksini, guya belə məsələlərin siyasi-hüquqi baxımdan həlledici əhəmiyyətə malik olduğunu deyirsiniz. Məhz bu bəhanə ilə də bizi «antitürk» kimi qələmə verməyə çalışırsınız. Çünki həqiqi elmlə məşğul ola bilmədiyiniz üçün yalnız «xalqın taleyi üçün çox mühüm» kimi qələmə verdiyiniz belə sahələrdə fantaziyalar, yalanlar uydurmaqla kitablarınızın sayını artıra bilərsiniz. Bu isə Azərbaycan elmini cəfəngiyyata çevirmək, xalq mənafeyini tapdalamaqdan başqa bir şey deyildir.

Dünya elminin bizim kitabda göstərilən başqa bir aksiomunu da Hacıyev, nəhayət ki, etiraf etməyə məcbur olmuşdur. Bu aksiom isə ondan ibarətdir ki, dünya elminə elə bir xalq məlum deyildir ki, o, təmiz, başqa xalqlarla qarışmamış olsun. Hər bir xalqın bir neçə, bəzən isə ingilislər, amerikalılar, fransızlar, italyanlar, ruslar və s. çoxsaylı xalqlar kimi 15-20-dən çox müxtəlifdilli əcdadları olur. Bu barədə bizim kitabda xeyli konkret nümunələr verilmişdir. Tarixdə belə halları saymaqla qurtarmaz ki, müəyyən tarixi, dini və s. səbəblər üzündən çox vaxt müxtəlif xalqlar öz dillərini və ya adlarını da itirib, başqa xalqların dillərini qəbul edirlər. Məsələn, indiki Fransa ərazisində yaşamış kelt tayfaları b.e. əvvəllərində öz dillərini itirib, latın dilində danışmağa başladılar. Bu ərazinin Frank adlı german tayfası tərəfindən işğal edilməsindən sonra isə onlar bu tayfanın adı ilə fransız adlanmağa başladılar. Ancaq fransızlar heç də buna görə utanmırlar və bu faktları gizlədib, özlərinə uydurma ideal tarix düzəltməyə çalışmırlar. Eyni sözləri başqa xalqlar haqqında da demək olar. Məsələn, Latın Amerikası əhalisinin əksəriyyəti ispan və portuqal dillərində danışırlar. Qədim misirlilər, mərakeşlilər, əlcəzairlilər ərəbcə danışmağa islamın qəbulundan sonra başlamışlar. Dünya elmindən xəbərsiz Hacıyev nəhayət ki, bizim kitabda bu barədə verilən məlumatlardan sonra bu aksiomu da etiraf etməyə məcbur olaraq, yazıb: «Bunu kim bilmir ki, məktəb uşaqları da bilirlər ki, tarixən xalqların mədəni, iqtisadi, coğrafi əlaqələri bəzən ailə quruculuğunda da müəyyən izlər buraxmışdır. Azərbaycandakı müxtəlif etnosların övladları xüsusilə islam dini faktoru ilə min ildən çoxdur ki, bir-birilə ailə qururlar... Azərbaycanda nə qədər Ərəblər, Ərəbşalbaş adlı kəndlər var, seyid ailələri var. Bunlar, bu ərəblərin hamısı Azərbaycan türkünün içində əriyib. İndiki fransızların qanında nə qədər müxtəlif etnosların qanı var – onlarda ailə quruculuğunda islamdakı yasaqlar yoxdur. Ancaq onlar harada yazırlar ki, fransızlar qarışıq millətdir? Onlar özlərini romanlar sayırlar vəssalam».

Xeyr, cənab Hacıyev, fransızlar özlərini «roman», yəni «romalı» saymırlar. Onların sonradan Romadan aldıqları dil yalnız dilçilik elmində roman dilləri qrupuna daxil edilir ki, bu da şərti olaraq düzəldilmiş dilçilik terminidir. Ümymiyyətlə, indi «roman» adlı xalq yoxdur; bu söz yalnız təsadüf nəticəsində rumınların adında saxlanılmışdır. İstənilən savadlı fransızdan onun qədim əcdadları barədə soruşsanız, o, ilk növbədə deyəcək ki, biz “fərasətli qalların” (kelt tayfalarından birinin adı olmuşdur) varisləriyik. Məlumdur ki, Fransanın qədim adı da (Atillanın dövründə) Qalliya olmuşdur. Siz bütün məqaləniz boyu «biz savadsıza» yalançı elmdən dərs vermək istəmisiniz, halbuki özünüz bu cür adi şeyləri də bilmirsiniz. Cənab Hacıyev, bizim üçün burada ən başlıca məsələ isə odur ki, nəhayət ki, siz xalqların qarışıq olması aksiomunu qəbul etdiniz. Yazırsınız ki, bu, belədir, ancaq guya bunu heç kəs demir. Belə gülünc şeyləri ancaq sizdən eşitmək olar. İstənilən fransız və ya başqa xalqın ensiklopediyasına baxsanız, onların öz əcdadları barəsində düzgün məlumat vermələrinin şahidi olacaqsınız. Biz özümüz də sizə bu barədə nə qədər istəsəniz kitab və ensiklopediya göstərə bilərik. Çünki onların alimləri yalançı, saxtakar və şantajçı alim deyillər. Siz isə xalqların qarışıq olduğunu bilə-bilə, mətləbdən xəbərsiz xalq qarşısında bizi şantaj etmək üçün öz məqalənizdə hər dəqiqə tutuquşu kimi təkrar edirsiniz ki, guya biz demişik ki, «türklər qarışıq millətdir” və yaxud, guya biz yazmışıq ki, «əgər biz təmiz türk deyilik, qarışıq millətik desək, ermənilər bizi bağışlayar» və s. Həmçinin bizə mənsub etdiyiniz belə iftiraları bizim guya “ermənilərin tərəfini saxlamağımız” kimi qələmə verirsiniz, bizim ailəyə bağlamaq istəyirsiniz (halbuki, hamının bildiyi kimi, mənim atam da, anam da türkdür və ümumiyyətlə, bizim nəsildə qeyri-türk yoxdur). Başqa bir yerdə isə bizi «bir az rus..., bir az erməni» hesab edirsiniz. Biz isə cəmi bircə cümlədə, o da tamamilə haqlı olaraq, belə yazmışıq: «Yuxarıda tanınmış mütəxəssislərdən gətirilən sitatlarda da deyildiyi kimi, dünyada bir əcdaddan törənmiş, başqaları ilə qarışmamış xalq olmamışdır və yoxdur. Təbiidir ki, azərbaycanlılar da bu baxımdan istisna təşkil edə bilməzlər». Ar olsun belə saxtakar akademikə!

Bizim kitabda göstərilən konkret faktlar qarşısıtda aciz qalan Hacıyev çarəsizlikdən Hitlerin və erməni faşistlərinin nümunələrinə əl atmağa məcbur olur. Özünü «alovlu vətənpərvər» və «Azərbaycanın ən böyük dilçisi» kimi qələmə verməyə çalışan bu adam görün nə yazır: «Yadındamı, Allahyarov, Hitler haqqındakı filmlərdə təmiz arilərdən söhbət gedir? Və bu gün sənin tərəfini sazladığın ermənilər (öz adını opponentinə qoymaq Hacıyevin çox səciyyəvi xüsusiyyətlərindən biridir – K.H.) deyirlər ki, onlar hansı etnosla qarışıblar?». Möhtərəm professor, erməni alimləri arasında da bunu yazanlar vardır və buna əmin olmaq üçün sizi S.Y.Arutyunov və Y.İ.Mkrtumyan tərəfindən «Dünya xalqları və dinləri» (M., 1999, s.57) adlı ensiklopediyadakı «Ermənilər” məqaləsinə baxmağı məsləhət görürük. Hitlerə gəlincə, məlumdur ki, onun «təmiz ariçiliyə» əsaslanan faşist ideologiyası bütün dünyada çoxdan qadağan olunub. Hətta ikinci dünya müharibəsinə qədər dilçilik elmində işlənən «arii dilləri ailəsi» termini məhz həmin səbəb üzündən müharibədən sonra «Hind-Avropa dilləri ailəsi» istilahı ilə əvəz edilmişdir. Çünki bu ideologiya Avropa xalqlarına, ilk növbədə isə Alman xalqının özünə çox baha başa gəldi. Siz isə bizi bu ideologiyadan nümunə götürməyə çağırırsınız. «Əhsən» belə professora.

Dünyada təmiz xalqların olmaması aksiomunu bütün dünya bilir və hacıyevlərin Azərbaycanda bu qəbilədən olan mətləblər üzərinə tabu qoymağa çalışması bundan öz məqsədləri naminə sui-istifadə etməkdən başqa bir şey deyil. Dünya ensiklopediyalarının əksəriyyətində hər bir xalq, o cümlədən də ensiklopediya müəlliflərinin öz xalqı haqqında verdikləri məlumatlarda onların müxtəlifdilli əcdadları barəsində danışılır. Məsələn, 1999-cu ildə Moskvada çap olunmuş «Dünya xalqları və dilləri» adlı ensiklopediyada dünyada mövcud olan hər bir xalqın mənşəyi, o cümlədən də rusların öz mənşəyi və əcdadları haqqında da məlumat verilmişdir. Burada rusların qeyri-slavyan, müxtəlifdilli əcdadları sırasında birincilik fin-uqor və balt etnoslarına verilmişdir. Hətta rus alimləri rusların bir xalq kimi formalaşma dövrünün başlanğıcından danışarkən yazırlar ki, «9-10-cu əsrlərdə rusların tarixi-etnik özəyinin yarandığı Volqa-Osk çayları arasındakı ərazidə fin-uqor və balt tayfaları... məskunlaşmışdılar» (s. 438). «Moskva» adının etimologiyasını da rus tədqiqatçıları balt dilindəki «Moskuva» (bataqlıq) sözü ilə əlaqələndirirlər (E. M. Pospelov. Dünyanın coğrafi adları. Lüğət. M., 2001, s. 275-276). Rus alimləri də başqa ölkələrin alimləri kimi, öz xalqı barədə danışarkən hətta hər on rusdan birinin damarlarında fin-uqor qanı axmasını deməkdən çəkinmirlər. Ancaq Hacıyevin mühakiməsinə əsasən, bütün bu alimləri «xalq düşməni» elan etmək və cəzalandırmaq lazımdır. Cənab professor, belə halda dünyada həqiqi alim qalmazdı və onda doğrudan da sizin hökmranlığınız bütün dünyaya yayılardı. Hacıyev və onun kimi kitab oxumayan alimlər Azərbaycanda belə təsəvvür yaratmağa çalışırlar ki, guya dünya tarix kitablarında və ensiklopediyalarında düşmənçilik üzündən yalnız türk xalqlarının əcdadlarının qarışıq olması barədə məlumatlar yazılır və bu «elm sərkərdələri» özlərinin yalnız Bakıda yayılan cızmaqaraları ilə düşmənlərimizə cavab verib, onları susdururlar.

Dünyanın əksər xalqları, xüsusilə də inkişaf etmiş xalqlar öz qədim tarixlərini heç nədən çəkinmədən, olduğu kimi yazırlar. Çünki onlar bilirlər ki, insanların həyatında olduğu kimi, xalqların tarixində də mənfi və müsbət hadisələr bir-birini əvəzləyir. Yaxşını yazıb, pisləri inkar etmək və ya dəyişdirmək isə mifoloji düşüncə tərzinə xasdır və belə şeylər həm elmi cəfəngiyyata çevirir, həm də xalqa öz tarixini düzgün bilməyə, əcdadların səhvlərindən nəticə çıxarmağa imkan vermir. Bundan əlavə, əgər hər bir xalq özü üçün, bizim psevdotürkçülərin etdiyi kimi, ideal bir tarix uydurmağa çalışsaydı, onda dünya tarixinin və tarix elminin özünün nəyə çevriləcəyini təsəvvür etmək çətin deyildir. Yalançı elmlə məşğul olanlar yalnız Azərbaycanda dünya elmindən xəbərsiz adamları öz populist yazıları ilə aldatmaqla onların yanında özlərinə ucuz şöhrət qazana bilərlər. Həqiqi dünya tarixi, o cümlədən də Qafqaz tarixi isə dünyanın mühüm elmi mərkəzlərində ciddi və savadlı mütəxəssislər tərəfindən öyrənilir və bütün dünyaya yayılır. Həqiqi alimlər üçün həqiqət hər şeydən üstündür. Onlar onsuz da yalançı alimlərin uydurmalarını ifşa edəcəklər. Elə altı cildlik «Şərq tarixi» kitabının I cildində (M., 1999) Hacıyev tərəfindən Azərbaycanın düşməni, mənim isə sevimli alimim adlandırılan İ. M. Dyakonovun ermənilərin yalançı elmini kəskin tənqid etməsi də bunun əyani sübutu ola bilər (s. 312-313). Bizim özümüzün təkbaşına yalançı alimlər ordusuna qarşı çıxmağımız da, tamamilə aydındır ki, heç də Hacıyevin yazdığı kimi, Moskvanın göstərişi ilə deyil (bunun özü də çox gülünc böhtandır; heç bir siyasi-hüquqi əhəmiyyəti olmayan qədim dövr tarixində Moskvanın hansı marağı ola bilər?), məhz Azərbaycan elminə və xalqımızın tarixinə olan sevgi ilə, vətəndaşlıq borcu ilə bağlıdır.

Məlumdur ki, uyğun iftiraları Hacıyev vaxtilə mərhum akademik İ.Əliyevə qarşı da yazırdı və elmi cəhətdən onunla polemika aparmaq iqtidarında olmadığına görə onu da gah Moskvanın, gah da İranın sifarişi ilə yazmaqda suçlayaraq, şantaj edirdi. Heç bir sübut, əsas göstərmədən ağzına gələn iftira və cəfəngiyyatları yazmağa adət etmiş Hacıyev yenə də öz adəti üzrə yalançı vətənpərvərlik kələkbazlığına arxalanaraq, amiranə bir tərzdə yazır: «Allahyarovun bu kitabı və «Elm» qəzetində çıxan məqaləsi plagiatdır. Bu sözlərin hamısı mərhum akademik İqrar Əliyevindir».

Möhtərəm yalan yazmağa adətkərdə olmuş akademik, siz öz yazınızda dəfələrlə İ.Əliyevin və onun müəllimi olmuş dünya şöhrətli alim İ.M.Djakonovun da adlarını çəkərək, onların yazılarını da səhv və qərəzli hesab edirsiniz. Sizin belə yekəxanalığınızdan adamı heyrət bürüyür və biz istər-istəməz sizə öz sözlərinizlə və öz üslubunuzda cavab verməyə məcbur oluruq: «Camaat, indi mənə qulaq asın», bu adam başın itirib, yoxsa nədir? Görün bir dəfə birin necə olduğunu bilməyən Hacıyev özünü kimlərlə müqayisə edir? Hələ savadı, elmi düşüncəni kənara qoyaq: İ.Djakonov və İ.Əliyev neçə dillər, o cümlədən də qədim ölü dillər bilirdilər. Hacıyev isə heç müasir Azərbaycan dilinin elmi üslubunda yazmağı da bacarmır (onun «elmi» əsərlərinin loru dildə yazılmasını hamı bilir). Mürəkkəb cümlələr yazanda isə o, kobud qrammatik və üslubi səhvlərə yol verir. Bununla belə iddiaları yerə-göyə sığmayan bu adam «yetənə yetir, yetmiyənə də bir daş atır». İndi görün bu «böyük dilçinin» orta səviyyədə savadı olsaydı o nələr edərdi?

Artıq deyildiyi kimi, Hacıyevin məqaləsi başdan ayağa saxtakarlıq, iftira və yalan üzərində qurulmuşdur. Ümumiyyətlə isə, bu məqalədə deyilənləri üç qrupa bölmək olar: açıq-aşkar böhtanlar, bizim fikirlərin kontekstdən çıxarılması yolu ilə onlara başqa mənalar verilməsi və bizim qətiyyən toxunmadığımız məsələlərin ortaya atılıb, bizə mənsub edilməsi. Hacıyevin məqaləsində bizi şantaj etmək məqsədilə çox tez-tez təkrar olunan fikirlərdən biri budur ki, guya biz yazmışıq ki, «e.ə. Azərbaycanda türk olmayıb». Buna cavab olaraq deməliyik ki, türklərin Azərbaycanda nə vaxtdan olması məsələsi ümumiyyətlə bizim kitabda qoyulmayıb və bu barədə biz özümüzdən heç nə yazmamışıq. Bizim beynəlxalq elmdən Azərbaycan elminə gətirmək istədiyimiz «dünyanın hər hansı bir ərazisində əzəldən yaşayan heç bir xalq yoxdur və olmamışdır» aksiomuna yalançı alimlər tərəfindən söylənilmiş zidd fikirlərin tənqidinə gəlincə, biz belə hallarda «eradan əvvəl» ifadəsini yox, «əzəldən» sözünü işlətmişik. İndi görək Hacıyev bu məsələni necə saxtalaşdıraraq, siyasi şantaja çevirir: «Buyurun, H.Əliyev deyir ki, e.ə. Azərbaycan türklərin vətəni olub, ancaq Allahyarov qətiyyətlə etriraz edir ki, e.ə. Azərbaycanda türk adlı etnosun izi-tozu da olmayıb. İndi bu böyük, müdrik tarixçi ilə Allahyarovun bu dialoqundan sonra bu söhbəti davam etdirməyə lüzum varmı?»

Cənab «milli təfəkkürlü ziyalı», bu nədir? Burada 1937-ci ildə satqın və iblissifət, paxıl və istedadsız adamların həqiqi milli ziyalıları məhv etmək üçün istifadə etdikləri şantaj metodları tam aydınlığı ilə özünü göstərir. Əgər siz XXI əsrdə, indiki zamanda belə metodlara əl atırsınızsa, bəs 1937-ci ildə olsaydınız nələr edərdiniz? Sabirin və Mirzə Cəlilin davamçılarına qarşı bu dərəcədə amansız olan adam da nüfuz sahiblərinin kölgəsində gizlənərmi? Dünyasını dəyişmiş adamı da şantaj alətinə çevirərlərmi? H.Əliyev Naxçıvanda Ali Sovetinin sədri işlədiyi zaman Bakıda qəzetlərdə onun əleyhinə bəyanatlar verən alimlərdən biri də siz deyildinizmi? («Xalq qəzeti», 20 sentyabr, 1991.) Nəhayət, vaxtilə xalqımızın «türk», yoxsa «azərbaycanlı» adlandırılması ilə bağlı keçirilən müşavirədə «böyük, müdrik tarixçi» ilə «dialoqa» girərək, onun fikrinin əksinə danışan siz deyildinizmi? Bu da aydındır ki, o zaman Xalq Cəbhəsinin yenidən hakimiyyətə qayıdacağı ilə bağlı ümidlər sizdə hələ çox idi. İndi isə bizimlə alim söhbəti, elmi mübahisə aparmaq əvəzinə görün hansı siyasi şantaıj üsullarına əl atırsınız.

Bütün dünya qorqudşünasları birmənalı şəkildə belə fikirdədirlər ki, «Dədə Qorqud» dastanının əlyazmaları XV-XVI əsrlərdə yazıya alınıb. Hacıyev isə dastanın əlyazmasının sonundakı naxışları rəqəmə bənzədərək, belə hesab edir ki, guya bu əlyazma XI əsrdə yazılmış başqa bir əlyazmadan köçürülmüş və köçürülən zaman xəttat XI əsrdəki əlyazmanın bitmə tarixini də səhvən XV əsrdə köçürdüyü əlyazmanın sonuna yazıb. Biz öz kitabımızda yalançı metodları tənqid edərkən bu məsələyə də toxunmuşuq. Elə əvvəlcədən də yazmışıq ki, «burada söhbət dastanın yaranma tarixindən yox, başqa folklor əsərləri kimi uzun əsrlər boyu şifahi şəkildə yaşamış abidənin bizə məlum mətninin nə zaman yazıya alınmasından gedir» (s.43). Hətta o, özü də məqaləsində bu məsələdən bəhs edərkən, özünəməxsus iyrənc formada olsa da, gizlətmir ki, burada söhbət dastanın yaranma tarixindən yox, yazıya alınma zamanından gedir: «Kitab»ın əlimizdə olan Drezden nüsxəsinin XV-XVI əsrlərdə köçürülmüş olmasını hamının qəbul etməsinə baxmayaraq, Allahyarov uzun bir hekayət açaraq, «sübut edir» ki, bu məhz XV-XVI əsrlərdə yazıya alınıb». Ancaq Hacıyev yenə saxtakarlığa və şantaja əl ataraq, görün bizi nədə «günahkar» çıxarır: «Axı bu Dədə Qorqud söhbətini qaldırmaqda Allahyarovun qəsdi nədir? «Kitab»ımızın 1300 illiyini YUNESKO qəbul etdi... heç bir ölkə mübahisə etmədi. Heydər Əliyev deyir: «E. ə. burada türklər yaşayıblar». K. Allahyarov deyir: «Yox, yaşamayıblar». Heydər Əliyev deyir: «Dədə Qorqud» kitabının 1300 il yaşı var». K. Allahyarov deyir: «Yox, 500 il yaşı var». Yəqin məşhur məsəl yadınıza düşür...»

Cənab «milli alim», bu məsəlin sizə, yoxsa bizə aid olmasını artıq hər bir oxucu çox aydın başa düşür. Ancaq dastanın yaranma tarixi ilə yazıya alınma tarixini bilərəkdən, saxtakarlıqla eyniləşdirərkən və bu eyniləşdirməni bizə mənsub edərkən özünüz haqqında niyə yazmamısınız ki, «Heydər Əliyev deyir: «Dədə Qorqud kitabı»nın 1300 il yaşı var». T. Hacıyev deyir: «Yox, 900 il yaşı var». Biz öz kitabımızda dastanın mətninin ilk dəfə məhz XV əsrdə yazıya alınmasını ona görə qeyd etmişik, bu məsələ üzərində ona görə dayanmışıq ki, məlum olduğu kimi, folklor əsərləri şifahi şəkildə, ağızdan-ağıza ötürülərək yaşadıqda canlı xalq dili ilə birlikdə onun dili də daima dəyişilərək, müasirləşir. Bu baxımdan siz, dil tarixinin «böyük bilicisi» XV əsrin dilini XI əsrin dili kimi təqdim edərək, dil tariximizi də cəfəngiyyata çevirirsiniz. Elə bütün bunlara görə elmimizi dağıdan, içəridən çürüdən «spid viruslarının» da kimin timsalında təzahür etməsi çox aydın şəkildə görünür. «Dədə Qorqud» eposunun XI əsrdə yox, görkəmli qorqudşünas X. Koroğlunun sübut etdiyi kimi, ilk dəfə məhz 1482-ci ildə Abdulla ibn-Fərəc Kəndxuda tərəfindən yazıya alınmasından danışarkən biz qeyd etmişik ki, dastanda elə konkret tarixi hadisələr öz bədii inikasını tapmışdır ki, bunlar XI əsrdən xeyli sonralar – XIV-XV əsrlərdə baş vermişdir (Məs., «Qanlı Qoca oğlu Qanturalı boyu»ndakı hadisələr və s.). Belə faktlar qarşısında Hacıyev özünün «naxışı rəqəm hesab etmək kəşfindən» də (Hacıyevin özünün dediyi kimi, məşhur qorqudşünas Orxan Şaiq də həmin işarələri naxış hesab etmişdir) məyus olaraq, ilk dəfə olaraq etiraf etmişdir ki, ondan qabaq da Azərbaycanda iki mütəxəssis bu naxışları rəqəm hesab etmişlər. Halbuki vaxtilə o, hətta mətbuat səhifələrində də həmin adamlardan ikincisinin (mərhum Ş.Cəmşidovun) üzərinə hücum edərək (birinci çoxdan dünyasını dəyişib), onu özünün bu böyük kəşfini mənimsəməkdə günahlandırırdı.

Ancaq Hacıyev yenə tərslik edərək, öz əvvəlki fikrinin üstündə qalır və deyir ki, guya bu əlavələri XV əsrdə dastanın mətnini XI əsr əlyazmasından köçürən katib mətnə daxil edib. Belə halda sübutsuz-əsassız ağzına gələni danışan bu böyük dil tarixçisinə daha bir fakt göstərəcəyik: əgər siz deyən kimi olsaydı, XV əsrdə edilən bu «əlavələrin» dili və üslubu XI əsr əlyazmasından köçürülmüş mətnlərin dilindən və üslubundan kəskin surətdə fərqlənməli idi; çünki XV əsrin katibi artıq onun dövrü üçün arxaikləşmiş XI əsrin dilində yaza bilməzdi və siz deyən «əlavələri» də öz dövrünün, yəni XV əsrin dilinə və üslubuna uyğun şəkildə yazmalı idi. Halbuki dastanın bütün mətni eyni bir dildə və eyni bir üslubda yazılmışdır. Həmin dil və üslub isə həqiqətən də XI əsrdə yazıya alınmış digər türk mətnlərindən (məs., Mahmud Kaşğarinin yazıya aldığı mətnlərdən) tamamilə fərqlidir və zaman baxımından bizə daha yaxın olduğu üçün daha da anlaşılandır. Bu konkret fakta cavab olaraq, indi hansı «bişmiş toyuğun gülməyi gələn» cəfəngiyyatı uyduracaqsınız, möhtərəm baş qorqudşünas. Özünüz heç bir düzgün və məntiqi elmi fikir söyləmək iqtidarında deyilsiniz, başqa alimlərin elmə gətirdiyi yenilikləri də qəbul etmirsiniz. Məhz bu səbəbdən də başçılıq etdiyiniz Azərbaycan qorqudşünaslığını 20-30-cu illərin primitiv səviyyəsində saxlayırsınız. Hansı sahəyə əl atırsınızsa, oranı cəfəngiyyata çevirirsiniz. Siz yalnız demoqogiya, «gözə kül üfürmək», görüntü yaratmaq üsulları ilə özünüzü böyük alim kimi qələmə verməyə çalışırsınız. Belə üsullarla isə yalnız məsələdən xəbərsiz və ya savadsız adamları aldada bilərsiniz, bizi yox. Elmimizdə olan boşluqlardan istifadə edərək və demoqogiya sahəsindəki böyük istedadınızı işə salaraq, siz Azərbaycan elminin başına bir bəla olmusunuz. Özünüzün «samovar» metodu əsasında «tədqiqat» aparmağınız bəs deyil, başqa həmkarlarınızın da bu metod əsasında söylədiklərini bizə sübut kimi göstərirsiniz. Yalnız dünya səviyyəsində tanınan, hamının etibar etdiyi böyük alimlərin sözlərini (o da bəzi hallarda) əsas kimi göstərmək olar. Elm üçün isə yalnız mənbə, fakt, məntiq əsas və sübut sayıla bilər. Bunlar isə sizin kimi alimlərə yad prinsiplərdir.

Ümumiyyətlə, əgər Hacıyevin tutduğu mövqenin və yazılarının mahiyyətinin daha anlaşıqlı şəkildə izahı üçün müasir dövrlə bağlı analogiya aparsaq, belə bir vəziyyət alınacaqdır: fərz edək ki, Hacıyev Azərbaycanın dünyada ən zəngin və ən qabaqcıl ölkə olmasını yazır. Ona deyəndə ki, bu, belə deyil və belə olması üçün gəlin lazımi işlərlə məşğul olaq, onda o, opponentini “erməni” və “antitürk” adlandırır. Səbəb də aydındır: Hacıyev ancaq bu üsulla kitab yazmağı bacarır.

Artıq deyildiyi kimi, Hacıyevin məqaləsində elə məsələlər də süni surətdə ortaya atılıb ki, onların bizim kitaba heç bir aidiyyatı yoxdur. Məsələn, o, «Şan qızı» dastanını rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Həmin kitabın müqəddiməsində bu bulqar dastanından danışarkən Qədim Bulqar dövləti haqqında da müəyyən məlumatlar verilmişdir. Həmin məlumatları öz məqaləsinə əlavə etməklə Hacıyev qədim türk xalqları barəsindəki «biliklərini» nümayiş etdirmək istəyərək, yazır: «Doğrudanmı Allahyarovun Böyük Bulqar xaqanlığından, Böyük Bulqar xaqanı Asparuxdan (adın düzgün forması «Əsparuğ»dur; BDU-nun türkologiya kafedrasının müdiri bilmir ki, qədim türk dilində «x» səsi olmamışdır, halbuki tələbələr də bunu bilir – K.H.) xəbəri yoxdur?... Doğrudanmı bilmir ki, Bolqarıstan türk dövləti olub? Doğrudan da bilmir ki...» və s.

Buna cavab olaraq yazmağa məcburuq ki, cənab akademik, siz «milli təfəkkürlü ziyalı» yuxarıda göstərilən «vacib əməllərlə» məşğul olduğunuz dövrdə biz «savadsız» və «antitürk» «Qədim türk xalqlarının tarixi və mədəniyyəti» adlı dərslik yazmaqla məşğul olmuşuq və bu kitabın ilkin variantı artıq hazırdır. Ancaq onu Avropa standartları səviyyəsinə qaldırmaq üçün imkan düşdükcə üzərində yenidən işləyirik. Həmin kitabda iki bulqar dövləti barədə də ayrı-ayrı fəsillərdə bəhs olunur. Biz bu kitabı ona görə yazmışıq ki, müasir türk xalqları bu dərslik üzrə tədris aparmaqla öz keçmişlərinin, əcdadlarının birliyini görsünlər və indi də öz aralarındakı birliyi möhkəmlətsinlər. Əgər inanmırsınızsa (atalar demişkən, «xain ürək xoflu olur») biz onun mətnini sizə göstərə də bilərik. Elə bu faktın özü də göstərir ki, kim həqiqi türkçüdür, kim yalançı türkçü. Bunu da bilin ki, cənab oxucuların “gözlərinə kül üfürən akademik”, Böyük Bulqar dövlətinin banisi və xaqanı Əsparuğ yox, onun atası Kubrat olmuşdur. Sonuncu 642-ci ildə öldükdən sonra Əsparuğ və qardaşı Batbay Böyük Bulqar Xaqanlığının ərazisini öz aralarında bölüşdürdülər. Göründüyü kimi, siz rusca oxuduqlarınızı da düzgün başa düşə bilmirsiniz.

Məqaləsinin başqa bir yerində isə Hacıyev yazır: «Qumilyov parfları türk etnosu bilir... Bəs bizə mötəbər ünvan kimi təqdim etdiyi Qumilyovla niyə razılaşmır?»

Əvvəla, L.Qumilyov heç vaxt belə şey yazmayıb və Hacıyev burada L.Qumilyova da böhtan atır. Çünki «Parfiya» adı «pəhləvi» sözünün qədim forması və Avropa variantıdır. Hacıyevin ixtisasına aid olan dilçilik lüğətlərində də «pəhləvi dili» termini ilə «orta fars dili» istilahı (fars dilinin tarixi üç mərhələyə - qədim, orta və yeni fars dili mərhələlərinə bölünür) sinonim kimi işlədilir (bax: «Böyük ensiklopedik lüğət». M., 1998, s. 374 və 491). İkinci, məgər biz öz kitabımızda bu məsələdən bəhs etmişikmi ki, belə şeyləri də deyək, ya yox. Üçüncü, belə şeylər yazmaq üçün adam nəinki hədsiz dərəcədə savadsız, həm də hədsiz dərəcədə abırsız-həyasız olmalıdır. Ona görə də bu, bizim işimiz deyil. Dördüncü, belə şeylər yazmaq bizim xalqa rüsvayçılıqdan başqa nə gətirə bilər? Düzdür, Hacıyevin şəxsi mənafeyi baxımından belə şeylər faydalıdır: o, məhz bu cür rüsvayçılıqlarla dolu kitablar yazmaqla qabağa gedə bilir. Ancaq bizim Şeyx Nəsrullahlıq etməyə ehtiyacımız yoxdur və biz həm özümüzün, həm də xalqımızın şərəf və ləyaqətini hər şeydən üstün tuturuq. Bütün yuxarıda deyilənlərdən də göründüyü kimi, Hacıyevin məqaləsinin adı da («Bilmədiklərini yox hesab edən «alim» haqqında iki kəlmə») sırf onun özünə aiddir. Bizə münasibətdə isə onun yazdıqları başdan ayağa böhtan və iftiradır. Ona görə də onun məqaləsini «Böhtannamə» adlandırmağa bizim tam haqqımız vardır.

Hacıyevin saxtakarlıqları və iftiraları bəzən sözün həqiqi mənasında ağlasığmaz dərəcələrə çatır. Adamı heyrət bürüyür ki, görəsən bu adamın vicdan, ləyaqət, mənəviyyat anlayışlarından xəbəri var, ya yox (görünür, onda bu anlayışlar da elə savadı səviyyəsindədir). Məsələn, onun uydurmalarından birinə əsasən guya biz yazmışıq ki, «əgər biz təmiz türk deyilik, qarışıq millətik desək, ermənilər bizi bağışlayar». Hacıyevin özü də başa düşür ki, bizim tərəfimizdən belə bir cəfəngiyatın yazılmasına oxucuları inandırmaq çətindir və ona görə də o, bu uydurmasını dırnağa alaraq, bizdən verilmiş sitat kimi təqdim edir. Elmdən danışmaq, sübut və dəlillər gətirmək, elmi prinsiplər əsasında və etik normalar çərçivəsində polemika aparmaq əvəzinə bazar söyüşlərindən tutmuş siyasi şantaja qədər hər bir hiyləyə əl atan bu adam bütün bu iyrənc oyunlarını yalançı vətənpərvərlik pərdəsi altında edir. Ancaq onun bütün «elmi» yaradıcılığı kimi, bu üsulları da orijinallığı ilə seçilmir. Bütün dünyada məlumdur ki, qeyri-qanuni yollarla hər hansı bir vəzifə tutmaq, yeni rütbələr almaq istəyən fırıldaqçılar ilk növbədə yalançı vətənpərvərlik üsullarından yararlanmağa çalışırlar. Məhz bu səbəbdən də hələ XIX əsrdə tanınmış Amerika politoloqlarından (təəssüf ki, onun adı yadımızda deyil) biri demişdir ki, «vətənpərvərlik yaramazların sonuncu sığınacaq yeridir». Onun başqa bir həmyerlisi isə bu aforistik fikri daha da təkmilləşdirərək demişdir: «Vətənpərəstlik yaramazların birinci sığınacaq yeridir».

Biz öz kitabımızda heç bir Azərbaycan tədqiqatçısının adını çəkmədiyimiz halda, Hacıyev öz məqaləsinin elə əvvəlində guya bizim tərəfimizdən təhqir olunmuş on beş alimin adını yazaraq, onları da bizə qarşı qoymağa çalışır. Bütün bunlar isə vaxtilə hopop və Şeyx Nəsrullahların qaraguruhu (bu söz qeyd edilən on beş alimə aid deyildir) xalqı ayıltmağa, tərəqqiyə yönəltməyə çalışan Sabirə və Mirzə Cəlilə qarşı qaldırmaq üçün istifadə etdikləri üsullardan başqa bir şey deyildir.

Bunu da qeyd etmək lazımdır ki, realist «Molla Nəsrəddin»çilər o zaman romantik «Füyuzat»çıları da tənqid edirdilər ki, quru pafosdan başqa heç nə olmayan «böyük keçmiş» söhbətləri ilə onlar xalqın «başının altına yastıq qoyur» və xalqı ağır vəziyyətdən çıxmağın real yollarından uzaqlaşdırırlar. Ancaq bu qruplar arasındakı ziddiyyət heç də barışmaz səciyyə daşımırdı və «Füyuzat»çılar heç vaxt «Molla Nəsrəddin»çiləri «xalqın və dinin düşməni» adlandırmırdılar.

Sovet rejiminin prinsiplərini indiyədək öz beynində və qanında yaşadan Hacıyev həmçinin bizə qarşı kompaniyaya başlamaq məqsədilə bizim kitabın müxtəlif təşkilatlarda – «orta və ali məktəblərdə, radio və televiziyalarda, birinci növbədə, məhz AMEA-da müzakirəsini» də «tələb edir». Biz bu «tələblə» tamamilə razıyıq, ancaq bir şərtlə: bizim kitabla yanaşı onun məqaləsi də müzakirə edilsin və bütün yuxarıda göstərilən və göstərilməyən iftira və saxtakarlıqlar yoxlanılsın. Qoy müzakirə iştirakçılarının özləri kimin fırıldaqçı və şarlatan olmasını müəyyənləşdirsinlər və onun üzünə tüpürsünlər.

Hacıyev öz «Böhtannamə»sində müxtəlif dövlət orqanlarının adını çəkməklə də bizi hədələyir. Buna cavab olaraq deməliyik ki, hələ bir neçə il bundan əvvəl bizim barəmizdə Təhlükəsizlik nazirliyinə danos yazılmışdı. Ancaq, şükür ki, daha 37-ci il deyil və bizim təhlükəsizlik orqanlarında sağlamdüşüncəli insanlar çalışırlar. Onlar bizi hörmətlə yola salaraq dedilər ki, «biz sizin kimi alimlə tanış olmağa çox şad olduq. Bunlar axmaq adamlardır. Siz onlara fikir verməyin, öz işinizlə məşğul olun».

Göründüyü kimi, Hacıyevin iftira və böhtanları o dərəcəyə çatır ki, çox vaxt bütün bunların insan işi, yoxsa şeytan əməli olduğunu başa düşmək olmur. Cənab professor, əgər siz özünüzü alim hesab edirsinizsə, bu üsullardan əl çəkib, kəndxuda çomağını yerə qoyub, vicdanla, ləyaqətlə, mədəniyyətlə elmi mübahisə aparın. Əgər savadınız, elmi səviyyəniz buna imkan vermirsə, onda, heç olmazsa, susun. Yox, əgər doğrudan da siz belə hesab edirsiniz ki, sizin və «Böhtannamə»nizdə istinad etdiyiniz həmkarlarınız tərəfindən «samovar» metodu əsasında yazılmış yazılar Qarabağ məsələsinin həllində bu qədər vacib əhəmiyyətə malikdir və buna görə də sizin yalançı metodu tənqid edənləri «erməni», «antitürk» adlandırmaq lazımdır, onda bəs nəyə görə bu barədə yazdıqlarınız çoxsaylı «cahanşümul» əsərlərinizdən heç birini indiyədək heç bir xarici dildə, hətta rus dilində belə çap etdirməmisiniz? Axı bu cür «mühüm», “ermənilərin belini sındıran” kitablar məhz xaricdə ermənilərin yalançı təbliğatını ifşa etmək üçün lazımdır (ermənilərin yalan danışdıqlarını Azərbaycanda onsuz da hamı bilir). Ona görə tərcümə etdirib yaymırsınız ki, siz özünüz də çox yaxşı bilirsiniz ki, sizin bu yazılarınız, danışıq dili ilə desək, “adam içərisinə çıxarılası” şeylər deyildir və xaricdə onlar rüsvayçılıqdan başqa heç bir nəticə verə bilməz. Onlar əsərlərinizin sayını artırmaq və savadsız kütlə arasında yalançı imic qazanmaq üçün yalnız sizin özünüzə lazımdır. Məhz buna görə də biz yazmışdıq ki, xaricdə ermənilərin cavabını vermək üçün ən səmərəli üsullardan biri bizim qədim tariximiz və əcdadlarımız barədə düzgün məlumat verən və avropalıların öz alimləri tərəfindən öz dillərində yazılmış kitab və ensiklopediyalardan istifadə etməkdir. Siz isə buna etiraz etmisiniz. Bəs özünüz bizim xalqa həqiqətən də lazım olan kitabları yaza bilmirsinizsə, bunları etməyə qadir olan alimlərimizə niyə böhtan atırsınız, ey «milli təfəkkürlü ziyalı». Deyə bilərsinizmi sizin «evdə xoruz, çöldə fərə» prinsipinə və «samovar» metoduna əsaslanan fəaliyyətiniz indiyədək xalqımıza hansı konkret faydanı gətirmişdir? Əgər deyə bilmirsinizsə, bəs onda sizin kimi elmin inkişafına əngəl olan, həqiqi alimlərə, həqiqi vətənpərvərlərə böhtan atan «milli akademik» bizim xalqın nəyinə gərəkdir? Bəlkə erməni dostlarınızdan belə tapşırıqlar almısınız? Çünki 37-ci ildə NKVD-də olan ermənilər də bizim qabaqcıl ziyalılara qarşı məhz bu metoddan istifadə edirdilər. Əgər siz bir də belə iyrənc və ləyaqətsiz üsullara, iftira və saxtakarlığa əl ataraq, «Böhtannamə»lər yazsanız, biz sizin ləyaqətsiz oyunlara baş qoşmayaraq, türkçülüklə bağlı olmayan kitablarınızdan gülünc və anekdot səciyyəli «kəşflərinizi» seçib, «T.Hacıyevin kəşfləri izah və şərhlərlə» başlığı altında məqalələr silsiləsi dərc etdirəcəyik ki, oxucular onları oxuyub, doyunca gülsünlər. Çünki sizin əsərlərinizin xalq üçün yeganə faydası ancaq bu ola bilər. Digər tərəfdən isə, bundan sonra onsuz da sizə daha heç kəs inanmayacaqdır və hər kəs (hətta “ölülər” də) biləcək ki, sizin yazdıqlarınızın hamısı yalan, iftira və cəfəngiyyatdır. Ona görə də özünüzə əziyyət verməyə dəyməz. Düzgün yazmağı öyrənmək isə daha sizin üçün gecdir. Özünüzün də yazdığınız kimi, “yəqin ki, məşhur məsəl yadınıza düşür...”. Bunu da nəzərə alın ki, bu dəfə bütün simanızı açıb göstərmək istəmədik.

Başqa alimlər tərəfindən qorqudşünaslıq və ümumiyyətlə, türkologiyaya gətirilən yeniliklərə Hacıyevin həsəd aparması, savadlı tədqiqatçılara qısqanclıqla yanaşması də yersizdir: birinci ona görə ki, heç həqiqi alimlərin əldə edə bilmədikləri elmi rütbələri və vəzifələri o, yalançı elm, demoqogiya və şantaj yolu ilə çoxdan əldə edibdir. İkincisi isə, onda elmi təfəkkürün olmamasına görə günahkar bu alimlər yox, o özüdür; fikrimizcə o, demoqogiya və şantaj sahəsindəki istedadını o qədər inkişaf etdirib ki, bu sonuncu onun beynində elmi təfəkkürün yerini də tutubdur.

Elm adından danışmağa o adamın haqqı çata bilər ki, o, heç olmazsa, elmi üslubda, elmi dildə yazmağı bacarsın. Hacıyevin əsərləri ilə az-çox tanışlığı olan hər bir adam bilir ki, onun bütün kitabları və məqalələri publisistik dildə, publisistik üslubda yazılmışdır. Bu isə təsadüfi deyil: dil üslub və təfəkkür tərzinin yazıda inikasıdır. Bu sonuncu isə onun göstəricisidir ki, Hacıyevin düşüncə tərzinin özü elmi yox, publisistik düşüncə tərzidir. Publisist isə yalnız öz şəxsi, subyektiv fikrini söyləyə bilər, çünki o, obyektiv elmi həqiqətləri aramaq üçün lazım olan elmi prinsipləri bilmir və müxtəlif elm sahələri üzrə mənbələrlə və elmi fikirlərlə də lazımi səviyyədə tanış deyil. Ona görə publisistik üslubda yazan şəxs elm adından danışmağa da iddia etməməlidir. Publisistik janrda elmə baş vurulması isə istər-istəməz «samovar» metoduna gətirib çıxarır. Ancaq publisist, heç olmazsa, lazımi mənəvi keyfiyyətlərə də malik olmalıdır ki, populist fikirlərini elmi fikir kimi qələmə verməsin, öz yerini bilsin və alimlərlə elmi mübahisəyə girişməsin. İddialı Hacıyevlər isə bunun əksinə hərəkət edərək, öz fəaliyyətlərini «anam mənə kor deyib, gəlib-gedəni vur deyib» prinsipi əsasında qururlar. Buna görə də onların alimlərlə elmi mübahisədə yeganə silahı böhtan və şantaja əsaslanan kəndxuda çomağından, söyüş və təhqirdən ibarət olur.

Hacıyev «Böhtannamə»sində yenə öz adını bizə qoyaraq, yazır: «Bəs K. Allahyarov haranın alimi olub ki, tarixçilərə tarix öyrədir, dilçilərə dil ailələri haqqında dərs deyir, folklorşünaslara folklor nəzəriyyəsini və mifi başa salır».

Cənab akademik, biz alimləri öyrətmək fikrində deyilik. Sizin kimi tələbəyə dərs verməyin isə xeyri yoxdur: siz başqa sahənin adamısınız və beyninizdəkilər də elm yox, tamamilə başqa şeylərdir. Ancaq bunu düzgün tutmusunuz ki, biz çoxsahəli tədqiqatçıyıq. Təvazökarlıqdan uzaq olsa da, deməyə məcburuq ki, biz bilavasitə ixtisasımız olan Azərbaycan ədəbiyyatı və folkloru, fars dili və ədəbiyyatı ixtisaslarından əlavə, qədim dünya tarixi, qədim türk xalqlarının tarix və mədəniyyəti, mifologiya və dinşünaslıq, dilçilik, etnologiya, kulturologiya və s. sahələrdə də özümüzü səlahiyyətli hesab edirik. Siz isə, yuxarıda qeyd edilən konkret faktlardan da göründüyü kimi, heç öz ixtisasınızı da bilmirsiniz.

Biz yuxarıda yalançı elmin nə qədər gülünc və xalqın gələcəyi üçün nə qədər zərərli olmasını göstərdik. Sözsüz ki, müəyyən dövrdən sonra bütün belə hoqqabazlıqlar keçib gedəcək və qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanın humanitar elmlərində də həqiqi akademik elm öz sözünü deyəcəkdir. İndi yazılan yalançı kitablar da o zaman tarixin küllüyünə atılacaqdır. Ancaq belə kitab və məqalələrin yazılmasına nə qədər dövlət vəsaiti, insan qüvvəsi sərf olunur. Yaxşı olmazmı ki, biz indidən həmin vəsaiti xalqımızın gələcəyi üçün son dərəcə gərəkli olan həqiqi elmin inkişafına sərf edək? Sözsüz ki, asan yolla elmi rütbələr və vəzifələr əldə etmək naminə geniş yayılmış yalançı elmin qarşısını yalnız Ali Attestasiya Komissiyası ala bilər. Ancaq, nə qədər gülünc və qəribə görünsə də, bir neçə vəzifəsi olan T. Hacıyev burada da humanitar elmlər üzrə dissertasiya işlərinin ekspertizası komissiyasının sədridir. Onun başqa vəzifələrinə bizim heç bir etirazımız yoxdur. Ancaq AAK-da ekspert komissiyasının sədri üçün tələb olunan obyektivlik, yüksək savad və ədalət göstəricilərinin Hacıyevdə hansı səviyyədə olmasını biz yuxarıda çox əyani, dəqiq və konkret faktlar əsasında gördük. Belə adamın AAK-da alimlərin dissertasiyalarının ekspertizasını aparması faktının özü anektod deyilmi? Əgər Hacıyevin savadlı adamlara qarşı olan allergiyasını da nəzərə alsaq, onda tamamilə aydın olacaqdır ki, bu adam yalançı elmə əsaslanan dissertasiya işlərinə müsbət rəy verib, həqiqi elmi əsaslar üzrə yazılanları isə rədd edəcəkdir. Belə halda elm və təhsil sistemində olan onsuz da xoşagəlməz vəziyyət başabəla alimlərin göbələk kimi daha da çoxalması nəticəsində faciəyə çevrilməyəcəkmi? Biz xalq və dövlət qarşısında öz vəzifəmizi yerinə yetirib, vəziyyətin nə yerdə olduğunu açıb göstərdik. Bu barədə düşünmək və müvafiq tədbirlər görmək üçün isə məsuliyyət AAK-ın rəhbərliyinin və digər müvafiq dövlət qrumlarının üzərinə düşür. Böyük türk şairi Cəlaləddin Rumi nahaq yerə deməmişdir ki, «pələngin iti dişlərinə mərhəmət göstərmək günahsız otyeyənlərə zülm etmək deməkdir».

Cənab professor, siz istəyirsiniz ki, öz şəxsi mənafeyiniz naminə xalq mənafeyini tapdalamağınıza nəinki hamı göz yumsun, hətta sizə «elmin Koroğlusu», «xalqın qoruyucusu» kimi ehtiram da göstərsinlər. Ancaq bu, Sabirin, Mirzə Cəlilin davamçıları üçün qəbuledilməz prinsipdir. Əgər qəbuledilən olsaydı, onda Mirzə Cəlilin özü Şeyx Nəsrullah, Xudayar bəy, Qurbanəli bəy kimi obrazları yaratmazdı. Biz isə məqaləni kitabımızın birinci fəslinin əvvəlində başqa bir böyük sələfimizdən gətirdiyimiz epiqrafla bitiririk:

Niyə bəs böylə bərəldirsən, a qarə, gözünü,
Yoxsa bu ayinədə əyri görürsən özünü?